4 gündə 10 siyasi həbs - KİMLƏR VAR?

4 gündə 10 siyasi həbs - Kimlər var?

Son 4 gün ərzində 10-a yaxın siyasi fəal və onların yaxınları həbs edilib.

Ən son fevralın 21-də AXCP Sabunçu şöbәsinin üzvü Namiq Abbasəliyevin  6-cı polis bölmәsinә aparılması xəbəri yayılıb.

Onun polisə müqavimətdə gümahlandırıldığı bildirilir. 

Fevralın 20-də isə AXCP fəalı Amil Məmmədzadə 30 sutkalıq inzibati həbs cəzası alıb. A.Məmmədzadənin vəkili Əsəbəli Mustafayev Toplum TV-yə bildirib ki, hələlik onunla görüşmək imkanı əldə etməyib. Vəkil, onun polis idarəsinə çağırıldığını və orada həbs olunduğunu deyib. Onun sözlərinə görə, "polisə müqavimət ittihamı fəalların 30 sutkalıq inzibati həbsi üçün tətbiq olunan standart ittihamdır.
Fevralın 20-də AXCP-nin Masallı rayon şöbəsinin fəalları Elvin Bəhramov və  Fərasət Əhmədov da evlərindən polisə aparılıb, Masallı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıblar.  Onlar da polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə təqsirləndiriliblər. 
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb. Sədr müavini vurğulayıb ki, AXCP-yə qarşı ölkəboyu təzyiqlərin davam edir: 
"Hər iki fəal "Facebook”-da tənqidi yazılarına görə həbs olunub. AXCP-yə ölkəboyu polis hücumu davam edir”. 
Həmin gün REAL Hərəkatının fəali Rahim Şalıyev, bloger Orduxan Teymurxanın qardaşları Xanlar Teymurxan və Şakir Bəbirov, bacısı oğlu Səbuhi Zeynalova da 30 sutkalıq həbs cəzası verilib. 
 D18 Hərəkatının üzvü Qadir Ağakişiyev də dünən Sumqayıtda həbs edilib. 
O, 30 sutka inzibati həbs cəzası alıb. 
Bu barədə məlumatı hərəkatın sədri Ruslan İzzətli verib. 
Fevralın 17-də isə İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı həbs olunub. Bu haqda "AzadlıqRadiosu"na jurnalistin vəkili İslam İsmayılov məlumat verib. Elçin İsmayıllı barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.  
 






Fikirlər