Rusiya Ukraynadan geri çəkilir - Müharibə bitir?

Rusiya Ukraynadan geri çəkilir -  Müharibə bitir?

Rusiya Müdafiə Nazirliyinin qərarı kifayət qədər düşündürücü bir məqamı özündə ehtiva edir”.

Bu sözləri Yenisabah.az-la söhbətində siyasi şərhçi Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarını müxtəlif cür izah etmək olar:

“Ehtimal var ki, Ukrayna ordusu Xerson istiqamətində artıq 2 aya yaxındır ki, təzyiqləri daha da artırıb. O cümlədən Rusiya ordusunun Xerson şəhəri ilə digər əraziləri birləşdirən, habelə logistik təminatı təşkil edən körpülər, xüsusilə də Antonov, Kaxovka və s. darmadağın edilib və ağır yüklərin, hərbi kolonların hərəkəti qeyri-mümkün hala gəlib çıxıb. Rusiya panton körpülər quraraq müəyyən təminatı həyata keçirməyə çalışıb. Amma panton körpülər də Ukrayna ordusunun dəqiq zərbələri ilə sıradan çıxarılıb”.

O. Qasımovun fikrincə, digər bir ehtimal budur ki, Rusiya Xerson şəhəri və ətrafında təxminən 20 minə yaxın Rusiya hərbçisinin mühasirəyə düşəcəyini nəzərə alıb, təhlükəni qabaqlamaq üçün belə bir qərar qəbul edib:

“Amma digər ehtimal budur ki, Rusiya hansısa hərbi hiylə qurub, Xerson şəhəri və onun ətrafında Ukrayna ordusunu tələyə salmaq üçün müəyyən hazırlıqlar görür. Yəni publik açıqlamayla Ukrayna tərəfini şirnikləndirir. 

Ukrayna prezidenti Volodimir Zelenski bu məsələlərə kifayət qədər ehtiyatlı yanaşıb və bildirib ki, Ukrayna hansı istiqamətlərdə necə hərəkət edəcəyini özü müəyyən edəcək”.

Ekspert bunu ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasındakı telefon danışığından sonra baş verməsini kompromis olaraq qiymətləndirməyib:

“Xerson ay ayrım öncə Donetsk, Luqansk və Zaporojye vilayətləri kimi ilhaq olunmuşdu. Rusiyanın özününkü saydığı ərazidən geri çəkilməsi dövlətin qüruruna toxunan məsələdir. Bunu ABŞ-Rusiya danışıqlarından daha çox hərbi meydanda yaranmış vəziyyətlə əlaqələndirərdim. Çünki ABŞ-la danışıqların əsas mövzusu, məncə, nüvə silahının istifadə olunub-olunmaması ilə bağlıdır. Əlbəttə, ABŞ istəyir ki, Rusiya bu ərazilərdən çıxsın və Ukraynanın ən azı, 2014-cü ilə qədər olan sərhədlərinə qayıtsın. Lakin Ukrayna bununla razılaşacaqmı? Məncə, yox. Çünki Ukrayna tərəfinin mövqeyi birmənalıdır: döyüşlər ancaq Ukraynanın 1991-ci il tarixli sərhədləri bərpa olunduqda sonra dayana bilər.

Xatırlayırsınızsa, müharibə başlayandan bir müddət sonra Ukrayna Rusiya ilə masa arxasında oturub, məsələləri müzakirə etməyə, hətta müəyyən güzəştləri həyata keçirməyə hazır olduğunu bildirib. Volodimir Zelenskinin açıqlamasında Krım məsələsinin sonrakı dövrə saxlanmasıyla bağlı açıqlama da var idi. Amma Rusiya təbii ki, bu danışıqlarda tamamilə fərqli tələblər irəli sürürdü və bu da Ukrayna tərəfindən qəbul edilən bir variant deyildi.

Müharibənin Xersonun azad olmasından sonra bitməsi ehtimalına gəlincə, düşünmürəm ki, Ukrayna buna razı olsun. Çünki bu, gələcək savaşların əsasını qoyacaq, məsələ yenə də həllini tapmayacaq. Münaqişənin yeganə həlli var – Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tam şəkildə bərpa olunması. 

 

Ukraynanın Rusiya-ABŞ danışıqlara razılıq verəcəyini düşünmürəm. Yəni geri çəkilmə hansısa bir kompromisin nəticəsi deyil”.






Fikirlər