“QARABAĞ”ın uduzmağı VƏ...
Son illər ilk dəfə “Qarabağ”ın Avrokuboklarda baxdığım oyunundan darıxdım. Etiraf edim ki, bu yəqin ki, daha çox məyusluğun gətirdiyi hiss idi. Çünki “Qarabağ”ı heç belə zəif görmədim. BATE-nin “Qarabağ”ı məğlub etməsində gözlənilməz heç nə yoxdur. Bunu yazılarda qeyd etmişdik və nəticə təəssüf ki, bizim gözlədiyimiz kimi oldu. Fövqəladə heç nə baş verməyib. Heyətində ən təcrübəli və ulduz futbolçular olan adlı-sanlı klublar da öz meydanında uduzur, hətta özündən çox-çox zəif klublara da. Ola bilsin, “Qarabağ” bizi bir az ərköyünləşdirib, elə hər oyunda klubdan qələbə, hətta ötən sezon “div”lərlə qarşılaşmalarda möcüzə gözləyirdik. Bu da məyusluğa səbəb ola bilən psixoloji hal yaradır, müasir dünyamızda hər bir klub azarkeşi də bu “xəstəlikdən” əziyyət çəkir. *** “Qarabağ”a tənqidlər yəqin ki, var və bundan sonra da olacaq. Klub rəhbərliyi belə dostyana tənqidlərdən narahat olmaz, fanatik azarkeş belə yazıları zatən oxumur və ya oxuyub üstündən bir stəkan su içir... Bizim isə bir az azarkeş təcrübəmiz, bir az da peşəmiz imkan vermir ki, qələmimizi farağat qoyaq. Həm də ortada “Qarabağ”ın taleyi də var... ***
Klublarda enmələr-qalxmalar o qədər normal bir haldır ki, bunun uzun-uzadı təhlilinə ehtiyac yoxdur. Ötən ÇL təsnifat mərhələsindəki “Qarabağ” srağagün BATE ilə oynayan “Qarabağ”dan çox-çox yaxşı komanda idi. BATE-"Qarabağ" oyunu haqda ətraflı təhlili oyunçular və məşqçilər edəcək. Ekranda görünən o idi ki, belaruslar qapımıza daha iki top vura bilərdi, Allah üzümüzə baxdı. BATE-nin vurduğu yeganə top Rəşad Sadıqovun günahına yazanlar varsa, bununla qəti razı deyiləm. Topun meydanın mərkəzinə yaxın yerdə itirilməsindən sonra cərimə meydançasında kimə ötürüləcəyini həmin gün xeyli səhvlərlə yadda qalan Maksimdən başqa bir müdafiəçimiz də görürdü, hələ Messinin penaltisini qaytaran yeni transfer Hannes Halldorsson da. Rəşad o topun itirəndə qol olmaq şansı heç 20 faiz də deyildi, amma həm də qapıçının hərəkətsizliyi nəticəsində top qapıya girdi. Təcrübəli qapıçısan, bir oyunçunun qarşısına çıx, lap yıx da... *** “Qarabağ”ın köhnə-yeni transferi İnnosent Emeqara rəqib oyunçuları üzərinə iri cüssəsi ilə elə gedir ki, adam ekran qarşısında qorxur. Emeqaranın yaxşı və taktikalı futbolçu olduğunu deyirlər, Allah eləsin kimsənin ayağını qırmadan, topu rəqibdən daha səliqəli almağını da, qol vurmağını da görək. Girye indi Ansi Aqolinin gördüyü işi görür, yəni kobud dillə desək, çərimə meydançasına “top daşıyır”. Bu işi Ansidən də pis də görmür, amma o topların realizasiyası yoxdur. “Kukesi” ilə oyundan sonra da qeyd etmişdim ki, “Qarabağ”ın hücumlarında kəsər yoxdur. Hücum yoxdursa, əsl oyun da yoxdur, qələbə də. “Hücumlar oldu axı” deyənlərə də, “BATE ikinci hissədə tam müdafiə olundu” deyənlərə də sözüm yox. Amma “Qarabağ” məgər “Roma”nın “divarını” yarıb qol vurmadımı, “Atletiko”nun qapısına yol tapmadımı? “Qarabağ” o kəskin hücumları bərpa etməyənədək işimiz Avroliqada da çətin olacaq.
İkinci hissədə müəyyən dərəcədə hücum cədləri oldu, amma yenə nəticəsiz. Bir taktiki nizamsızlıq da nəzərə çarpır ki, bu da, əlbəttə, böyük ehtimalla yeni oyunçuların klubda tam oturuşmaması ilə bağlıdır. Oyunçular həlledici ötürmələrdə elə səhvlər edirlər ki... Kaş ki, “Qəbələ”dən alınan Ozobiçi daha tez meydana buraxaydılar. O, son beş dəqiqədə rəqib qapısına tərəf 90 dəqiqədə meydanda olanlardan daha çox zərbə (2) vurdu, həm də təhlükə yaradan zərbələr. *** Qurban qardaşımızı başa düşmək olar, klubdakı itkiləri oyunçuların yerlərini bir az dəyişməklə kompensasiya etməyə çalışır. Nəzərə almaq lazımdır ki, “Qarabağ” təkcə Avrokuboklarda ölkəmizi təmsil edən klub deyil, Azərbaycan çempionatında da oynayır. “Qarabağ”ın indiki məyusluq doğuran halının, transferlərinin ürəyimizcə olmamasının səbəbkarı da elə bu milli dedikləri çempionatdır. Etiraf edim ki, baxmıram və maraqlanmıram. Amma bilirəm ki, yaxşı çempionat olmadığı üçün büdcəsində pulu olanlar da ürək edib “transfer pəncərəsi” dövründə Avropa klublarının qapısını döyə bilmir. Çünki klub il boyu Avrokuboklarda oynamır ki... Futbolçunun əsas işi daxili çempionatda oynamaqdır. Bu səbəbdən “Qarabağ”ı başa düşmək olar, transferlərlə bağlı azarkeş iradları hardasa haqlı ola bilər, amma bizim ürəyimizdən keçən oyunçular buraya gəlməz. Nə qədər ki, milli çempionatımız belə haldadır, gəlməyəcəklər də. Azərbaycan gözəl ölkədir, “Qarabağ”da da normal atmosfer olduğunu hamı bilir. Amma gəlmirlər, hər halda, ara-sıra bütün klubların şikayəti bu “gəlməmək”lə bağlıdır. ***
BATE ilə cavab qarşılaşmasında nə ola bilər? “Qarabağ” Bakıdakı kimi oynasa, ümidimizi Avroliqanın qrupuna düşməyə bağlaya bilərik. Əslində “Qarabağ” bu il nisbətən ortabab klubların yer aldığı Avroliqada oynasa daha yaxşı olar. Əsas odur ki, klubumuz Avropadakı oyunlarını davam etdirsin. “Qarabağ”ı təkcə daxili çempionat klubu olsa, belə bir təmsilçimizi tədricən itirə bilərik... “Fövqəladə heç nə baş verməyib. Biz öz gücümüzlə qalib gəldik. Əslində hələ heç bir iş görməmişik. Buna görə də bizdə xüsusi sevinc yoxdur”. Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin futbolçusu qapımıza yeganə qolu vuran Stanislav Draqun deyib. Ümumiyyətlə, bu klub üzvləri Bakıdakı oyunda sərfəli nəticə ilə qayıtmasına baxmayaraq, təvazökar davrandılar. Hər şeyin Borisovdakı oyunda həll ediləcəyini dedilər. “Qarabağ”ın oyunçuları da yaxşı ki, motivasiyalarını qoruyurlar və təkrar oyunda “pley-off”a keçəcəklərinə ümid edirlər. Ümid edək ki, “Qarabağ” BATE ilə oyunda tur adlamasa belə, özünə layiq oyun nümayiş etdirəcək. “Uğurlar, ”Qarabağ"" deməkdən başqa sözmü qaldı? Nazim SABİROĞLU,Ola bilsin, “Qarabağ” bizi bir az ərköyünləşdirib, elə hər oyunda klubdan qələbə, hətta ötən sezon ÇL-də “div”lərlə qarşılaşmalarda möcüzə gözləyirdik...
“Yeni Müsavat”