2017-ci İLDƏ NƏLƏR BAHALAŞACAQ? – Qubad İbadoğlu yazır
İqtisadçı ekspert Qubad İbadoğlu özünün facebook hesabında 2017-ci ildə bahalaşa biləcək bir sıra malların siyahısını açıqlayıb. Qubad İbadoğlu həmin malların bahalanma ehtimalını aktuallaşdıran səbəbləri də izah edib. “AzPolitika.info” iqtisadçı ekspert Qubad İbadoğlunun həmin açıqlamasını diqqətinizə çatdırır: “Gələn ildən avtomobillərin, yaxtaların, şubaların, xəzli paltoların, kürklərin qiyməti bahalaşacaq. Bu artımı idxal mallarına tətbiq olunacaq aksiz dərəcəsinin qaldırılması şərtləndirəcək. Vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması, idxal olunan xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb edilməsidir. Belə ki, yeni dəyişikliklərə görə, mühərrikin həcmi çox olan avtomobillərdən idxal olunarkən daha çox aksiz vergisi alınacaq. Bu dəyişiklik mühərrikin həcmi 2000 kubsantimetrə qədər olanlara şamil olunmur. Ona görə də həmin avtomobillərin qiymətlərində bahalaşma tempi az olacaq, əsasən qiymət bahalaşması mühərrikin həcmi 2000 kubsantimetrdən çox olanlarda müşahidə olunacaq və mühərrikin həcmi artdıqca qiymət daha da yüksələcək. Məsələn mühərrikinin həcmi 5000 kubsantimetrdən çox olan avtomobillər üçün gələn ilə qədər 13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə – 10 manat aksiz vergisi ödənilirdisə, gələn ildən belə avtomobillər üçün 31 400 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat aksiz vergisi ödənilməlidir. Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda isə indiyə qədər 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 1,5 manat ödəyənlər gələn ildən 400 manat + hər kubsantimetr üçün 2 dəfə çox, 3 manat ödəyəcəklər. Mühərrikinin həcmi 4000 kubsantimetrədək olduqda isə 1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat aksiz vergisi tələb olunurdusa, növbəti ildən belə avtomobillər üçün hesablamalar 3400 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat olacaq. Nəhayət, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda əvvəllər 5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat ödəyəniş tələb olunurdusa, 2017-ci ilin 1 yanvarından tətbiq olunan yeni qaydalara görə, ödənişlər 11 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat olacaq. Gələn ildən ölkəyə gətirilən İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də tətbiq olunan aksiz dərəcləri atırılacaq. Əgər əvvəllər yaxtaların mühərrikinin həcminin hər kubsantimetrinə görə – 3 manat aksiz vergisi ödənilirdisə, gələn ildən aksiz dərəcəsi 6 manat olacaq. Bununla yanaşı 2017-ci ilin 1 yanvarından idxal olunan xəz-dəri məmulatları da aksiz vergisinə dərc olunacaq. Bu da o deməkdir ki, gələn ildən şubalar, kürklərin və digər bu tip geyim əşyalarının qiymətləri baha olacaq. Bu dəyişiklikləri şərh edərkən onu bildirmək istərdim ki, xüsusilə də mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avrtomobillərə aksiz dərəclərinin artırılması düzgündür. Bu dəyişiklik həm də ekoloji baxımdan əhəmiyyətlidir. Baxmayaraq ki, aksiz dərəcələrinin qaldırılması qiymət artımına və idxalın azalmasına səbəb olacaq, maşın parkının yeniləşməsinə mənfi təsir göstərəcək, amma bu dəyişikliklər xüsusilə də indiki böhran şəraitində məqbul hesab oluna bilər. Burda narahatçılıq doğuran əsas məqam odur ki, bu gün avtomobilin qiymətlərinin bahalaşmasına rəvac verən vergi siyasəti sabah benzinin qiymətinin artırılmasına da əsaslar yarada bilər”.