Təhsil Nazirliyi ilə qalmaqallı şirkət arasında müqavilə – Qurum təmir işlərini maddi-texniki bazası olmayana MMC-yə niyə verib?
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi avqust ayında “Modenco” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 63 707.75 AZN olan müqavilədə respublika ərazisində bir sıra modul tipli təhsil müəsissələrində cari təmir işlərinin satın alınması nəzərədə tutulur.
Bu müqavilənin diqqətimizi çəkməyinin səbəbi “Modenco” MMC barədə mediada gedən məlumatlardır.
Həmin məlumatları diqqətə çatdırmamışdan öncə qeyd edək ki, “Modenco” MMC 23 sentyabr 2016-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 264-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Bəhruz İldırım oğludur.
Mediadan gedən məlumatlardan aydın olur ki, Təhsil Nazirliyi vaxtaşırı bu şirkətlə satınalma müqaviləsi imzalayır. Baxmayaraq ki, 6 ildir fəaliyyət göstərən MMC barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Şirkətin maddi-texniki bazasının vəziyyətinin nə yerdə olduğu da bəlli deyil.
Ötən il imzalanan müqavilə ilə bağlı isə problemlər yaranıb.
Mətbuatın yazdığına görə Lerikin Loda kənd məktəbinin tikintisi üçün mal və material daşımış sürücülər, həmçinin tikinti işlərində iştirak etmiş insanlar bir ildən çoxdur əmək haqlarını ala bilmirlər. Onların arasında şəhid Gündüz Əliyevin atası Etibar Əliyev, qazi Şamil Sürət oğlu, sürücülərdən Sahil Hüseynov, Kamil Şahmuradov və digərləri var.
Şikayətçilərin sözlərinə görə, indiyə qədər onlara bir qəpik belə ödənilməyib. Onlar bu məsələdə “Modenco” MMC-ni ittiham edib.
Şikayətçilərin müraciətinə cavab olaraq “Modenco” MMC-nin direktoru Bəhruz Həsənov Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundova yazdığı məktubda bildirilir: “Məlumat üçün bildiririk ki, indiki “Modenco” MMC, keçmişdə “Providence Doytch Limited” MMC-nin ” Vüqar 1970″ MMC-yə heç bir borcu yoxdur.”
Beləliklə, aydın olur ki, “Modenco” əvvəllər başqa ad altında fəaliyyət göstərib. Eyni zamanda aydın olur ki, MMC tenderləri udandan sonra işləri başqa şirkətlər gördürür. “Vüqar 1970” MMC də belə şirkətlərdən biridir. Belə anlaşılır ki, “Modenco” MMC-nin maddi texniki bazası, işçi heyəti yoxdur. Bu həm də şirkətin şübhəli tenderlərdə istifadə üçün yaradılması barədə şübhələrə yol açır.