HAKİM PARTİYADA KRİTİK TOPLANTI – Namizədlər siyahısı təsdiqlənir, qarşıdurma var

 

YAPHakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin toplantısı keçirilir. Saat 16-00-da başlayan toplantı bu dəqiqələrdə də davam edir. Modern.az saytının məlumatına görə, iclasda partiyanın 2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərindəki iştirakı müzakirə olunur.

İclasın yekununda hakim partiyanın Milli Məclisə növbəti seçkilərdə iştirak edəcək namizədlərinin siyahısının açıqlana bilər.

Ölkə ictimaiyyətinin və siyasi çevrələrin bütün diqqəti hakim Yeni Azərbaycan Partiyasının Milli Məclis seçkilərinə qatılacaq deputatlığa namizədlərinin siyahısına yönəlib.

Hakimiyyətə yaxın dairələr, müstəqil şəkildə deputatlığa namizədliyini verəcək şəxslər, hətta bəzi müxalif partiyalar öz seçki taktika və strategiyasını YAP-ın seçki siyahısı üzərində fokuslaşdırıb.

AzPolitika.info-ya daxil olan məlumata görə, YAP İdarə Heyətində bu gün müzakirəyə çıxarılan namizədlər siyahısı, gözlənildiyi kimi, parlamentin yeni tərkibində ciddi dəyişikliklərin olacağından xəbər verir. Məsələn, Ədalət Partiyasının sədri İlyas İsmayılovun dəfələrlə qaldırdığı məsələnin - vəzifəli şəxslərin, o cümlədən ali məktəb rektorlarının deputatlığının qanunsuzluğu probleminin müəyyən qədər öz həllini tapacağı haqda məlumatlar var. YAP-ın yeni siyahısında məmur və rektorların adının olmadığı bildirilir.

Bundan başqa yaşlı deputatların gənclərlə əvəzləndiyi, lakin illərdir parlamentdə oturan bu insanların ciddi müqavimət göstərdikləri də gələn məlumatlar sırasındadır.

YAP-ın namizədlər siyahısının sabah açıqlanacağı gözlənilir.

Rasim ƏLİYEV
AzPolitika.info






Fikirlər