10.04.2014. - Çempionlar Liqası: Qvardiola yarımfinalda, amma "Barselona"sız...

10.04.2014. -  Çempionlar Liqası: Qvardiola yarımfinalda, amma "Barselona"sız...  UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son qarşılaşmalar İspaniya və Almaniyada keçirilib.

Madrid "Atletiko"su digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bu oyunda ev sahibləri meydana nisbi üstünlüklə çıxmışdı. Belə ki, oyun qolsuz başa çatsaydı belə, “Atletiko” turu keçən tərəf olacaqdı. Buna görə də katalonların mütləq qola ehtiyacı vardı. Amma “Barsa”nın hücum xətti rəqibin müdafiəsini yara bilməyib. Əvəzində erkən qol vuran Madrid təmsilçisi adını yarımfinala yazdıran tərəf olub.

Digər oyunda isə "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. Digər cütlük kimi, bu cütlük arasındakı ilk matç da 1:1 hesablı bərabərliklə başa çatmışdı. Amma proqnozçular bu matçda mankunyanlara şans tanımırdı. Çünki turnirin son qalibi və əla formada olan “Bavariya”nın tarixinin ən çətin mövsümlərindən birini keçirən “qırmızı şeytanlar”a qalib gəlməsinin çətin olmayacağı gözlənilirdi. Belə də oldu. Oyunda hesabı qonaqlar açsa da, 3 qol vuran almanlar yarımfinala vəsiqəni rəsmiləşdirdilər.

Qeyd edək ki, bir gün öncə İspaniyanın "Real" və İngiltərənin "Çelsi" klubları da ÇL-in yarımfinalına vəsiqə qazanmışdılar. Yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 11-də atılacaq.






Fikirlər