İyunun 10-da Fransada Avropa çempionatına start veriləcək. Milli komandamız yenə böyük turnirə vəsiqə qazana bilməsə də, bütün diqqətlərimiz qitə birincliyinə yönələcək. Üstəlik Türkiyə yığmasının yarışa vəsiqə əldə etməsi turnirə əlavə maraq qatır.
Turnirin startına təxminən 2,5 ay qalıb. Bu arada Fransada baş tutacaq 10 maraqlı qarşılaşma müəyyənləşdirilib. Fanat.az izləməyin vacib olduğu həmin oyunları təqdim edir.
İngiltərə - Uels: Böyük Britaniyanın tərkibindəki iki yığma arasındakı gözəl və sərt rəqabət "AVRO-2016"ya damğa vura bilər. Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanan Uels özünü göstərmək və irəli getmək niyyətindədi. "Arsenal"da çıxış edən Aaron Ramsey və "Totttenhem"in sabiq ulduzu, hazırda "Real"ın formasını geyinən dünyanın ən bahalı futbolçularından biri Qaret Beylin forma geyindiyi komanda güclü İngiltərəyə meydan oxuya bilər.
Almaniya - Polşa: Bu iki ölkə arasında tarixboyu baş verənlər idman yarışlarına ayrı bir rəqabət gətirib. Almaniya millisində Polşa əsilli futbolçular çıxış edir. Cütün favoriti Almaniya hesab olunur. Amma unudulmaması vacib olan bir məqam var ki, hazırda dünyanın ən güclü hücumçularından biri olan Robert Levandovski Polşanın formasını geyinir.
Belçika - İtaliya: FIFA-nın ryetinq siyahısında birinci olan Belçika, İtaliya, İsveç və İrlandiyanın yer aldığı bu qrup "ölüm qrupu" adlandırılır. Belçika və İtaliya arasında liderlik uğrunda amansız mübarizənin gedəcəyi sirr deyil. Cütün favoriti az fərqlə belçikalılar hesab olunar.
Xorvatiya - İspaniya: Türkiyə və Çexiyanın da yer aldığı D qrupuna düşən bu iki komandanın heyətində La Liqanın ən yaxşı yarımmüdafiəçiləri yer alıb. İvan Rakitiç (Barselona), Luka Modriç (Real) və Mateo Kovaciç (Real) Xorvatiyanın əsas silahları hesab olunur. İspaniyanın heyətində isə Andres İInyesta (Barselona), Serxio Buskets (Barselona) və İsko (Real) kimi yarımmüdafiəçilər yer alıb.
Albaniya - İsveçrə: Tarixində ilk dəfə böyük turnirə qatılan Albaniya və Kosova müharibəsi zamanı İsveçrəyə köçən, indi bu ölkənin formasını geyinən Herdan Şaqiri üz-üzə gələcək. Bu oyun bizim üçün də maraqlı olacaq. Çünki "Qarabağ"da çıxış edən Ansi Aqolli Albaniya millisinin üzvüdü və Azərbaycandan Avropa çempionatına yollanacaq yeganə futbolçu olacaq. Albanların qrupunda İsveçrədən başqa Fransa və Rumıniya da yer alıb.
Fransa - Rumıniya: "AVRO-2016"nın açılış matçı olacaq bu qarşılaşma az əhəmiyyət kəsb etməyəcək. İlk oyunlar həmiş turnirin axarı ilə bağlı müəyyən fikirlərin formalaşmasına səbəb olur. İyunun 10-da "Stade de France"də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
Portuqaliya - İslandiya: Seçmə mərhələdəki çıxışı ilə özündən söz etdirən, Türkiyə və Çexiyanı bir, Hollandiyanı iki oyunda yenən islandlar ilk matçda Kriştiano Ronaldolu Portuqaliyaya qarşı imtahan verəcək.
Türkiyə - Xorvatiya: Bu qarşılaşma "AVRO-2008"in ən unudulmaz matçı idi. Türkiyə yığmasının 119-cu dəqiqədə qol buraxıb, 120-ci dəqiqədə Semih Şəntürklə bərabərliyi təmin edib, penalti seriyasında yarımfinala çıxdığı qarşılaşma. 8 il sonra püşk onları yenə üz-üzə qoyuöb. Bu isə o, deməkdi ki, millimizin baş məşqçisi Robert Prosineçkinin həmyerliləri revanş matçına, Türkiyə tarixi təkrarlamağa çıxacaq. Bu qarşılaşma həm də "Real" və "Barselona"nın üzvü olan futbolçuların qarşılaşması olacaq. Türkiyə millisinin heyətində "Barselona"lı Arda Turan yer alıbsa, qarşı tərəfdə "Real"dan iki nəfər - Luka Modriç və Mateo Kovaciç meydana çıxacaq. Arda həm də komanda yoldaşı İvan Rakitiçə qarşı oynayacaq.
Türkiyə - Çexiya: Bu oyun da "AVRO-2008"dən futbolsevərlərə yaxşı tanışdı. Qrup mərhələsində keçirilən oyunda Türkiyə 0:2 hesabı ilə geridə olsa da, 90 dəqiqənin tamamında meydanı qələbə ilə tərk etmişdi - 3:2. Komandalar "AVRO-2016"nın seçmə mərhələsində də rəqib olub. İstanbuldakı matçda çexlər (2:1), Praqadakı görüşdə türklər qələbə sevinci yaşayıb (2:0).
İsveçrə - Fransa: Braziliyada keçirilən dünya çempionatında qarşılaşan hesablı qələbə qazanmışdı) komandalar 2 il sonra Avropa çemionatında üz-üzə gələcək. Həmin matçda fransızlar rəqibə 5 qolu birdən vurmuşdu (5:2). Fransa yenə eyni uğuru təkrarlamağa, İsveçrə revanş almağa çalışacaq.
...və Zlatan İbrahimoviçi İsveçin bütün oyunları. Dünyanın ən ilginc və qalmaqallı futbolçularından biri olan isveçli ulduz meydana çıxdığı bütün qarşılaşmaları izləyicilər üçün maraqlı etməyi bacarır. Onun klub karyerasını davam etdirdiyi Fransada daha rahat və yaxşı oynayacağını proqnozlaşdırmaq olar.
AzerTaym.az