“Abşeron A1” MTK vətəndaşları dövlətdən narazı salır…- MTK-nın rəhbərləri Bakir Babayev və Ehtiram Zeynalovun “oyunu”..
Banklar və MTK-lar bir gün cəmiyyəti üz-üzə qoyacaq…
MTK 1 mənzili bir neçə şəxsə satıb…
MTK-nın sahiblərindən biri Ehtiram Zeynalovun oğlu Kamran bəyin OLİQARX həyatı…
Sözün düzü, Azərbaycan cəmiyyətində iki ciddi problem özünü ciddi şəkildə göstərir.
Birincisi, banklar əhalini yüksək faizlə az qala istismar, işğal altında saxlayıb. Dünyanın heç bir yerində belə bank sistemi yoxdur.
İkinci və ən təhlükəli problem Mənzil Tikinti Kooperativlərinin ( MTK ) minlərlə vətəndaş üçün yaratdığı problemdir.
Bu yazının mövzusu qanunsuz MTK-ların vətəndaşların başına açdığı oyunlardır.
Vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, bir mənzilin bir neçə nəfərə satılmasından hər yerə şikayət etsələr də nəticə olmur.
Belə şirkətlərdən biri də “Abşeron A1” Mənzil Tikinti Kooperativi (MTK) – sonralar “Kooperativ” adlandırılan şirkətdir. Bu qurumla bağlı onlarla vətəndaş şikayəti var ki, bunların da əksəriyyətini tikinti şirkətinin vətəndaşın ödənişi tam etməsinə baxmayaraq onu mənzillə təmin etməsindən imtina etməsi təşkil edir. “Abşeron A1” MTK-nın yaratdığı problemlə üzləşən vətəndaş deyir ki, “Kooperativ”in Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasından 2 otaqlı mənzil alıb və qiymətini (50 000) şirkətə tam ödəyib. Vətəndaşla bağlanan müqavilədə MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adı qeyd olunub.
Vətəndaş isə deyir ki, ona mənzili şirkətin əsas iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalov satıb və bundan bir ay sonra – 07.02.2019-cu il tarixdə mənzili Ruhiyyə Ağamməd qızı Vahidovaya satıb. Şirkət müqaviləni yeniləyib və buna görə şikayətçi vətəndaş sənədləşmə üçün də şirkətə 1500 manat pul ödəyib.
Vətəndaş deyir ki, 2019-cu ilin dekabrında MTK mənzili satdığı şəxsi – Ucar rayon Qazyan kənd sakini Ruhiyyə Vahidovanı çağıraraq, müqavilədə düzəliş adı ilə sənədi saxtalaşdırıb: “Dekabrda Ruhiyyə Vahidovanı çağırıblar ki, müqaviləni də götürüb gəl və mənzilini təmirə başla. Ruhiyyə Vahidova MTK-ya gedəndən sonra deyiblər ki, bu müqavilə oxunmur, gəl yenisini verək. Müqavilənin əslini alıb saxtalaşdırıblar, o da bilmədən imzalayıb. Dəyişdirilmiş müqavilədə isə göstəriblər ki, guya mən mənzillə bağlı öhdəlik götürmüşəm, bunlara mal-material, armatur verməliyəm. Halbuki mən evin bütün pulunu ödəmişəm və sonra satmışam, sənədləşməyə də 1500 manat pul ödəmişəm”.
Şikayətçi deyir ki, bundan sonra şirkətin rəhbər şəxsləri – iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalovla görüşüb, şirkətə heç bir borcu olmadığını deyib: “Mən Ehtiram Zeynalov və Bakir Babayevlə görüşdüm. Onlara vəziyyəti izah etdim. Dedilər ki, evin pulunu ödədiyin şəxsi çağır, gətir, aydınlaşdıraq. Həmin şəxs – MTK-nın işçisi də gəlib pulu aldığını və Hikmət Rəhimovun şirkətə heç bir borcu olmadığını dedi. Amma şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina etdi”.
Deməli, eyni mənzilin sahibi olan 2 nəfər axırda məcbur olub Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirlər: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Dedilər ki, siz ilk adam deyilsiniz, onlarla sizin kimi şikayətçi var və şirkətlə bağlı cinayət işi açılıb. Hazırda məsələ araşdırılır”.
Doğrudan da, “Abşeron A1” MTK bu günədək xeyli sayda vətəndaşı aldadıb, bir mənzili bir neçə nəfərə satıb.
Bir müddət əvvəl “Abşeron A1” MTK demək olar ki, eyni üsulla ödənişini tam halda etmiş Əliyev Axund Nəsrəddin oğluna da Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədəki 14 saylı 2 otaqlı sahəsi 90,25 kv.m mənzili verməkdən boyun qaçırmışdır. O zaman da şirkət məhkəmələr yolu ilə vaxt udmağa çalışsa da bütün məhkəmələrdə iddialarına rədd cavabı verilmişdir.
Mediada yazılanlardan bəlli olur ki, müqavilədə “Abşeron A1” kimi qeydə alınan MTK Vergilər Nazirliyində həm də “Kooperativ” adı ilə qeydiyyatdadır. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi isə Dadaşov Əbülfət Ələsgər oğludur.
“Abşeron A1” MTK-nın sahibi Ağamoğlan Duman oğlu Ağayevin 3100676461 nömrəli VÖEN şahadətnaməsi ilə Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılıb.
Vətəndaşların narazılığına səbəb olan Ehtiram Zeynalovun oğlu Kamranbəy Zeynallı atasının pullarının hesabına əsl oliqarx həyatı yaşayır.
Bu barədə növbəti yazıda.
Yazida başqa saytların materiallarından istifadə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.