NEFT LƏNƏTİ: QİYMƏTİN QALXACAĞINA ÜMİD YOXDUR! – “Neft ölkələri problemlərlə üz-üzədir”
Ekspertlər deyir ki, neftin indiki qiyməti hələ son hədd deyil! Brent neftinin qiyməti 2014-cü ilin iyulundan başlayaraq, 36 dollara qədər geriləyib. Hazırda OPEK-in gündəlik hasilatın 30 milyon barel səviyyəsində saxlanılması qərarı və ABŞ-ın 40 ildir neftin ixrac edilməsinə tətbiq olunan qadağanı aradan qaldırması dünya neft bazarına çox ciddi təsir göstərir. BBC məsələ ilə əlaqədar olaraq, tanınmış iqtisadçılardan vəziyyəti şərh etməyi xahiş edib. - İran nefti vəziyyəti gərginləşdirə bilər Professor Pol Stivens – “Çatem-haus” Britaniya Kral İnstitutunun eksperti: BBC – Nəyə görə Səudiyyə Ərəbistanı bu yolla gedərək, mövcud kvotanın saxanılmasına qərar verdi? Stivens – Bu prosesi böyük maliyyə ehtiyyatına malik olan Səudiyyə Ərəbistanı ilə yanaşı, Fars körfəzinin bir neçə neft ixrac edən digər ölkəsi də başladıb. Səudiyyə Ərəbistanı 750 milyard dollarlıq qızıl-valyuta ehtiyatının üstündə oturub. Rəsmi məlumata əsasən, onların büdcə kəsiri bu il 50 milyard dollar təşkil edəcək. Əgər buraya yeni kral Salmanın tac qoyma zamanındakı bəxşişlərini və Yəməndəki müharibəyə sərf edilən xərcləri də əlavə etsək, bu məbləğ 120 milyard dollara yaxınlaşacaq. Yəni bu o deməkdir ki, onların ehtiyatında hələ bir neçə il olduğuna görə, səudiyyəlilər aşağı neft qiymətlərində gərginlik keçirmədən yaşaya biləcəklər. BBC – Amma hər halda onlar yeni reallığa uyğunlaşmalıdırlar? Stivens – Onlar bir şey edə bilərlər ki, bu da xərclərin azaldılmasıdır. Əlavə olaraq öz iqtisadiyyatlarını diversifikasiya (şaxələnmə) etməlidirlər. Bütün imkanları yalnız neft hasilatı üzərində cəmləmək olmaz ki. BBC – Bütün bunlar İrana necə təsir edəcək? Xüsusən nəzərə alsaq ki, yaxın zamanlarda sanksiyalar götürüləcək və bu isə İrana neft ixrac etməyə imkan verəcək. Stivens – İranlılar indi özlərinin böyük neft ehtiyatları üstündə var-gəl edirlər. Bu isə vəziyyətə çox neqativ təsir göstərə bilər. Çünki hal-hazırda bazar demək olar ki, doymuş haldadır və bu səbəbdən də qiymət düşməkdə davam edir. Ona görə də, bazara əlavə çıxarılacaq İran nefti vəziyyəti yalnız korlaya bilər. İran əhalisi sıx olan bir ölkədir və əgər neftin qiyməti aşağı həddə qalacaqsa, onda onun xəzinəsinin də gəlirləri aşağı düşəcək. BBC – Yəqin ki, 1970–ci illərdə baş verən “neft şoku”nun bəzi ölkələrə, məsələn, ABŞ-a təsirini xatırlayanlar var. Bu Birləşmiş Ştatların uzun müddətli enerji müstəqilliyinə can atmasının səbəblərindən biridir. Qiymətlərin aşağı enişi, oxşar təsirlər göstərəcəkmi? Stivens – Sözsüz ki, təsir göstərcək. Keçən ilin iyun ayında neft qiymətləri aşağı düşməmişdən öncə amerikanlar dörd il müddətində kəskin şəkildə gündəlik hasilatı 4 milyon barelə kimi qaldırdılar. İndi isə aşağı qiymətlər fonunda ABŞ-dakı hasilatın sürət tempi ləngiyəcək və onların sıfır səviyyəsində neft idxalı hədəfləri də bir qədər uzaq məsafəyə sürüşdürüləcək. Əlavə olaraq, nəzərə almaq lazımdır ki, öz növbəsində aşağı neft qiymətləri, yaxın illərdə neftin qiymətinin yenidən yüksəlməsinə gətirib çıxara bilər. Bu isə bazarda qiymət sabitsizliyi ilə nəticələnəcək. - Qiymətlər aşağı səviyyədə qalacaq, ya daha da düşəcək? Daniel Yorqin, amerikan iqtisadçısı, Pulser mükafatı laureatı. Enerji sferasına aid “İHS” araşdırmalar şirkətinin vitse-prezidenti, Cimmi Karterdən başlamış, bütün ABŞ prezidentlərinin müşaviri. BBC – Hazırda neft bazarında nə dəyişilib? Yorqin – Ən mühüm məsələ 2008-ci ildən sonra Amerikadakı neft hasilatının iki dəfə artmasıdır. Hazırda Amerikanın özünün çıxardığı xam neft ehtiyatı var və onlar onu ixrac etmək istəyirlər. Beləki, ABŞ-da neft hasilatına qoyulan embarqonun ləğvindən sonra bazardakı neftin həcmi artacaq. Bu hələlik ilk başlarda hədsiz böyük miqdar olmasa da, 3-4 ildən sonra hasilatın həcmi tədricən artacaq. BBC – Sizin fikrinizcə Səudiyyə Ərəbistanı indiki vəziyyətdə çoxmu duruş gətirə bilər? Yorqin – Neftin qiyməti ilə nəyin baş verməsi məsələsinə təkcə öz bazarında yaşanan hadisələr kontekstindən deyil, həm də geosiyasi nöqteyi-nəzərdən yanaşılmalıdır. Çünki İran bidirir ki, Səudiyyə Ərəbistanı və digər ölkələr hasilatı azaltmalıdırlar, amma buna baxmayaraq, iranlılar sanksiyalar götürüldükdən sonra dünya bazarına neft çıxarmaq istəyirlər. Səudiyyə Ərəbistanı və digərləri hasilatı aşağı salmaq və bazarda İran neftinə güzəştə getmək istəmirlər. Ona görə də, məsələyə geosiyasi məntiqlə yanaşsaq görərik ki, İranla İraqın razılığa gəlməsi, Suriyada baş verənlər – bütün bu faktorlar Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin qəbul etdikləri qərarlara ciddi təsir göstərir. Bu ölkələr söyləyirlər ki, biz hasilatı aşağı salacağıq, İran isə qaldıracaq. Bəs, Rusiya necə, hasilatı aşağı salacaqmı? Rusiya isə deyir ki, yox. Beləliklə də təzyiqlər artır, tərəflər hansısa razılığa gəlməyə cəhd edirlər. BBC – Siz geosiyasəti yada saldınız. Bu yeni alyansların yaranması və köhnələrinin dağılması anlamınamı gəlir? Yorqin – Aydındır ki, İran və Səudiyyə Ərəbistanı arasındakı düşmənçilik münasibətləri artıq neçə on illiklərdir ki, davam edir. Ancaq həmin münasibətlər, İran ilə Amerika, Britaniya və digər ölkələr arasındakı nüvə anlaşmasından sonra bir qədər başqa forma alır. Qərblə İran arasındakı münasibətlər dəyişir. Fars körfəzi ölkələri nüvə sövdələşməsini böyük təəccüblə qarşıladılar. Ona görə öz növbəsində regon ölkələri də qarşılıqlı münasibətlərdəki ifadə tərzlərini dəyişməyə cəhd edirlər. Son altı ayda Fars körfəzi ölkələrindən və Səudiyyə Ərəbistanından Rusiyaya xeyli sayda rəsmi səfərlər edilib. Vladimir Putin ilə keçirilən görüşlər bu ölkələrin Rusiya ilə münasibətləri möhkəmləndirməyə cəhd göstərdiklərinin siqnalıdır. BBC – Bunu Vaşinqton təhlükəli bir hal kimi qarşılamalıdır? Yorqin – Vaşinqtonda digər regionlardakı problemlərə də ciddi diqqət ayrıldığı üçün buna lazımı əhəmiyyət verildiyini düşünmürəm. Geosiyasi güvvələr nisbətində dəyişikliyin baş verməsi çox mühümdür. Hazırda ən təxirəsalınmaz məsələ hər halda Suriya problemidir. İndi məlum olur ki, bu problem Rusiyanın iştirakı olmadan həll edilməyəcək və ona görə də, Vladimir Putin özünü danışıqların düz mərkəzinə qoyub. Tərcümə etdi: Vaqif NƏSİBOV
BBC – Neftin aşağı qiymətləri sabitliyi nəinki Fars körfəzində, ümumiyyətlə bütün dünya üzrə nə qədər poza bilər?
Stivens – Düşünürəm ki, bu ehtimal çox yüksəkdir. Neft hasil edən ölkələr neftin qiymətini yuxarıda saxlamaq istəyirdilər. Beləki, onlar 2011-ci ildə ərəb baharı əhval-ruhiyyəsi dalğasında cuşa gələnlərin küçələrdə şuluqluq salmasını istəmirdilər. İş yerləri, müavinət və sairə yaratmaq üçün onlara yüksək gəlirlər lazım idi. İndi qiymətlər düşdüyü bir vaxtda belə gəlirlər olmayacaq. Elə ona görə də, tamamilə mümkündür ki, hansısa ölkələrdə artan ictimai narazılıq və etirazlarla qarşılaşacağıq. Bu isə öz növbəsində nefti yenidən geosiyası gündəmə qaytaracaq. Lakin tamamilə aydındır ki, neft hasil edən əksər ölkələr ciddi problemlərlə üz-üzədir.
BBC – Yaxın yarım il ərzində biz neftin aşağı qiymətlərdə qalacağını gözləyə bilərikmi?
Yorqin – Bəli, mən düşünürəm ki, yaxın altı ay ərzində qiymətlər aşağı səviyyədə qalacaq və hətta daha da enəcək. Bununla yanaşı İran neftinin bazara qayıtmasından və onun hansı miqdarda satışa neft çıxaracağından sonrakı vəziyyəti izləmək lazımdır. Bu isə enerji bazarındakı vəziyyəti bir qədər də gərginləşdirəcək.