“Milli Dram Teatrı çökür” – TƏNQİD
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun Mədəniyyət və Turizm Nazirliyi ilə müqaviləsini yeniləyərək vəzifəsini davam etdirməsi və xalq artisti Azərpaşa Nemətin bədii rəhbər və baş rejissor təyin edilməsinə teatrın aktyorları münasibət bildirib.
Xalq artisti Nurəddin Mehdixanlı Teleqraf.com-a bildirdi ki, Azərpaşa Nemətin bədii rəhbər və baş rejissor təyin edilməsini müsbət qarşılayıb, İsrafil İsrafilovun təyinatını isə düzgün hesab etmir: “Bir çox aktyorlar beş il müddətində bildirmişik ki, Akademik Milli Dram Teatrına baş rejissor lazımdır. Yəni bu sənət ocağını baş rejissorsuz qoymaq olmaz. Nəhayət ki, bu məsələ öz həllini tapdı və Akademik Milli Dram Teatrına baş rejissor təyin etdilər. Böyük rejissorluq təcrübəsi olan, il boyu bir yerdə işlədiyimiz və əməkdaşlıq etdiyimiz xalq artisti Azərpaşa Nemət baş rejissor oldu. Onunla teatrın kollektivinin heç vaxt problemi olmayıb və ola da bilməz Çünki istedadlı rejissordur və uzun illərin təcrübəsi var, teatrda uğurlu tamaşalar qoyub. Amma bizim üçün xoş olmayan nədir? Adətən teatra rəhbər təyin edildikdə kollektiv toplaşıb və təqdim ediblər. Təbrik edib, uğur arzulayıb və sonra işə başlayırdıq. Amma bu dəfə istirahət günü yanğından mal qaçıran kimi beş-altı adam toplaşıb bədii rəhbəri və baş rejissor seçiblər. Xoş olmayan budur. Bu əslində Azərpaşa Nemət kimi rejissora və kollektivə edilən hörmətsizlikdir. Teatrda Azərpaşa müəllimlə 40-50 il işləyən insanlar var. Mən 1981-ci ildən Azərpaşa müəllimin tamaşalarında oynamışam. Belə ki, rejissorumuz təbrik edərdik və məsələ də bununla bitərdi. Niyə bu işi xəlvət edirlər? Amma Azərpaşa Nemət vəzifəsinə xoş gəlib, səfa gəlib. İllərdi bir yerdə çalışırıq və uğurlu olsun. Hesab edirəm ki, teatrda Azərpaşa müəllimə etiraz edəcək bir insan yoxdur. Amma İsrafil İsrafilova etiraz edəcək çoxluq var. Çünki, Akademik Milli Dram Teatrında mənəvi, psixoloji, yaradıcılıq prosesi, insanların qarşılıqlı münasibətləri korlandı. İllər boyu bir yerdə çalışan insanlar bir-birinə düşmən oldular. İnanın ki, mənim və kimsənin İsrafil İsrafilovla heç bir şəxsi qərəzliliyi yoxdur. Bilmirəm bu işi görə bilmədi, yoxsa bilərəkdən etmədi? Bunu yalnız özü bilər. Amma teatr hamının gözünün qabağında çökür, repertuarı bərbad hala düşür, dəvətnaməyə möhtac qalıb. Bütün bunlara etiraz edərək cənab prezident İlham Əliyevə məktub yazdıq ki, bu məsələlər, problemlər həll olunsun. Mədəniyyət və turizm naziri hörmətli Əbülfəz Qarayev qərar verirsə ki, İsrafil İsrafilov bir il müddətində teatrda qalıb fəaliyyətini davam etdirsin, bu, onların səlahiyyətində olan işdir və biz də hörmətlə yanaşırıq. Amma eyni zamanda fikrimizi bildirmək hüququmuz da var. Mənim 59 yaşım var və dövlətimiz tərəfindən fəxri adlar almış aktyoram. Dövlətim, rəhbərim tərəfindən də hər zaman hörmət görmüşəm. Bu məsələlərdə açıqlama bildirmək hüququm var. Və deyirəm ki, İsrafil İsrafilovu yenidən Akademik Milli Dram Teatrında direktor vəzifəsində saxlamaq doğru deyil. Bu mənim və teatrda əksəriyyətin fikridir. Çünki İsrafil İsrafilov çox söz dedi, vədlər verdi, amma etmədi. Nəticədə isə Akademik Milli Dram Teatrının böyük sənətçiləri dövlət başçısına müraciət etmək məcburiyyətində qaldı. Hesab edirəm ki, cənab prezidentimiz müraciətimizə həmişə olduğu kimi diqqətlə yanaşacaq və teatrda çox problemlər həllini tapacaq. Çünki biz həmişə cənab prezident tərəfindən teatra qayğı görmüşük. Teatrımız yüksək səviyyədə təmir edilib. Amma biz neynəmişik? Bu gün hansı sənət nümunələrini göstərə bilərik ki, oynadığımız tamaşa ilə insanları heyran etdik. Bizə etimad göstərilibsə, o etimadı doğrultmalıyıq”.
Xalq artisti Azərpaşa Nemətovun baş rejissorluğu ilə teatrda çox şeylərin dəyişəcəyini də bildirdi: “Teatr xoşagəlməz vəziyyətə düşüb. Artıq bütün respublikada müzakirə, lağ obyektinə çevrilmişik. O teatr ki, həmişə tamaşalarımız və aktyorlarımız ilə fəxr edirdik. Təəssüf ki, çox şeyi itirdik. Mən heç bir şey istəmirəm. Xalq artistiyəm, prezident mükafat alıram və sənətimə dəyər verilib. Heç kim də deyə bilməz ki, Nurəddin Mehdixanlı işə, məşqinə gecikdi. Əgər oradan çörək yeyirəmsə, vicdanla da çalışmalıyam. Amma baş verən hadisələrə göz yummaq və gözümün önündə çalışdığım teatrın çökməsini də müşahidə etmək kimi vicdansızlığı qəbul edə bilmirəm. Ona görə də fikrimi bildirdim”.
Xalq artisti Firəngiz Mütəllimova vurğuladı ki, Azərpaşa Nemətin bədii rəhbər və baş rejissor təyin edilməsinə çox sevinib: “O, bu vəzifəyə beş il əvvəl gəlməli idi. Azərpaşa müəllimə çox güvənirəm və inanıram. Aktyora hörmət edir və yuxarıdan aşağı baxmır. Nə etsə, teatrın qalxması naminə edəcək. Bizim də məqsədimiz budur. Niyə teatra gedəndə ürək və əsəb dərmanı içməliyəm? Elə bil hansısa düşmən ölkənin nümayəndəsi ilə görüşə gedirəm. Bunların bir səbəbkarı oldu. Mən İsrafil İsrafilovdan özümə qarşı hər hansı hörmətsizlik görməmişəm, amma aldatmaq olmaz. Beş ildir yola verir. Mənim beş ilim boşuna getdi. Səhnədə heç bir obraz oynaya bilmədim. Yalnız “Qanlı Nigar” tamaşasında oynamışam”.
Xalq artisti Ramiz Məlik isə hər iki təyinatın müsbət addım olduğunu qeyd etdi: “İsrafil İsrafilovun vəzifədə qalmasını və Azərpaşa Nemətin bədii rəhbər və baş rejissor seçilməsini yaxşı qarşılayıram. İsrafil müəllim teatrı yaxşı bilir və qalmağını da çox gözəl qarşılayıram. Ümumiyyətlə, bu prosesi müsbət qarşılayıram. Çünki onların hər ikisi mənə yaxındır və gənclik vaxtımdan tanıdığım insanlardır. Onların nəyə qadir olduqlarını da çox yaxşı bilirəm. Hər halda inanıram ki, düşdüyümüz böhrandan kollektivin köməyi ilə çıxacağıq”.
Aktyor Anar Heybətov vurğuladı ki, Azərpaşa Nemətin bədii rəhbər və baş rejissor seçilməsi sevindirici haldır: “Azərpaşa müəllim mənin müəllimim olub və teatra da o gətirib. Mənim üçün Azərpaşa müəllimin bədii rəhbər və baş rejissor seçilməsi çox sevindirici haldır. Və düşünürəm ki, bu çoxdan atılmalı bir addım idi. İsrafil İsrafilovun vəzifədə qalmasına gəlincə, qalsın. Əslində bizə bədii rəhbər və baş rejissor lazım idi. O da təyin edildi. İsrafil müəllim haqqında danışmağıma ehtiyac yoxdur”.