“Neftçi” MTK şefinin açıq dələduzluğu ...
Əsasən Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri üçün inşa edilən binanın sakinləri ödənişlərini bitirsələr də mənzillərini özəlləşdirib çıxarış ala bilmirlər.
AzerTaym.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə ilk dəfə Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Bildirib ki, binanı inşa edən “Neftçi” MTK-nın yeni rəhbəri sakinləri müqavilələri dəyişməyə məcbur edir. Səbəbi isə vaxtilə onlardan əlavə sahələrə görə ödəniş alınması olub:
“SOCAR -n öz işçiləri üçün tikdirdiyi kooperativ binada mənzillər özəlləşdirilərkən “Neftçi” MTK -nın icraçı direktoru Azər Səfərli lazımı sənədləri əvvəlki müqavilənin ləğv olunub yenisi ilə əvəzləndirildikdən sonra verəcəyini bildirib. Bir müddət öncə bildirdiyim kimi, əvvəl bağlanılmış müqaviləyə əsasən mənzillər neftçilərə satılarkən satış sahəsinə nəinki mənzillərin arakəsmə divarları, hətta bloka girişin, blokun, liftin və pilləkənlərin də sahəsi daxil edilmişdi. Bu halda mənzil alan hər bir işçi 25 kvadratmetr artıq sahəyə pul ödəməli olub. Və bildiyim qədər neftçilərdən əlavə sahəyə görə ödənilmiş pullar isə geri qaytarılmayıb. Düşünürəm ki, özəlləşdirmə sənədləri hazırlayan neftçilər qeyd etdiyim problemi məhkəmə yolu ilə həll etməlidirlər.Yaxud, alınmış artıq vəsait neftçiyə qaytarıldıqdan sonra müqavilə təzələnə bilər”.
Problemi aydınlaşdırmaq üçün həmin sakinlərin fikirlərini öyrənməyə çalışdıq. Onlardan biri – Natiq Orucov Gununsesi.info-ya açıqlamasında MTK rəhbərliyinin təzyiqi ilə üzləşdiyini deyib:
“1992-ci ildən Dövlət Neft Şirkətində çalışıram. Müharibə veteranıyam. 1997-ci ildə mənzil növbəsinə dayanmışdım. 2010-cu ildə şirkətin pulsuz mənzil tikintisinin dayandırdılar. Bununla bağlı qərar verilməsini görüb mən məcburiyyət qarşısında SOCAR-ın tərkibində olan “Neftçi” MTK-ya müraciət etdim və Badamdar qəsəbəsində MTK-nın inşa etdiyi binadan 3 otaqlı mənzil almaq üçün növbəyə yazıldım.
2010-cu ildə müqavilə bağladıq. O zaman mənzilin qiyməti 72 min manat göstərilmişdi. Sonradan MTK-nın əvvəlki rəhbəri Elman müəllim bizə bildirdi ki, mənzilin qiyməti 12 min manat qalxır. Əvəzində mətbəxə bir ədəd şkaf qoyurlar. Həmin şkafın qiymətini 12 min manat edirlər. 2011-ci ilin yanvarında yenidən müqavilə dəyişdirildi və bizim mənzilin dəyəri 84 min manat oldu. Müqaviləyə əsasən, mən bankdan kreditlər götürdüm və digər vəsaitlərlə aybaya mənzilin pulunu ödədim. Hətta müqavilədə belə göstərilmişdi ki, mənzilin dəyəri MTK-ya tam ödənildikdən sonra həmin mənzil üzərində mülkiyyət hüququ payçıya, yəni mənzilin sahibinə keçir”.
Mənzilin pulunu tam ödədikdən sonra N.Orucov sənədləri “Neftçi” MTK-ya təqdim edərək çıxarış almaq istədiyini bildirb. Eyni vaxtda binanın digər sakinləri də çıxarış üçün müraciət edib:
“Qonşular məndən öncə çıxarış almaq üçün müraciət ediblər. Araşdırma nəticəsində məlum olur ki, hər bir mənzildən 25, 23, 24 kvadratmetr sahə əskik gəlir. Bu sahə isə blokda və şaxtadadı. Yəni, binanın hər mərtəbəsində yerləşən blok sahəsinin pulunu da sakinlərdən alıblar. Həmin 25 kvadratmetr sahəni hər mərtəbədə hər bir mənzil sahibinə satıblar. Sənədə də əlavə ediblər. Mənim mənzilim sahəsi 94 kvadrtametdir, amma əslində müqavilədə 120,6 kvadratmert göstərilib. Bununla bağlı “Neftçi” MTK-nın hazırki sədri Azər Səfərli bütün mənzillərdə ona aidiyyatı olmayan, özəlləşmə zamanı tələb olunmayan bizim müqaviləni hamıdan alıb yığır və onu ləğv edir ki, sabah sakinlər gedib əskik sahə ilə bağlı məsələni məhkəmədə və s. qurumlarda mübahisələndirə bilməsinlər. Əvəzində isə o özündən yeni müqavilə yazıb. Orada belə göstərilir ki, tutaq ki, mənim mənizlim 120 kvadrtametrdir. Sahəsindən asılı olmayaraq mənim mənzilimin qiyməti 84 min manatdır. Orada sahə əskik gəldi-gəlmədi, məsələyə aidiyyatı yoxdu. Bununla bağlı mən gələcəkdə heç bir məhkəməyə, hüquq mühafizə orqanlarına və digər təşkilatlara müraciət edə bilmərəm. Onun çalışdığı bunu. Deyir ki, 95 mənzilin hamısından yığmışam, tək sən qalmısan. Mən də sənin sənədlərini özəlləşmə üçün Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməyəcəm. Halbuki, çıxarış veriləndə bu müqavilə heç bir rol oynamır”.
N.Orucov bank arayışlarını və digər bütün sənədləri çıxarış almaq üçün MTK-ya təqdim edib. Lakin çıxarış alması üçün həmin sənədlər Əmlak Məsələri Dövlət Xidmətinə göndərilmir:
“Deyirəm niyə göndərmirsən, deyir müqavilə dəyişməyincə göndərməyəcəm, belə istəyirəm, gətirin müqaviləni ləğv edək. Hansı ki, həmin müqavilə ilə mən bankdan 34 100 manat kredit götürmüşəm, 10 ildi faiz ödəyirəm. İndi mənə deyir ki, gətir ləğv edək. Açıq-aşkar da deyir ki, sabah gedərsən məhkəməyə verərsən, məni həbsə atarlar. Bu insanla hansısa formada normal qaydada danışmaq istəyirəm, deyir yox, müqaviləni gətir ləğv edək. Mən niyə verməliyəm? Mən haqqımı tələb edirəm. Bu işə qanunla yanaşılmasını istəyirəm”.
Bəs məsələnin hüquqi müstəvidə həlli yolu necədir? Gununsesi.info-nun sualına hüquqşünas Əkrəm Həsənov aydınlıq gətirib. Öncə MTK-nın qeyri-qanuni yanaşmalarına toxunub:
“Mən Azərbaycanda hələ qanuni işləyən MTK görməmişəm. Qanuna görə, MTK-nın sahibi elə oradakı mənzil mülkiyyətçiləri, yəni üzvləri olmalıdır. Onlar ümumi yığıncaq keçirməlidirlər, müqavilərlə bağlı qərar verməlidirlər. Layihəni dəqiq təsdiq etməlidirlər. Ancaq bizdə MTK-lar belə deyil. Tikinti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ən azı 5 nəfərin adını formal olaraq MTK üzvü kimi yazır və müqavilə əsasında mənzilləri vətəndaşlara satmağa başlayır. Ancaq onları üzv kimi siyahıya, sənədlərə daxil etmirlər. Nəticədə də vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Ən ağırı isə odur ki, Azərbaycanda tikilən heç bir binanın dəqiq layihəsi olmur. Ona görə də qanunsuz hərəkətlər baş verir. Mənzilləri qabaqcadan qeydiyyat etmirlər. Halbuki, qanunla hələ bina olmadan oradakı mənzillərə ilkin çıxarış verilməlidir ki, vətəndaş hansı mənzili, hansıs ahəsini aldığını dəqiq bilsin. Etmirlər, çünki bu işi bacarmırlar. Burada həm MTK-lar, həm də onlara nəzarət edən dövlət qurumları günahkardır. Sonra belə bir problemlər ortaya çıxır”.
N.Orucovun üzləşdiyi problemə gəlincə Ə.Həsənov bildirib ki, vətəndaş ona deyələnlərlə razılaşmamalıdır. Daha sonra isə artıq sahəyə görə ödəyini vəsaitləri məhkəmə qaydasında tələb etməlidir:
“Vətəndaş öz müqaviləsini kimsəyə verməməlidi. Artıq sahəyə görə ödədiyi vəsaitləri geri almaq üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə təcrübəsində belə hallarda vətəndaşların xeyrinə çıxarılan qəraralar var. Ən azı onlar əlavə sahələrə görə alınan pullar geri qaytarıla bilər”.