PREZİDENT BU UNİVERSİTETƏ REKTOR TƏYİN ETDİ - Rüfət Əzizov KİMDİR? (Yenilənib)

Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 R. Əzizov 2023-cü ilin sentyabrından SDU-nun rektoru vəzifəsini icra edirdi.

Qeyd edək ki, Rüfət Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Masallı rayonunundandır. 

O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul edilib və 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib.

2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.

2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən "Chartered Scientist" elmi adına layiq görülüb.

2005 – 2012-ci illərdə BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb. 

2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, "Executive MBA" proqramını bitirib.

Kornell Universitetinin ali idarəetmə, Corc Vaşinqton Universitetinin layihələrin idarə olunması və Oksford Universitetinin süni intellekt proqramı da daxil olmaqla bir çox kurs və təlimlərdə iştirak edib.

7 yanvar 2021-ci ildə Emin Əmrullayevin əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

2023-cü ilin sentyabrında isə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. "Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.

Ailəlidir. 2 övladı var.

Xatırladaq ki,Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı isə 2023-cü ilin iyulunda vəzifəsindən azad edilib.

 

 






Fikirlər