İmkanlı azərbaycanlıların xaricdə aldığı evlər... (ARAŞDIRMA)
Məsələn, Bakının 8-ci km ərazisində orta hesabla bir otaqlı mənzilin qiyməti 65 min, 2 otaqlı 80-85 min, 3 otaqlı mənzillərin qiyməti isə 120-160 min manat təşkil edir.
Digər bir misal: Bakının kənar hissəsi hesab olunan Əhmədli və Günəşlidə bir otaqlı evlərin qiyməti 50-55 min manatdan aşağı deyil. Mikrorayonlarda isə birotaqlı evlərin qiyməti 60 min manatdan başlayır. Yeni tikilən binalarda evlərin bir kvadrat metri 750-850 manat arasında dəyişir.
Şəhərin mərkəzi hissəsinə doğu gəldikcə isə bu qiymətlər xeyli artır. Hətta şəhərin mərkəzində 1 kvardat metri 4000 manata olan mənzillər də var.
Məhz bu bahalığa görə xaricdə mənzil alan azərbaycanlıların sayı durmadan artır. Bir sözlə, xaricdə daşınmaz əmlak almaq həmyerlilərimiz arasında dəb halını alıb.
Bir il bundan öncəyə kimi azərbaycanlılar Türkiyədə daşınmaz əmlak almağa daha çox maraq göstərirdilər. İndi isə Qərbə daha çox axın hiss olunur.
Bu da səbəbsiz deyil. Ekspertlərin fikrincə, Azərbaycanda elə yerlər var ki, orada bir evin qiymətinə xaricdə iki mənzil almaq olar.
İnternet vasitəsilə qısa araşdırmamız da bunu deməyə əsas verdi. Məlum oldu ki, Azərbaycanda torpağın bir sotunu 30 000 minə almaq olursa, eyni qiymətə Türkiyədə mənzil almaq mümkündür.
Əgər Azərbaycanda heç bir təmiri olmayan 3 otaqlı mənzil nə az, nə çox 120-160 min manatdırsa, Litvada orta təmirli 3 otaqlı, bütün sənədləri qaydasında olan mənzili 110 min manata almaq olar. Eləcə də Almaniyanın Essen şəhərində orta təmirli 2 otaqlı mənzil 54 min manat, qonşu İstanbulda 30-43 min 600 manata təklif olunur.
Çernoqoriyada 1639 kvmetr çimərlik, yaxtalar və qayıqlar üçün xüsusi tuneli olan torpaq sahəsini 820 000 manata almaq mümkündür. Estoniyanın Tallin şəhərində yay mövsümündə istirahət etmək üçün 4,17 ha torpaq sahəsində 308 kvmetr əsas binası, 2 qaraji, bağlı otağı, 10 əlavə kempinqi, böyük futbol meydanı, hovuzu, su quyusu ilə birlikdə 159 000 manata almaq olar.
Qonşu Türkiyədə də mənzillərin qiyməti Azərbaycanla müqayisəyə gəlməz dərəcədə ucuzdur. Belə ki, Türkiyənin Avropa hissəsində yaşayış kompleksində 30000, Türkiyənin məşhur istirahət məkanı Quş Adasında 3 otaqlı mənzil 160000, Antaliyada 55900, İstanbulun Sultanahmet küçəsində 4 mərtəbəli bina isə 150.00.000 manata satışa çıxarılıb.
Təbii ki, Türkiyədə daha bahalı villalardan ibarət şəhərçiklərdə də azərbaycanlılar mülk almaq üçün müracitə edirlər.
Məsələn, Türkiyədə 45 milyon dollara başa gələn “Valle Lacus” adlı şəhərcikdə villaların qiyməti 1,5 – 1,8 milyon dollar arasında dəyişir. Şəhərciyin tikinti ortaqlarından biri etiraf edib ki, villaları almaq üçün daha çox müraciəti ərəblər və azərbaycanlılar edir.
Ərəblər adətən 150-250 kvadratmetr sahəsi olan 2 və 3 otaqlı rahat mənzillərə maraq göstərir. Azərbaycan və Rusiyadan gələnlər isə daha geniş və çoxotaqlı, rahat və lüks şəraitli evlər almaq istəyir.
Bəlkə də dünyanın yarısının tanımadığı ərazilərdə belə, mənzil almağa can atan azərbaycanlılar var. Onların da bu ölkələrə üz tutmalarının səbəbi heç də ekzotika yaşamaq yox, qiymətlərin ucuzluğudur.
Məlumat üçün qeyd edək ki, çoxumuzun adını belə eşitmədiyimiz Antiqua və Barbudada lüks şəraiti olan mənzil 447000 dollardır. Bu tipli evlər Avstraliyada 254 850 avro, Albaniyada dəniz kənarında evə sahib olmaq istəyənlər 29 435 avro ödəməlidirlər.
Yunanıstanda 131 kvmetrlik villa isə nə az, nə çox 425 000 avrodur. Misirdə də mənzil almaq çox asanlaşıb. Ölkənin ən gözəl istirahət məkanı olan Şarma-əl-Şeyxdə 65000-ə çox rahat ev almaq olar. Araşdırmalar zamanı məlum olub ki, bu ölkədə də azərbaycanlılara məxsus çoxlu sayda mülk qeydiyyatdan keçib.
Azərbaycanlılar üçün okeanın o tayında da ev almaq imkanı var. Belə ki, internet vasitəsilə Kanadanın paytaxtında mənzil sahibi olmaq çox asandır. Qiymətlər isə yenə də Azərbaycandan dəfələrlə ucuzdur. Ümumi sahəsi 400 kvmetr olan, 3 yataq, 2 qonaq, mətbəx otağı, 3 maşınlıq qarajılı evi 185 500 dollara almaq olar.
Bir sözlə, xaricdə əmlak almaq üçün hər cür şərait var. Bircə qalır cibində lazımı qədər pulun olsun.