Son vaxtlar "Kristal Abşeron” tikinti şirkəti mənzil almaq istəyənlərin şərtləri öyrənmək üçün getdiyi ünvanlardan biri olub.
Lakin bu şirkətə gedib qiymətləri öyrənənlər depresiyaya düşürlər. Çoxları mövcud maaşaları ilə heç vaxt ev ala bilməyəcəklərini düşünüb ümidsizliyə qapılırlar.
"Bu şirkət, tək şəxsiyyət vəsiqəsi ilə, 20 illik ipoteka və tam təmirli adı ilə yüksək qiymətlərini gizlədir. Aylıq ödəniş çox yüksəkdir. Üstəlik binaları da hazır deyil”,- şirkətin ofisində olmuş alıcılardan biri "Marja”ya bildirdi.
Digər bir çox tikinti şirkətlərində olduğu kimi, "Kristal Abşeron”un timsalında qiymətlərə baxdıqda mənzillərin əlçatan olmadığı görünür. Eni və uzunu 1 m olan bir sahənin qiyməti 1000 manatdan yuxarıdır, kreditin aylığı da bu məbləğ ətrafındadır.
Mənzil 2 qat baha başa gəlir
Araşdırmamız zamanı məlum oldu ki, "Kristal Abşeron” şirkətindən 20 illik ipoteka ilə mənzil aldıqda, mənzil alıcıya ən azı ikiqat baha başa gəlir. Bu da alıcılarda narazılıq doğurur. Onlar haqlıdırlar, orta aylıq əmək haqqının 460 manat olduğu bir ölkədə, şəhər kənarında mənzilin 1 kavdrat metri 1700 manatdan yuxarı qiymətlərə təklif olunur. Normal 2-3 otaqlı mənzili 20 illik ipoteka ilə aldıqda isə aylıq ödəniş 600 -1500 manat civarında olur. Bəlkə, "Kristal Abşeron” şirkəti bu qiymətlərin ədalətli olduğunu müdafiə edə bilər. Amma bir çox alıcılar hesab edir ki, "Kristal Abşeron” şirkətindən asılı olan və olmayan səbəblərə görə, bu qiymətlər həddindən artıq yüksəkdir. Müqayisə üçün, qonşu Gürcüstanda , hətta Ukraynada qiymətlər "Kristal Abşeron”un qiymətlərindən xeyli aşağıdır. Bakıda qiymətləri yüksək olan şirkət təkcə "Kristal Abşeron” deyil. "Melisa Park” yaşayış kompleksində də qiymətlər "od tutub yanır”.
Məsələn, Xırdalan şəhərində "Kristal Abşeron” şirkəti 12-15 ay sonra təhvil veriləcək binada 2 otaqlı 59.5 kv.m mənzili (təmirli təhvil veriləcək) ilkin ödənişsiz, 20 illik, aylıq 619 manat ödənişlə satır. Bu o deməkdir ki, 2 otaqlı mənzil alıcıya 20 ilin sonunda təxminən 149 min manat başa gələcəkdir (240 ay x 619 manat = 148560). Halbuki, nağd qiymətə Xırdalanda yaxşı təmirli 2 otaqlı evi 70-75 min manata almaq mümkündür.
"Kristal Abşeron” Xırdalanda tam təmirli 12 aya hazır olacaq binalarda mənzilin 1 kv.m-ni 1165-1260 manatdan təklif edir (otaq sayından, layihədən və binadan aslı olaraq qiymət dəyişir). Qeyd edək ki, Xırdalanda digər tikinti şirkətlərində təmirsiz mənzilin kvadrat metrinin orta qiyməti 700 manatdır. Bu onu göstərir ki, "Kristal Abşeron” "tam təmir” adı altında alıcıdan hər kvadrata görə, əlavə 560 manatadək pul alır.
"Kristal Abşeron” Xırdalanda 3 otaqlı tam təmirli 82.5 kv.m mənzili 20 illik, aylıq 840 manat aylıq ödənişlə təklif edir. Bu o deməkdir ki, yekunda bu mənzil alıcıya 201 min manatdan baha başa gələcəkdir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-15 ay müddətinə təhvil verilir.
Ümumiyyətlə, bir çoxları mənzilin 20 illik ipoteka ilə baha çıxmasına normal baxırlar və onlar bunu pulun "zaman dəyri” ilə əlaqələndirirlər. Əslində, mənzillərin baha olması ipoteka ilə əlaqədar deyil, daha çox 1 kvadrat metrinin qiymətinin yüksək olması ilə bağlıdır. Məsələn, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu metro stansiyaları ətrafından təmirli mənzili 1 kvadrat metri 1200 manatdan almaq mümkündür. İstəyənlər əmlak saytlarına da baxa bilərlər.
"Kristal Abşeron”da qiymətlər isə çox yüksəkdir. "Kristal Abşeron”, Biləcəridə tikdiyi binada mənzilin 1 kvadrat metrini 1404 manata, M.Əcəmidə 1850 manata, Qara Qarayev metrosu yaxınlığında 1700 manata, Bayılda 1679 manata satır. Bu qiymətlər az qala şəhərin mərkəzində tikilən lüks yaşayış komplekslərinin qiymətləri ilə eynidir.
Devalvasiyadan sonra "keyfiyyətli xarici istehsal olan materiallardan istifadə edirik ” deyərək qiymətləri qaldıran bu şirkət, indi alıcı tapmaqda çətinlik çəkir. Şirkət son zamanlar 4,5% effektiv faizi qabardaraq alıcı cəlb etməyə çalışır. Amma müşahidələrimiz göstərir ki, şirkətin alıcıları kəskin azalıb. 2 otaqlı mənzil şirkətin Günəşlidə tikdiyi binada aylıq 767 manat ödənişlə (240 ay) satılır. Günəşlidə 5 ay sonra hazır olacaq binada mənzilin 1 kvadrat metri 1577 manatdır.
Reklamları yalandır
"Kristal Abşeron”ın ofislərində olanlar bildirirlər ki, bu şirkət alıcıları reklamları vasitəsilə aldadır. "Reklamda başqa bir şey deyirlər, ofisə gedirsən başqa bir şey. Qiymətləri od tutub yanır”.
Bəzi məlumatlı alıcılar bildirirlər ki, "Kristal Abşeron”un 20 illik kreditində aylıq ödəniş, Bakının bəzi ərazilərində mənzilləri 5 illik kreditlə satan şirkətlərin aylıq ödənişlərindən belə yüksəkdir:
"Heç məsləhət görməzdim. Pulunuz varsa, gedin şəhərin mərkəzində ev alın. "Kristal Abşeron”a ödənilən pula şəhərdə super təmirli ev almaq olar. Biz Xırdalanda 3 otaqlı, 80 kvadrat metrlik danışmağa getmişdik. 20 min manat ilkin ödəniş etmək fikrimiz var idi, halbuki aylıq ödəniş 10-12 min manat arası idi. Aylıq gəldi çıxdı 950 manata, 20 illik. Bura pulu verincə, gedib Yasamalda 10 min ilkin ödəniş verib, super təmirli, aylığı 1000 manata ev alaram. Xırdalandakı mənzilə o qədər pulu nə üçün verim?! Kvadratını 1500 manata satırlar. Çox bahadı. Reklamda başqa bir şey, ofisdə başqa bir şey deyirlər. Sonra dedik ki, 58 kv.m-lik mənzilə baxaq. Dedilər ki, aylıq 550 manat ödəniş edəcəksiniz. Bu halda mənzil gəlib çıxr 130 min manata”.
Yaşayış sahəsi kiçikdir
"Kristal Abşeron”da olmuş alıcılar bildirirlər ki, "Kristal Abşeron”un 58 kvadrat metr sahəsi olduğu dediyi mənzil, bəzi şirkətlərin 45 kvadrat metrlik mənzilindən kiçikdir. Bu, mənzilin sahəsinin çöldən-çölə hesablanması və şaxtanın da kvadrata daxil edilməsi ilə bağlı ola bilər.
Ustalar bildirirlər ki, 15-20 min manata 2-3 otaqlı mənzili super təmir etdirmək olar. "Kristal Abşeron”un "tam təmirli” tələsinə düşüb, 20 il çabalamaqdansa, 5 illik kreditlə "podmayak” mənzili alıb təmir etdirmək daha sərfəlidir.
Binalar gec təhvil verilir, təmir keyfiyyətsiz aparılır
"Kristal Abşeron” barədə digər bir şikayət binaları söz verdikləri vaxtda tikib təhvil verməmələri və təmirin keyfiyyətsiz olması ilə bağlıdır:
"11-ci binanı Avqustun əvvəlində söz vermişdilər, Sonra Sentyabrın sonuna, daha sonra oktyabrın sonuna söz verdilər. Deyirlər ki, iş icraçısına "beşdən üçdən” verirsən mənzilini tez təhvil verir”.
Ümumiyyətlə, Azərbaycanda tikinti sektoru qanunsuzluğun ən çox qeydə alındığı, müştərilərin aldadıldığı sektorlara başçılıq edir. İmkan verməyin ki, bir sıra işbazlar sizin əlacsızlığınızdan, imkansızlığınızdan və məlumatsızlığınızdan istifadə edib qaz vurub qazan doldursunlar. (Marja.az)
AzerTaym.az