Əli Məsimli: “MƏMURLARIN GƏLİRLƏRİNİ YOXLAYAN XÜSUSİ QURUM yaradılmalıdır”
Bu ilin 6 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsində çıxış edən prezident İlham Əliyev ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi aparılmalı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir: “Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır”. Dünya təcrübəsində dövlət idarəetməsində korrupsiyanın qarşısının alınmasına yönəlik əsas addımlardan biri isə məmurların gəlirlərini açıqlamasıdır. Azərbaycanda uzun illərdir tətbiqi baş tutmayan bu mübarizə vasitəsi ilə bağlı suallarımızı millət vəkili Əli Məsimli cavablandırdı: - Əli bəy, Azərbaycanda məmurların gəlir bəyannaməsi verməsi prosesi, bildiyiniz kimi, yarımçıq qalıb. Neçə illərdir bu məsələ gündəmə gətirilsə də, baş tutmur. Sizcə, səbəb nədir? - Məmurların gəlir bəyannaməsinin təqdim edilməsi şəffaflığın təmin edilməsi və korrupsiyanın aradan qaldırılmasının ən vacib şərtlərindən biridir. Bu baxımdan, əslində dünyanın əksər ölkələrində vəzifəli şəxslər, nazirlər, məmurlar və s. gəlir bəyannaməsini açıqlamaqda maraqlı olmurlar. Amma bunu istəməsələr belə, qanun tələb etdiyindən qaydalara əməl edirlər. Azərbaycanda da 24 iyun 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun qəbul edilib. 2005-ci ilin 9 avqustunda isə bu qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanı verilib. Həmin qanunda öz əksini tapmış qaydalar “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə; vergitutma obyekti olan əmlakı barədə; kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə; şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə; borcu, maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlara vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar da daxildir. Vəzifəli şəxslər bəyannaməni yazılı formada tərtib edirlər və bəyannamədə göstərilən məlumatların həqiqiliyinə və tamlığına görə şəxsi məsuliyyət daşıyırlar. Öz fəaliyyətini qərəzsiz həyata keçirən, öz xalqına, dövlətinə şərəflə xidmət edən, təmiz işləyən vəzifəli şəxslər üçün sözügedən məzmunda bəyannamə verməkdə heç bir problem yoxdur. Bu baxımdan yanaşanda, əslində “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun tətbiqinin bu qədər gecikdirilməsi anlaşılan deyil... Amma başqa məqam var. Azərbaycanda bir qayda olaraq vəzifəli şəxs özü birbaşa bizneslə məşğul olmur. Amma onların bir qisminin idarə etdiyi biznes sahələri var və bunu dolayı yollarla həyata keçirirlər. Eyni zamanda vəzifəli şəxslərin oturduğu kreslonu sərvətə konvertasiya etməklə məşğul olan hissəsi tərəfindən hər il bu cür maliyyə xarakterli bəyannamənin təqdim edilməsi onun aləmində özünəqəsd etməsi kimi bir şeydir. Bu zümrədən olan məmurların öz gəlirlərini bəyan etməsi onlar üçün ciddi problemlər yarada bilər, çünki onların bir qismi birbaşa olmasa da, dolayısı ilə müxtəlif sahibkarlıq strukturlarına nəzarət edirlər. Monopoliya da xeyli dərəcədə burdan qaynaqlanır və potensialımıza layiq inkişafımızı tormozlayır. Ona görə də Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” haqqında qanun 2005-ci ilin 9 avqustundan qüvvədə olsa da işləmir. Bu qanun işləmədiyinə görə vəzifəli şəxslərin bir hissəsi çalıb-çapmaqla məşğuldur... Məsuliyyət hissini itirib harınlamışları isə xalqa qarşı özbaşınalıqdan belə çəkinmirlər. Həmin zümrədən olan vəzifəli şəxslər yalnız vəzifədən gedəndən sonra məlum olur ki, dövlətə, xalqa yüz milyonlarla, milyardlarla manat ziyan vurublar. - Maraqlıdır, nədən hətta Rusiyada belə bəyannamələr verilir, ictimaiyyətə açıqlanır, bizdə isə bu, alınmır? - Rusiyada və postsovet məkanına aid olan bir sıra ölkələrdə məmurların gəlir bəyannamələri verməsi ilə bağlı indiyədək görülən işlər irəliyə doğru mühüm addım hesab olunsa da, daha çox aşağı və orta ranqlı vəzifəli şəxsləri əhatə edir. Ona görə də postsovet məkanına aid ölkələrin çoxunda korrupsiya yüksək həddə olmaqla dünya ölkələri arasında ön sıralarda gedirlər. Sözügedən həmin tədbirlər bir sıra hallarda isə onlarda da dekorasiya xarakteri daşıyır. Məsələn, Şevardnadze zamanında Gürcüstan vəzifəli şəxslərin gəlir bəyannaməsi verilməsinə və ictimaiyyətə açıqlanması sahəsində postsovet məkanında öndə gedən ölkələrdən biri idi, amma eyni zamanda həm də həmin dövrdə Gürcüstan postsovet məkanında korrupsiya sahəsində də öndə gedən ölkələrdən biri idi. Yalnız Saakaşvili hakimiyyətə gələndən sonra onun ciddi cəhdləri hesabına Gürcüstanda korrupsiya əhəmiyyətli dərəcədə azalmış oldu və digər ölkələrə nümunə göstərilməyə başlandı. Hələ inkişaf etmiş ölkələri bir yana qoysaq,... postsovet məkanına aid olan Baltikyanı ölkələrin təcrübəsi göstərir ki, korrupsiya hər yerdə olsa da, onunla mübarizə üsulları düzgün tətbiq ediləndə bu yolla korrupsiya hallarını xeyli azaltmaq olur. Ona görə də məmurların gəlirlərini bəyan etməsi çox vacibdir Bu əsasda cəmiyyət də, dövlət də haqqı-nahaqdan, ağı-qaradan seçə bilər. Əks halda, bu məsələdə vəziyyətin bulanıq olması həmişə sosial narazılıq və bir sıra hallarda isə gərginlik mənbəyi olaraq qalacaq. - Bu sistemi işə salmaq, mexanizmi yaratmaq üçün hansı addımlar atılmalıdır? Qanunvericiliyə hansı dəyişiklıiklər olunmalıdır? Bu məsələ ilə bağlı Siz konkret nələri təklif edirsiniz? - Beynəlxalq təcrübədən məlumdur ki, ümumiyyətlə, korrupsiyaya qarşı mübarizədə və vəzifəli şəxslərin gəlir bəyannaməsinin elan edilməsi sahəsində yalnız bu problemin həllinə kompleks yanaşan və korrupsiyanı idarəetmə forması kimi inkar etmiş ölkələr uğurlu nəticələr əldə edə bilirlər. Ona görə də hər şeydən əvvəl inhisarçılığa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı mübarizə fikirdə, sözdə və işdə dövlət siyasətinin prioritetinə çevrilməlidir. Qanunun aliliyi təmin edilməli, azad, ədalətli qərarlar çıxarmaq səviyyəsində işləyə bilən müstəqil məhkəmə sistemi formaşdırılmalı, heç kimə qanundan yüksəkdə durmağa, insanların hüquqlarını tapdalamağa, haqlarını yeməyə imkan verilməməlidr. Bu baxımdan Azərbaycanda korrupsiyaya qarşı həyata keçirilən tədbirləri, qəbul edilən proqram, qanunlar və digər sənədləri, yaradılan qurumları, atılan hər bir addımı, hər bir işi müsbət qiymətləndirməklə yanaşı, həm də onu da qeyd etmək lazımdır ki, məmurların gəlir bəyannaməsi verməsi ilə bağlı indiyədək görülən işlər dekorasiya xarakteri daşıyır. Milli Məclisin qəbul etdiyi və prezidentin imzaladığı 14 avqust 2005-ci ildə dərc olunduğu gündən qanuni qüvvəyə mindiyi “Vəzifəli şəxslərin gəlir bəyannaməsinin elan edilməsi qaydaları” tətbiq olunmağa başlanmalıdır. Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanunun reallaşdırma mexanizmi hazırlanıb, həyata keçirilməlidir. Qanunun tətbiq edilməsi barədə xüsusi prezident fərmanında göstərilmişdi ki, Nazirlər Kabineti iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin. Heç olmasa aradan 12 il keçəndən sonra həmin fərmanda göstərilən işlər həyata keçirilməlidir. Maliyyə amnistiyası haqqında və ya gəlirlərə və əmlaka amnistiya barədə qanun qəbul edilməli, yaxud da müvafiq fərman verilməlidir. Gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra təbii ki, məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır. - Məlumdur ki, məmurların əmlakı bir qayda olaraq öz adlarına rəsmiləşdirilmir. Bu halda onun uçotunu necə aparmaq olar? - Vəzifəli şəxslərin gəlirlərinin real miqyaslarını öyrənmək heç də asan iş deyil. Ona görə də vəzifəli şəxslərin gəlirlərinin real miqyasının öyrənilməsi sahəsindəki qabaqcıl dünya təcrübəsini bizdə də tətbiq etmək lazımdır. Azərbaycanda nəzarət işi çox paradoksludur: nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Vətəndaş öz eyvanında bir kərpic artıq qoyanda bir neçə təşkilatın nümayəndəsi tez gəlib başının üstünü alır, ya cəzalandırır, ya da nəsə alıb gedir.... Amma nəzarət dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda “yolavermə” mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, yüz milyon manatlarla ölçülən səviyyədə yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirik ki, aidiyyəti orqanlar və Hesablama Palatası vəzifəli şəxslər korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası haqqında yeni qanunda bu qurumun səlahiyyət dairəsi xeyli artırıldı və korrupsiyaya qarşı mübarizə imkanları xeyli genişləndirildi. Hesablama Palatasının büdcə proseslərinə və umumiyyətlə, hökumətin maliyyə siyasətinə təsirini gücləndirməkdən ötrü nəzarət üsulunu əsaslı surətdə yenidən qurmaq lazımdır. Bununla yanaşı, maliyyə sahəsində müasir tələblərə cavab verən hüquqi baza formalaşdırmaqdan ötrü Dövlət Maliyyə Nəzarəti haqqında model qanunun və ondan doğan digər normativ-hüquqi aktların, eləcə də Büdcə Məcəlləsinin də qəbulunun sürətləndirilməsini zəruri hesab edirik. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübədən çıxış edərək məmurları gəlir bəyannamələrinin həqiqətə nə qədər uyğun olub-olmadığını obyektiv şəkildə yoxlayan xüsusi səlahiyyətlərə malik, müstəqil bir qurumun yaradılmasına da ehtiyac var. Beynəlxalq təcrübədən məlumdur ki, maliyyə amnistiyası tətbiq edilərsə, qoyulan maksimum məqsədə tam nail olunması mümkün olmasa da, hər halda, iqtisadiyyata sərmayələr artar, yeni iş yerləri açılar, əmlaklar leqallaşar, ölkə üzrə vergi bazası genişlənər və deməli, büdcəyə daxilolmalar da artar. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nda vəzifəli şəxsin təkcə Azərbaycan ərazisində deyil, xaricdəki əmlakı və maliyyəsi ilə bağlı da məsələlər birmənalı mətnlə öz əksini tapmalıdır. Bu yolla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”ndan ən azından çəkindirici bir amil kimi istifadə etmək, korrupsiyanı tam aradan qaldırmaq mümkün olmasa da, hər halda, xeyli səngitmək, həm də beynəlxalq təcrübədən məlum olan miqyaslarda xaricə daşınan oğurluq pulların qarşını almaq, həm də onun bir hissəsini ölkəyə qaytarmaq olar. (“Yeni Müsavat”) “Vəzifəli şəxslər korrupsiyaya qurşanandan sonra tədbir görülməli deyil...”
“On üç il əvvəl qəbul edilən qanun niyə icra olunmur”