NEFTİN QİYMƏTİ: BİR YAXŞI, BİR PİS XƏBƏR – Qiymət yalnız 2020-ci ildə 60 dollara çatacaq

 

publika.az1440141277neft pul

2015-ci ilin əsas iqtisadi sürprizlərindən biri neftin qiymətinin səs-küylü düşüşünün qlobal iqtisadiyyatın böyüməsinə nəzərəçarpacaq dərəcədə təsir göstərməməsindən ibarətdir. 2014-cü ilin iyununda 1 bareli 115 dollar olan neftin qiyməti dan, 2015-ci ilin noyabr ayına kimi 45 dollara qədər düşməsinə baxmayaraq, əksər makroiqtisadi modellərə görə, bu faktorun qlobal böyüməyə təsiri, gözlənildiyinin əksinə olaraq, çox az olub – təxminən dünya ÜDM-nin 0,5%-i.

Buradakı yaxşı xəbər həmin göstəricinin pozitiv olması və onun iqtisadi böyüməyə nisbətən müsbət təsir etməsindən ibarətdir. Çünki belə bir vəziyyət 2016-cı il üçün də saxlanıla bilər. Pis xəbər isə aşağı neft qiymətinin ixracatçı ölkələr üçün daha böyük çətinliklər gətirəcəyidir.

Neftin qiymətinin indiki enişini 1985-1986-cı illərdəki düşüş ilə müqayisə etmək olar. O zamankı qiymətlərin kəskin düşüşü, neft bazarındakı təklifin hədsiz çoxalması ilə bağlı idi. OPEK ölkələri (ilk növbədə Səudiyyə Ərəbistanı) bazardakı paylarının normallaşdırılmasından ötrü neft ixracını artırmışdılar.

Nə zaman ki söhbət tələb faktoru üzündən neftin qiymətinin aşağı düşməsindən gedirsə, onda iqtisadiyyat üçün böyük müsbət effektin gözlənilməsi əbəsdir. Belə olan halda neftin qiyməti qlobal iqtisadiyyatı irəliyə aparan xarici təsir gücündən daha çox, avtomatik sabitləşdirici rolunu oynayır.

2014-2015-ci ilin neft şokunun xüsusiyyəti, bundan əvvəlki dönəmlərdəki vəziyyətlərə nisbətən, heç də birmənalı deyil. Görünür ki, onun hərəkətverici qüvvəsi, az və ya çox, ancaq hər halda tələb və təklif faktoru arasında bərabər səviyyədə paylanır. Əlbəttə, sözsüz ki, ölkədaxili istehlakın yenidən qurulması ilə məşğul olan Çinin iqtisadi inkişaf tempinin zəifləməsi bütün xammal məhsullarının qiyməti üçün əyləc rolu oynayıb. Ümumi nəticədə 2015-ci ildə metalların da indeksləri kəskin aşağı yuvarlanıb.

Ancaq bütün bunlara baxmayaraq, yeni neft mənbələrinin meydana çıxması heç də az əhəmiyyətli faktor sayılmamalıdır. Hal-hazırkı şist nefti inqilabı sayəsində ABŞ-da gündəlik hasilat 2008-ci ildəki beş milyon bareldən, 9,3 milyon barelə qədər yüksəlib. Qiymətlərin çöküşünə baxmayaraq, bu sıçrayış hələ də davam edir.

Neftin qiymətinin düşməsi müəyyən mənada sıfır məbləğlə oynamağa bənzəyir. Beləki, neft istehsal edənlər itirir, istehlakçılar isə qazanır. Adətən həmişə belə hesab edilir ki, daha aşağı qiymətlər qlobal tələbi stimullaşdırır. Ona görə ki, istehlakçılar belə vəziyyətdə əldə etdikləri qazancları əsas etibarı ilə xərcləyirlər. İstehsalçılar isə topladıqları pulları saxlamaqla, vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalırlar.

Lakin bu fərq 2015-ci ildə özünü əvvəlkilərə nisbətən daha az büruzə verib. Bunun səbəblərindən biri, enerji resursları ixrac edən ölkələrin 1980-ci illərdəkinə nisbətən, hal-hazırda qlobal iqtisadiyyatda daha əhəmiyyətli rol oynamalarıdır. Çünki onların neft bazarına yanaşma tərzləri, inkişaf etmiş qabaqcıl ölkələrdən fərqli olaraq, dövlətin iqtisadiyyata müdaxilə etməsi prinsiplərinə əsaslanır.

Hindistan və Çin kimi ölkələr istehlakçıları aşağı qiymətlərlə təmin etmək üçün, pərakəndə enerji resursları bazarını dövlət subsidiyaları hesabına sabitləşdirirlər. Hələ neftin qiyməti zirvədə olanda bu subsidiyaların dəyəri xeyli yüksək idi. İndi isə bir çox ölkələr bu cür subsidiyaları azaltmağın yollarını axtarırlar.

Bütün bunlarla yanaşı iri neft ixracatçıları kəskin aşağı gedən qiymətlər fonunda öz xərclərinə yenidən baxmaq məcburiyyətindədirlər. Hətta böyük maliyyə və neft ehtiyatına malik olan Səudiyyə Ərəbistanı da, əhalisinin sürətli artımı və hərbi xərclərin yüksəldilməsinə görə gərginlik hiss edir.

Neft qiymətlərinin dünya iqtisadiyyatının böyüməsinə göstərdiyi səssiz təsir sürpriz sayılmamalıdır. Elmi tədqiqatlar bunu çoxdandır ki, göstərir. İndi neft əvvəlki kimi biznes dövriyyəsinin tam müstəqil lokomotivi hesab edilmir. Neft hasilatına və neft kəşfiyyatına yatırılan qlobal sərmayələrin həcminin bir neçə il sürətli yüksəlişindən sonra, ümumi yatırım 2015-ci ildə aşağı düşürək 150 milyard dollar təşkil edib. Zamanla bu tədricən neft qiymətlərinə də təsir göstərəcək. Neftin bir barelinin qiyməti yalnız 2020-ci ildə 60 dollara çatacaq.

Əksər makroiqtisadi modellərə əsasən, 2016-cı il üçün yaxşı xəbər, iqtisadi böyüməyə aşağı neft qiymətlərinin təsir effektinin hələ bir neçə il davam etməsi ola bilər. Amma digər tərəfdən isə neft istehsalçıları üçün risklər durmadan artır. Dövlət idarəetməsində problemlər yaşayan Venesuela açıq şəkildə kollaps vəziyyətindədir. Bir çoxları isə tənəzzülün astanasındadır. Üzən valyuta məzənnəsinə üstünlük verənlər içərisində Kolumbiya, Meksika və Rusiya sərt büdcə məhdudiyyətlərinə baxmayaraq, vəziyyətə uyğunlaşa biliblər (Lakin neftin qiyməti yüksəlmədiyi halda Rusiyanın vəziyyəti getdikcə pisləşəcək). Bunun əksinə öz valyutalarını hərəkətsiz şəkildə ABŞ dollarına bağlayanlar isə daha sərt sınaqlarla qarşılaşırlar. Uzun müddətdir ki, məzənnəsi birbaşa dolların dinamikasına bağlanan və nə zamansa sarsılmaz görünən Səudiyyə Ərəbistanı valyutası, son həftlər ciddi təzyiq altındadır.

İki kəlmə ilə belə demək olar ki, ilin əvvəlində güman edildiyinin əksinə olaraq, 2015-ci ildə neftin qiyməti dünya iqtisadiyyatının böyüməsi üçün mühüm əhəmiyyat kəsb etmədi. Böyük həcmli valyuta ehtiyatı mühafizəkar makroiqtisadi siyasət, əksər iri neft istehsalçısı ölkələrinə sarsıdıcı maliyyə streslərinin öhdəsindən gəlməyə və dərin böhrana sürüklənməməyə imkan verdi. Ancaq üzümüzə gələn il, xüsusəndə neft istehsalçısı ölkələr üçün, sözün hələ yaxşı mənasında tamamilə başqa cür ola bilər. (Project Syndicate)

Tərcümə etdi: Vaqif NƏSİBOV






Fikirlər