Ə.Cavadov daha Milli Məclisin üzvü ola bilməyəcək

 

Son zamanlar biznesmen-deputatla icra başçısı Ənvər Seyidəliyev arasında ciddi münaqişə yaşanır

 

MUM-un sahibi Ağsu rayonunun sakinləri üçün heç bir iş görməyib

Parlamentin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş deputatı, "ÇUM" adı ilə məşhur olan Mərkəzi Univermağın (MUM) sahibi Ərəstun Cavadovun adı son zamanlar mətbuatın gündəmindən düşmür.

Belə ki, qüvvədə olan qanunların vəzifə sahiblərinin, məmurların, eləcə də millət vəkillərinin bizneslə məşğul olmasını qadağan etməsinə baxmayaraq, Ərəstun Cavadovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, artıq deputat özünü yeni istehsal sahələrində sınamaq qərarına gəlib.

 

Mənbə iddia edir ki, millət vəkili seçildiyi gündən bir dəfə də olsun parlamentin istər plenar, istər komitə iclaslarında çıxış etməyən, beynəlxalq əlaqələr sahəsində heç bir iş görməyən, seçicilərlə təmasdan yayınan və bu səbəbdən yenidən deputat seçilməsi sual altına düşən Ərəstun Cavadov yenidən aktiv biznes fəaliyyətinə başlayıb. Əldə etdiyimiz bilgilərdə MUM-un sahibinin elektrik avadanlıqları istehsal edən şirkət yaradacağı və bu sahədə inhisarçılıq mövqeyi ilə çıxış edəcəyi deyilir: "Ərəstun Cavadovun quracağı yeni şirkətin adı hələlik bəlli olmasa da, şirkətin elektrik transformator istehsalı və satışı, quraşdırılması, sınağı və təmiri ilə məşğul olacağı qeyd olunur. Eyni zamanda, yeni açılacaq zavodda vakuum açarlarının və paylayıcı elektrik şkafların istehsalı, quraşdırılması və sınağı da həyata keçiriləcək". Deputatın "ÇUM"un icarədarlarına əlavə problemlər yaratdığını deyən məlumatlı şəxs bildirir ki, Ərəstun Cavadov ürəyi istədiyi vaxt icarə haqqını artırır: "Bu isə icarədarların haqlı etirazına səbəb olur. Bundan başqa, deputat həmçinin, "ÇUM"da çalışanların işinə də müdaxilə edir. Odur ki, artıq icarədarlar onun əməllərindən təngə gəliblər". Yeri gəlmişkən, qeyd edək ki, Ərəstun Cavadov vaxtilə "Modalar Atelyesi"nin müdiri işləmiş Hidayət Abbasovun pulunu yeyib. Bu barədə Hidayət Abbasovun özü təxminən, 4 il öncə mətbuata verdiyi açıqlamasında ətraflı məlumat verib. Onun sözlərinə görə, özəlləşmə zamanı Ərəstun Cavadov Mərkəzi Univermağın nəzdində fəaliyyət göstərən "Modalar Atelyesi"ni də ələ keçirmək istəyib. Bu məqsədlə o, əvvəlcə Hidayət Abbasovu ixtisar adı altında işdən çıxarıb. Daha sonra kollektivi də nəzərə almayan Ərəstun Cavadov atelyeni özəlləşdirib. Hidayət Abbasov bildirib ki, işdən çıxarılandan sonra Ərəstun Cavadov atelyedə ona biçici vəzifəsi təklif edib. Deputat bununla Hidayət Abbasovu sakitləşdirməyə çalışıb. Hidayət Abbasov da işsiz qalmamaq üçün müvəqqəti olaraq təkliflə razılaşıb. İki-üç ay atelyedə biçici işləyən Hidayət Abbasov bu müddət ərzində dəfələrlə Ərəstun Cavadovun təzyiqləri ilə üzləşib: "Mənim üstümə adamlar göndərirdi, işimə mane olurdu. Başa düşdüm ki, burada işləməyimi istəmir. Çünki özəlləşdirmə məsələsində iddialı olduğumu bilirdi. Uzun müddət Mərkəzi Univermağın parça satışı şöbəsində işləyən oğlumun özəlləşdirmə zamanı həmin işini itirməməsi üçün Ərəstun Cavadova 2500 dollar pul və 11 özəlləşdirmə çeki verdim. Həmin dövrlərdə özəlləşdirmə çekinin birinin dəyəri 100-150 dollar civarında idi. Ərəstun Cavadov həmin çeklərin yalnız birini bizim adımıza yazdı. Dedi ki, narazılıq etsəniz ikinizi də işdən çıxaracam. O zaman mən "Modalar Atelyesi"ndə işləyirdim. 800 dollar isə oğlumun işlədiyi parça satışı şöbəsinin mebelinə vermişəm. Lakin sonradan Ərəstun Cavadovun təzyiqləri nəticəsində oğlum işini itirməyə məcbur oldu. Beləliklə də Ərəstun Cavadov faktiki olaraq müdiri olduğum "Modalar Atelyesi"ni, 3300 dollar pulumu və 11 çekimi vermədi".

 

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə o da deyilir ki, son zamanlar biznesmen-deputat Ərəstun Cavadovla Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev arasında ciddi münaqişə yaşanır. "Son vaxtlara qədər icra başçısı ilə deputat arasında ciddi ixtilaflar olmasa da, son bir neçə aydır ki, tərəflər arasındakı münasibətlər öz gərginliyi ilə seçilir" deyən məlumatlı şəxsin iddiasına görə, buna səbəb icra başçısının millət vəkilinin onun əleyhinə fəaliyyət göstərməsindən şübhələnməsidir: "İcra başçısı hesab edir ki, onun əleyhinə ölkə mətbuatına ötürülən çox ciddi informasiyaların yayılmasında məhz Ərəstun Cavadovun əli olub. Bu isə tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Deyilənrlərə görə, məhz buna görə də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı bir müddət əvvəl rayon məmurlarını, ziyalılarını, ağsaqqallarını bir araya toplayaraq onlara qarşıdan gələn parlament seçkilərində Ərəstun Cavadovu müdafiə etməməyi tapşırıb". Mənbə həmçinin, onu da qeyd edir ki, "ÇUM" sahibinin ardıcıl olaraq üçüncü dəfə deputatlığa namizədliyini irəli sürməsi Ağsu sakinlərini hiddətləndirib: "Çünki Ərəstun Cavadov deputat mandatı daşıdığı bu on il ərzində seçildiyi Ağsu rayonunun fermerləri, iş adamları və sadə vətəndaşları üçün heç bir iş görməyib. Əksinə, o, əlində olan imkanları rayon əhalisinə qarşı bir çox haqsızlıqlar törətməyə yönəldib. Bu haqsızlıqlar isə ilk növbədə rayon iqtisadiyyatının bir çox sahələrinə nəzarətin Ərəstun Cavadov tərəfindən ələ keçirilməsində özünü göstərib. Bu tendensiya sonda Ağsuda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının ciddi ziyan görməsinə gətirib çıxarıb. Belə ki, təkcə müəssisələri, ticarət obyektlərini deyil, əhalinin, fermerlərin üzüm sahələrini də ələ keçirən Ərəstun Cavadov bu cür əməlləri ilə Ağsu əhalisinin kəskin etirazına səbəb olub. Bu arada, bir məqamı da diqqətinizə çatdırım ki, son vaxtlar Ərəstun Cavadovun Mərkəzi Univermağın rəhbəri kimi bir sıra qanun pozuntularına yol verdiyinə dair iddialar irəli sürülməkdədir. Belə ki, həmin bilgilərdə deputat qızıl bazarını inhisara almağa cəhd göstərməkdə, aylıq dövriyyəsi milyon manatlarla ölçülən Mərkəzi Univermağı dövlət büdcəsinə vergi ödəmələrindən yayındırmaqda, qeyri-qanuni fəaliyyət göstərən zərgərlik emalatxanaları yaradılmasında və bir çox digər neqativ hallarda suçlanır…"

 

 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (gündelik bakı.com)

 

 






Fikirlər