Yaxın qohumlar bir yerdə işləyə bilməyəcək - YENİ QANUN

“Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya “Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” adlı yeni qanun layihəsi hazırlamağa başlayıb. Yeni qanun layihəsi Komissiyada hazırlandıqdan sonra Milli Məclisə göndəriləcək. Ümid edirəm ki, parlamentdə bu qanun layihəsi qəbul ediləcək”.

AzerTaym.az Modern.az-a istinadən məlumatına görə bunu Prezident yanında Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev deyib.

 

O bildirib ki, bu gün eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasına qarşı qüvvədə olan qanunun maddəsi işlək deyil:

 

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun bu maddəsi işlək deyil”

 

“Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir.

Amma təcrübə onu göstərir ki, Azərbaycanda məhz bu sahədə mövcud olan qanunvericilik tam tənzimlənmir. Ona görə də “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun məhz bu məsələyə aid maddəsi hələ də praktik baxımdan işlək deyil.
Çünki hələ ki Azərbaycanda “Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun qəbul edilməyib”.

 

“Siyasi idarəçilik və iqtisadi sahədə yaxın qohumların bir yerdə çalışmasına yol verilməyəcək”

 

Hüquqşünas yeni qəbul ediləcək “Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanunun əhəmiyyətini bu cür açıqlayıb:

“Əlbəttə, “Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanunun qəbulu bu gün çox zəruridir.

Bu gün Azərbaycanda aparılan struktur islahatları bu qanunun qəbulunu zəruri edib. Artıq bu qanun qəbul edildikdən sonra“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda olan müvafiq maddə işlək mexanizmə düşəcək.

Beləliklə də, siyasi idarəçilik və dövlətin iqtisadi, maliyyə qurumlarında yaxın qohumların eyni dövlət orqanlarında tabelilik münasibətlərində çalışması mümkünsüz olacaq”.

 

“Yaxın qohumların eyni dövlət orqanında işləməsi korrupsiyanı gücləndirir”

 

Ə.Nuriyev deyib ki, eyni dövlət orqanında yaxın qohumların tabelilik münasibətlərində çalışması korrupsiyaya yol açır.

O vurğulayıb ki, qəbul olunacaq yeni qanunla qohumların tabelilik münasibətlərində çalışması qadağan ediləcək:

“Bu gün Azərbaycanda korrupsiya və rüşvətxorluğa ən yaxşı yol açan hallar eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasıdır.

Çox təəssüf ki, Azərbaycanda maliyyə, iqtisadi və dövlət idarəçilik sahəsindəki qərarları birbaşa olaraq qəbul edən dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışması faktları var.

Qəbul ediləcək bu yeni qanun bu cür neqativ halların qarşısını alacaq”.

 

“Artıq nazirlər tenderləri öz qohumlarına sata bilməyəcək”

 

Hüquqşünas vurğulayıb ki, “Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında” qanun layihəsinin qəbulu ilə nazirlərin tenderləri öz yaxın qohumlarına satmasına son qoyulacaq:

“Belə neqativ hallar birbaşa olaraq dövlət və hökumət tərəfindən qəbul edilən qərarların icrasına çox böyük maneələr yaradır.

İqtisadi sahədə dövlətin elan etdiyi tenderlərin şəffaflıq şəraitində keçməsinə imkan vermir və bu sahədə qatı inhisarçılıq formalaşdırır. Çox zaman dövlət orqanı rəhbərli tenderləri öz tabeli münasibətlərində olan qohumlarına verirlər. Sağlam və azad rəqabət mühiti olmur.

Ona görə də dövlət orqanlarında, iqtisadi sahədə korrupsiyanın qarşısını alınması üçün “Vəzifəli şəxslərin faəliyyətində maraqlarının toqquşması haqqında” adlı yeni qanun layihəsinin qəbulu mühüm addım olacaq”.

 






Fikirlər