NƏSİMİNİN İCRA BAŞÇISI NİYƏ «VURULDU»? – Ziya Məmmədova xəbərdarlıq, yoxsa yeni plan?

 

Ziya_Memmedov_131012Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev vəzifəsindən azad olunub. Onun yerinə isə Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov təyin edilib.

Maraqlıdır ki, azad edilən icra başçılarının hamısı - Zakir Fərəcov, Eldar Əzizov, Asif Əsgərov digər şəhər və rayonlara yenidən icra başçıları təyin olunsalar da, eyni şans Nəsib Məhəməliyevə tanınmadı. Bəs, bunun səbəbi nədir?

Strateq.az-ın əldə etdiyi xəbərə görə, nəqliyyat naziri Ziya Məmmədovun “çətir”i altında olan Nəsib Məhəməliyevin “vurulması” onun fəaliyyətindəki nöqsanlardan daha çox, qruplararası savaşdan qaynaqlanıb:

nesib-mehemeliyev.jpg

“Ziya Məmmədova rəqib qruplar Nəsib Məhəməliyevin barəsində hakim dairələrdə çox kəskin rəy yaratmağa nail olmuşdular. Bu, ötən ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrində də özünü göstərmişdi. Belə ki, Bakının ən böyük və zəngin rayonu sayılan Nəsimidə yeganə seçkili qurum olan rayon bələdiyyəsinə seçilən 19 üzvün böyük əksəriyyəti icra başçısının iradəsindən kənar şəxslər idi və elə bu fakt yaxın gələcəkdə çox ciddi proseslərin baş verəcəyinin anonsu idi. Xüsusilə bələdiyyəyə yeni sədrin Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri işləyən Nazim Qaraxanovun gətirilməsi, onun isə sələfi Asif Qurbanovun fəaliyyətini təftiş edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə yaxından yardım göstərməsi Nəsib Məhəməliyevə xoş gələcək vəd etmirdi.

Nəsib Məhəməliyevin ətrafında bu cür “təhlükəli oyunlar”ın baş verməsi tək özünün fəaliyyətindən, bələdiyyə vasitəsiylə rayonun ərazisini talan etməsindən deyil, həm də Ziya Məmmədovun son bir ildə “büdrəməsi”ndən qaynaqlandı…”.

Mənbə deyir ki, vəzifədən qəfil alınması xəbəri Nəsib Məhəməliyevdə böyük sarsıntı yaradıb:

“Ancaq onun yaxınları, hətta Nəsimi rayonu ərazisində ötən 9 il ərzində milyonlarla dollar dəyəri olan xeyli daşınmaz əmlaklara sahiblənən qardaşları Nəsib Məhəməliyevin “vurulması”nı tamam başqa planın tərkib hissəsiylə əlaqələndirməyə çalışırlar. Onlar iddia edirlər ki, Nəsib Məhəməliyevin işdən çıxarılması, onun doğulduğu Balakən rayonundan deputat olmaq arzusu və yaxud hansısa başqa bir yüksək vəzifəyə keçirilməsi istəyi ilə bağlı olub. Əlbəttə, 9 illik icra başçısı postunda kifayət qədər sərvət sahibinə çevrilən Nəsib Məhəməliyevin deputat olacağı istisna deyil, harasa təyinatı da mümkündür. Ancaq yalnız bir halda – əgər Ziya Məmmədov mövqelərini qoruyub saxlaya bilsə! Düzdür, heç bir icra başçısı bu vəzifəni deputat mandatına dəyişməyə can atmaz. Sadəcə olaraq, Məhəməliyevin qardaşları belə xəbər yaymaqla, psixoloji sarsıntıdan çıxmağa və ətrafa vurulmadıqları, hakimiyyətdə arzuolunmaz şəxslərə çevrilmədikləri görüntüsünü yaratmağa çalışırlar…”.

Sonda onu da bildirək ki, Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib.

O, 03.03.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Dünən isə tutduğu vəzifədən azad edilib.






Fikirlər