“Hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir” – Nazir
Nazir: “Qlobal iqtisadi proseslər səbəbindən cari ilin makroiqtisadi proqnozlarına üçüncü dəfə yenidən baxılıb”
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib.
“APA-Economics”in xəbərinə görə, Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələri dünyada baş verən proseslərin mövcud və gələcək təsiri nəzərə alınmaqla tərtib edilib.
“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub. Buna baxmayaraq dövlət büdcəsi elə tərtib olunub ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı təsirinin gözlənilməsi demək olar ki, sıfıra bərabərdir. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi inkişaf edəcək”, – deyə Ş. Hacıyev qeyd edib.
Maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsinin parametrlərindən danışmazdan əvvəl cari ilin makroiqtisadi göstəricilərinə toxunub. Nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır.
“Qonşu dövlətlərdə milli valyutanın devalvasiyası nəticəsində Azərbaycan məhsullarının dəyərinin artıb, onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. Bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur. Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir. Dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Sosial iqtisadi inkişaf proqnozlarının, ÜDM artımının əvvəlki proqnozdan 1,1% az, yəni 3,3% olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6%, qeyri-neft sektorunda 5,9% artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,08 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1% azdır. Cari ilin xərclərinin icrası isə 84% səviyyəsində gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 16% azdır”, – deyə S. Şərifov qeyd edib.