'AVRO-2016'nın ulduzu: 'Lənətlənmiş Beyl' kimdir?

'Avro-2016'nın ulduzu: 'Lənətlənmiş Beyl' kimdir?

Dünyanın ən bahalı transferi Fransada 3 oyunda 3 qol vurub;

Qaret Frenk həm də nümunəvi ailə başçısıdır 

 

“Avro-2016"nın qrup mərhələsi bitdi. B qrupunda  İngiltərə millisindən də çox xal toplayan (6) Uelsin ”pley-off" mərhələsinə vəsiqə qazanması bu çempionatın ən böyük sürprizlərindən biridir. 50 illik fasilədən sonra bu cür mötəbər yarışa qatılan Uels növbəti mərhələyə vəsiqə qazanmaqla kifayətlənmədi, milli komandanın yarımmüdafiəçisi Qaret Beyl  çempionatın bombardirləri sırasında da ilk yerdədir. 
 
Dünyanın ən bahalı futbolçusu qrupda  keçirdiyi 3 oyunda 3 qol vurub. Beyl Slovakiya və İngiltərəyə cərimə zərbəsindən qol vurmuşdusa, Rusiyanın qapısına oyun vəziyyətindən yol tapıb. Yada salaq ki, o, “Avro-2016"nın seçmə mərhələsində də 10 oyunda 7 qol vurmuşdu.
 
Çempionatda yaranmış iki günlük fasilədən istifadə edərək “Avro-2016"nın ilk mərhələsinin ən parlaq oyunçusu olan Qaret Beyl haqda bəzi məlumatları oxuculara təqdim edirik.   
  
***
 Adı Qaret  Frenk. Soyadı  Beyl.  Boyu 183. Çəkisi  74. Evli. İki qız atası. “Real” klubunun və Uels milli komandasının yarımmüdafiəçisi. 
Qaret Frenk 1989-cu ilin 16 iyulunda Uelsin paytaxtı Kardiffdə anadan olub. “Üç yaşımdan futbolu sevməyə başladım. Həmişə atama  deyirdim ki, məni parka top oynamağa götürsün. Futbol həmişə mənim həyatımda olub. Mənə elə gəlir ki, mən elə anadangəlmə solaxayam” deyən,  Frenk böyük futbolda ilk addımını belə xatırlayır. O, futbol ulduzlarına həsəd aparır və həmişə də arzu edirdi ki, onlar kimi ünlü olsun. O, ilk miqyaslı çempionata baxdığı tarixi də xatırlayır. 1998-ci il Fransada keçirilən dünya çempionatında ən çox braziliyalıların oyununa vurulubmuş. 
Hələ 9 yaşı olarkən Uelsin “Sautqempton” klubu ona göz qoyub və o, klubun törəmə akademiyasında məşqlərə başlayıb. Məşqlərdə  özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. 16 yaşında o, məktəbin 18 yaşlılardan ibarət yığma komandasından oynayıb.  O, 2005-2006-cı ildə “Sautqempton” komandasının əsas heyətinə keçir və bu klubun tarixinə ən gənc oyunçu kim düşür. O, klubun heyətində 38 matçda meydana çıxıb və cəmi 5 qol vura bilir. Klubda da sol kənar müdafiəçi mövqeyində oynayan Frenk cərimə zərbələri vurmaqda ixtisaslaşır. İngiltərənin “Tottenhem” klubuna keçdikdən sonra ona meydandan hücuma meylli mövqedə oynamaq etibar edilib. Gənc futbolçu ilk 4 oyunda 6 top vurmaqla diqqəti özünə çəkə bilir. Amma dizindən aldığı zədə səbəbindən əsas heyətdə yerini möhkəmlədə bilmir. Heyətə  yeni qatılmaq istəyərkən Qaret Frenk yenidən zədə alır. Bu səbəbdən də o, London klubunun ehtiyat heyətinə göndərilir. 
 
Hər xırda bir detalda böyük mənalar axtaran ingilis idman yazarları zədə səbəbindən “Tottenhem”də uğursuz sezon keçirən futbolçuya “lənətlənmiş Beyl” adı verirlər. İngilis jurnalistlər haqsız da deyildilər. Start heyətdə çıxdığı 24 oyunda doğrudan da “Tottenhem” biq qələbə belə qazanmamışdı. 
Zədələri sağaldıqca o, əsas heyətdə yerini möhkəmlədir. “Tottenhem”in baş məşqçi Qarri Rednapp Beylin müdafiədə oynamasından razı qalmır və onu yarımmüdafiə mövqeyinə keçirir. 2010-cu ilin 14 aprelində  London derbisi- “Arsenal”la oyunda “Tottenhem”in qələbə topunu Qaret Frenk  vurur. Növbəti turda “Çelsi” ilə oyunda da Beyl qələbə topunun müəllifi olur. 2010-cu ildə “Totenhem”lə müqaviləni daha 4 il uzadan Beylin komandası Çempionlar Liqasında (ÇL) oynamaq haqqı qazanır. 2010-cu ilin 21 avqustunda “Stok Siti” ilə oyunda Beyl ilk dublunu edir. ÇL oyunda isə ilk qolunu “Tvente” ilə oyunda vurur. 
Beyllə artıq bir neçə ad-sanlı klub-"İnter", “Çelsi”, “Milan”, Real" və “Milan” kimi komandalar  maraqlanırlar. Həmin sezon o, “Tottenhem” in heyətində  “het-trik” də edir. “İnter”ə vurduğu üç qolla o, ÇL üç qol vurmuş ilk uelsli olur. 
2011-ci il mövsümündə vurduğu qollar sayəsində o, İngiltərədə ilin “ən yaxşı futbolçusu” adını alır. Bundan sonra yenə Beyl ard-arda zədə alır, klubu ÇL tərk edir, Premyer Liqada da 5-ci pillə ilə kifayətlənməli olurlar. 
Yeni sezonda Qaret komandanın əsl liderinə çevrilir. O, ənənəvi 3 nömrəsini 11 nömrə ilə əvəzləyir, “Tottenhem”in heyətində ən məhsuldar oyunçu olur. 2013-cü ildə Beyl İngiltərə çempionatında 5 oyunda ardıcıl olaraq 7 top vurur. Bu qollar həm də komandasının qələbə qolları olur. 2013-ü il mövsümündə də Beyl yenidən Primyer -liqanın “ən yaxşı futbolçu” və “ən yaxşı gənc futbolçu” mükafatlarını qazanır. 
***
“Real” klubu Beyli öz heyətinə cəlb etmək üçün bir neçə ay komanda ilə danışıqlar aparır.  2013-cü il sentyabr ayının 1-də “Real” rəhbərliyi futbol tarixində ən bahalı transferi reallaşdırdıqlarını bildirir. Məlum olur ki, Madrid klubu Beyl üçün 100 milyon avro ödəməyə razılıq verib. “Real”klubunda ilk oyunda o, “Vilyarreal”ın qapısına qol vurur. Bundan sonra “Sevilya” ilə oyunda da özü iki top vurur, iki məhsuldar ötürmə edir. “Valyadolit”lə oyunda isə Beyl ilk het-trikini edir. 
Qaret Beyl 17 yaşından milli komandanın aşağı yaş qrupunda oynamağa başlayıb.  Qaret Frenk gənclərin  baş məşqçisi Con Toşakın rəhbərliyi ilə hazırlaşmağa başlayır. Milli komandanın heyətində ilk dəfə Trinada və Tobaqo komandasına qarşı oyunda çıxır. Qaret milli komandanın heyətində çıxış edən ən gənc uelsli kimi də tarixə düşür. Qaret Uels millisinin seçmə mərhələdə keçirdiyi 10 oyunda iştirak edib və rəqib qapılarından 7 top keçirib. 
***
Fransada keçirilən Avropa çempionatı  Beyl üçün uğurlu başladı. İlk oyununda onlar Slovakiya millisinə qalib gəliblər. İngiltərə oyunda da Beyl yenə cərimə zərbəsindən fərqləndi.  Rusiya ilə oyunda da o komanda yoldaşları arasında ən fəalı idi və rəqib qapısına 1 qol vurdu.
 
Qaret Frenk topla 36,9 km/c sürət yığmağa qadirdir. Müqayisə üçün  deyək ki,  bu göstərici Kriştiano Ronaldoda 33,6, Leonel Messi də 32,5,  Runidə isə  31,32-dir. 
Qaret təkcə yaxşı oyunçu deyil, o həm də nümunəvi ailə başçısıdır.  Onun xoşbəxt seçiminin adı Emma Ris Jonsdur. Onun hər qoldan sonra əlləri ilə ürək  göstərməsi həyat yoldaşına sevgisinin işarəsidir. Bu işarəyə görə onun Jasten Biberlə məhkəmə çəkişməsi də olub. Qaret məhkəmədə  bu işarənin sahibi olduğunu sübut edə bilib. Bu sevgi hekayəsi hələ Qaret və Emmi yeniyetmə olarkən başlayıb. O zamandan Qaret Frenk seçdiyi xanımı böyük bir məhəbbətlə sevir. Cütlüyün ilk ovladı-Alba Violeta 2012-ci ilin payızında anadan olub. 2015-ci ilin marıtında  onların daha bir qız cocuğu da dünyaya gəlib. 
Qaret Beylin ürəyini ovsunlamış  Emmanın atası Martin Ris-Consonun adı bir neçə milyonluq  maliyyə maxinasiyalarında hallanır. Məlumatlarda bildirilirdi ki, Beytlin qayınatası  və daha 11 nəfər saxta şirkət quraraq bir neçə milyon dollar mənimsəyiblər. 

 






Fikirlər