FHN-dən COP29-la əlaqədar növbəti tədbir - VİDEO
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən Tədbirlər planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə xarakterli tədbirlər davam etdirilir. “AzerTaym.az” FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində “Fövqəladə hallara səbəb ola bilən iqlim dəyişiklikləri fonunda tikinti sektorunun qarşısında duran problemlər və onların həlli yolları” mövzusunda müşavirə keçirilib. Müşavirədə Nazirliyin Aparatının və qurumlarının vəzifəli şəxsləri və əməkdaşları iştirak edib. Müşavirəni giriş sözü ilə açan FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev Nazirlik tərəfindən COP29 ilə əlaqədar təşkil edilən müxətlif səpkili silislə tədbirlərin əhəmiyyətindən danışıb və bu cür tədbirlərin Nazirliyin müvafiq qurumlarında keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, müasir dünyada tikinti fəaliyyətinin iqlim dəyişikliklərinə təsiri aktual problemlərdən biridir. Tikinti sektorunun faydalı qazıntıların çıxarılmasından başlayaraq tikinti tullantılarının utilizasiyasına qədər mürəkkəb prosesi əhatə etdiyini diqqətə çatdıran natiq, sözügedən sahədə aparılan işlərin mənfi təsirlərinin azaldılması və qarşısının alınması ilə bağlı görülmüş və nəzərdə tutulmuş genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib. Rəis müavininin sözlərinə görə, qeyd olunan problemin həlli konseptual yanaşma tələb edir və məsələnin köklü şəkildə həllinə nail olmaq üçün tikinti qaydaları inkişaf etdirilməli, innovativ tikinti strategiyaları prioritet kimi qəbul edilməlidir. O, əlavə edib ki, dünya təcrübəsinə uyğun olaraq, tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması, eyni zamanda ekoloji cəhətdən təmiz tikinti materiallarının və tullantılarının düzgün idarə olunması da diqqətdə saxlanılmalıdır. Sonra müşavirədə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin Layihələrin və ekoloji normativ sənədlərin ekspertiza şöbəsinin baş mütəxəssisi Sənan Rəsulov, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin Ərazi planlaşdırılması sənədlərinin təhlili sektorunun müdiri Çağrı Kərimzadə, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Hüseyn İbrahimov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun Texniki şöbəsinin müdiri Neman Bağırov, Nazirlik yanında İctimai Şuranın üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev tikinti fəaliyyətinin ətraf mühitə və ekologiyaya təsirlərindən danışıb, sözügedən problemlərin həllinə dair təkliflər səsləndiriblər.