"Bununla da neft dövrünün bitdiyi mesajı verildi" — VÜQAR BAYRAMOV

"Bununla da neft dövrünün bitdiyi mesajı verildi" — Vüqar Bayramov

OPEK üzvləri neftin hasilatı ilə bağlı razılığa gələ bilməyiblər

OPEK ölkələrinin anlaşa bilməməkləri neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi ilə nəticələnib. "Bank of America Merill Lynch" və "Saxo Bank"ın ekspertləri düşünür ki, danışıqlar uğur gətirməzsə, neftin barelinin hazırki qiyməti - 43 dollardan 30-35 dollara qədər düşə bilər.

OPEK ölkələrinin razılığa gələ bilməməsi, neftin dünya bazarındakı qiyməti və gələcəkdə nələrin ola biləcəyi barədə iqtisadçı ekspertVüqar Bayramov Ölkə.Az-a danışıb:

"OPEK ölkələri razılıq əldə edə bilmirlər. OPEK ölkələrinin razılıq əldə edə bilməməsi indiki halda İranla Səudiyyə Ərəbistanı arasındakı anlaşılmazlıqdan irəli gəlir. Nəzərə alaq ki, İranla Səudiyyə Ərəbistanı arasında vəziyyət çox gərgindir. Gərgin münasibətlər fonunda tərəflər çalışırlar ki, OPEK tərəfindən təqdim olunan təşəbbüsləri blok etsinlər. İran OPEK-in toplantısına qatılmadı. Səudiyyə Ərəbistanı İranın qatılmadığını əsas gətirərək anlaşmanı blok etdi. Nəticədə anlaşma əldə edilmədi.

OPEK ölkələri arasındakı münasibət anlaşmanın əldə edilməsinə birmənalı şəkildə təsir göstərir. Anlaşmanın əldə edilməsini çətinləşdirir. Digər tərəfdən isə neftə tələbat azaldığı üçün, gələcəkdə neftin dünya bazarında qiymətinin daha kəskin azalacağı ilə bağlı proqnozlar olduğu üçün ölkələr çalışır ki, indiki qiymətdə daha çox neft satıb, daha çox gəlir əldə etsinlər. Hətta OPEK-in anlaşma əldə ediləcəyi halda qiymətin yüksələcəyi gözlənilmirdi. Sadəcə qiymət stabilləşəcəkdi. Nəzərə alsaq ki, İran prosesə qoşulmamışdı, bu o deməkdir ki, İranın təklifi artacaqdı və İranın təklifi artdığı dövrdə də, yenidən qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilərdi. İran hasilatını sanksiyalardan əvvəlki dövrə çatdırıb, hasilatın dondurulması ilə bağlı qərar qəbul etmək niyyətindədir. Tərəflər razılığa gələ bilmirlər və onların razılığa gəlməsi problemli görsənir. İranın iştirakı olmadan hər hansısa bir qərar bazarda ciddi bir fərq yarada bilməyəcək. Güman olunmur ki, tərəflər neft hasilatının dondurulması ilə bağlı razılığa gəlsinlər. Bu əslində bir mesajdır. Mesaj ondan ibarətdir ki, artıq neft bumu dövrü başa çatdı. Sözün həqiqi mənasında ölkələr neft sektorunu unutmalıdırlar. Ölkələr qeyri-neft sektorunu inkişaf etdirməlidirlər. Bu həm də Azərbaycan üçün bir mesajdır. Biz də neft sektorunu unutmalıyıq. İqtisadiyyatımızı qeyri-neft sektoru üzərində qurmalıyıq. Manatın məzənnəsi, ölkəyə gələn valyutanın həcmi bundan sonra qeyri-neft sektorunun inkişafından asılı olacaq. Neft sektoru dominant olaraq qalacaqsa, o zaman bu, manata təzyiqin artması, ölkəyə daxil olan valyutanın həcminin kəskin azalmasına gətirib çıxara bilər".

AzerTaym.az






Fikirlər