PUTİN BAKIDAN PARLAMENTDƏ “KVOTA” İSTƏYİR – Sensasion iddia

Qərb institutları və bir sıra aparıcı dövlətlərlə münasibətlərdəki gərginlik şəraitində Rusiyadan Bakıya intensiv səfərlər diqqət mərkəzindədir.
Bu mənada bəlkə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana 1 sentyabr səfərində qeyri-adi nəsə axtarmağa dəyməzdi. Lakin rusiyalı baş diplomatın səfəri ərəfəsində baş verən və gözlənilən hadisələr bu vizitə ciddi yanaşıb müəyyən təhlillər ortaya qoymağa vadar edir. 
Rəsmi Bakı Lavrovun səfəri haqda detallı məlumat yaymasa da, Rusiya KİV-lərinin məlumatına görə, Lavrov  Azərbaycana gəlməzdən öncə Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunda (MQİMO) ənənəvi çıxış etməliydi. Görüşdən dərhal sonra  isə Bakıya uçub. İşçi səfəri zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, regional məsələlər müzakirə olunacağı, Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyi də bildirilirdi. İndi keçək yuxarıda qeyd etdiyimiz məsələyə, yəni rus nazirin Bakı səfəri öncəsi baş verənlərə…
S.Lavrovun Azərbaycana gəlişindən bir gün öncə rusiyalı iş adamı, neçə müddətdir Azərbaycan qanunlarını pozaraq ailəsi ilə birgə Şuşaya köçən və burada məskunlaşan German Sterliqov Moskvada “Domodedovo” hava limanında saxlanıldı. Sterliqov etiraf edib ki, o 3 saat müddətində sorğu-suala məruz qaldıqdan sonra sərbəst buraxılıb. Ancaq məlumatlara görə, dindirmədən sonra onun Rusiya sərhədlərini tərk etməsi qadağan edilib və bununla da Sterliqovun Şuşadan Bakını təhdid etməsi, erməniləri məmnun edən müxtəlif layihələr həyata keçirməsinə son qoyulmuş olur.
Xatırladaq ki, rus milyarderin Qarabağdan çıxarılması Azərbaycan üçün mühüm məsələlərdən idi və bundan öncə barəsində cinayət işi qaldırılan Sterliqovla bağlı İnterpola müraciət edilmişdi. Rusiyaya bundan öncəki səfərində də saxlanılan iş adamı sonradan sərbəst buraxılmış və Şuşaya qayıtmışdı. Güman olunur ki, bu dəfə Moskva Azərbaycanı incitməmək üçün Sterliqovun əl-ayağını “buxovlayacaq”.
Xüsusilə də onun arvadının Cıdır düzündə moda kolleksiyasını nümayiş etdirməsi, özünün isə “eşşək yarışması” təşkil etməsi Azərbaycan ictimai rəyinə çox pis təsir etmişdi və bu layihənin arxasında Rusiyanın dayandığı barədə fikirlər getdikcə çoxalırdı. Hesab edilir ki, Moskva rəsmi Bakını qıcıqlandıran  milyarderlə bağlı məsələni bitirmək istəyir.  
Milyarderdən söhbət düşmüşkən, Lavrovun səfəri ərəfəsində “Milyarderlər ittifaqı”nın aparıcı simalarından biri, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “Azərros”dan istefa verdiyi haqda xəbərlər yayıldı. A.Abbasovun istefa verməsini bəzi siyasi təhlilçilər təsadüfi saymır. Hesab edilir ki, Azərbaycan hakimiyyətinin artıq siyahıdan sildiyi, Bakı ilə körpüləri yandırmış bir şəxsi himayəsində saxlamağın sərfəli olmadığını düşünən Moskva da A.Abbasovla yollarını ayırıb. Yeri gəlmişkən, bu ilin yazında A.Abbasovun “AzerRos” uğrunda mübarizədə necə fəal və iddialı olduğunu xatırlasaq, indi onun “könülü istefası” şübhəli görünür. Odur ki, Lavrovdan öncə Bakıya çatan istefa xəbəri də Rusiya hakimiyyətinin Azərbaycan iqtidarına jesti sayılır.
42424Siyasi ekspert Qabil Hüseynli mətbuata deyib ki,  Azərbaycan rəhbərliyi A.Abbasovu geriyə də istəyə bilər:“Çünki o Azərbaycan vətəndaşıdır. Yaxud da Rusiya ilə belə bir razılaşma da ola bilər; Abbas Abbasov Rusiyada bir guşədə sakit oturacaq və siyasi fəaliyyətlə məşğul olmayacaq”.
Bəzi müşahidəçilər bu jestlərin qarşılığında Rusiyanın Bakıdan ciddi istəklərinin olduğunu qeyd edirlər. Xüsusilə də Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalının bir müddət öncə yaydığı məlumata diqqət çəkənlər var. Həmin xəbərdə deyilir ki, Rusiya bir neçə il əvvəl tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır. Rəsmi Bakının olduqca ehtiyatla yanaşdığı bu məlumatın məhz indi, NATO-nun Gürcüstanda möhkəmlənməyə başladığı bir dövrdə tirajlanmasının arxasında ciddi hədəflərin olduğu iddia olunur. Və belə bir ərəfədə Lavrov Bakıya gəlir…
Ancaq Rusiya XİN başçısı həm də o ərəfədə Bakıya gəldi ki, artıq Azərbaycanda parlament seçkilərinə start verilib. Azərbaycanda baş verən istənilən ictimai-siyasi, hərbi, hətta mədəni məsələləri diqqətlə izləyən Rusiya üçün şübhəsiz ki, parlament seçkiləri sıradan hadisə deyil. Rusiyanın Azərbaycanda özəl maraqlarının olması heç kimə sirr deyil və ölkəmiz uğrunda Rusiya daxil, müxtəlif güc mərkəzlərinin mübarizə apardığı da faktdır. Bu mənada Moskva çox istər ki, Azərbaycanın ali qanunverici orqanında ən azı ona münasibətdə loyal yanaşma sərgiləyəcək deputatların sayı çox olsun. Rusiya özünün Azərbaycan planlarını reallaşdırmaq üçün şübhəsiz ki, parlamentin tərkibinə böyük önəm verə bilər.
Sterliqov və Abbasov mövzusuna toxunan “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Rusiya əslində bu addımları atmaqla Azərbaycan hakimiyyətinə yox, Azərbaycan ictimai rəyinə reverans edir: “Çalışır ki, Azərbaycan ictimai rəyinə təsir göstərsin. Rusiya başa düşür ki, Azərbaycan ictimai rəyi onun xeyrinə deyil. Odur ki, Azərbaycana öz təsirini artırmaq ərəfəsində və yaxud Azərbaycanı öz təsir dairəsinə keçirmək istəyəndə ictimai rəylə də hesablaşmaq lazım olacaq. Ona görə müxtəlif üsullarla bu rəyə təsir göstərmək istəyirlər”.
Ekspert “Yeni Müsavat”ın müxbirinə onu da deyib ki, A.Abbasovun “AzerRoss”dan istefa verib-verməməsi də heç nəyi dəyişmir: “AzerRoss” ümumiyyətlə, heç nəyi həll etmir. Təcrübə göstərdi ki, Azərbaycandan kənarda olan bu və ya digər klubların ölkənin siyasi mühitinə təsiri sıfırdan aşağıdır. Ona görə də bunlar daha çox ictimai rəyə hesablanmış addımlardır. İki hakimiyyət arasında böyük ziddiyyətlər olduğunu düşünmürəm. Əgər Azərbaycan hakimiyyətinin Rusiyadan ciddi təminatları olacaqsa, bütün anlaşmalar əldə olunacaq. O cümlədən, hərbi bazalarının yerləşməsi, yaxud Azərbaycanın xarici siyasətində Rusiya faktorunun xüsusi yer tutması”.
Ə.Oruclu Rusiya XİN başçısının Bakı səfərinin parlament seçkiləri dövrünə düşməsini təsadüfi saymır. Ekspert bu vizitin Azərbaycandakı parlament seçkiləri ilə birbaşa bağlı olduğunu düşünür: “Bu səfərin həm parlament seçkiləri, həm Qarabağ məsələsi, həm Azərbaycan- Rusiya münasibətlərinin fəal inkişaf perspektivləri ilə birbaşa əlaqəsi var. Rusiya maraqlıdır ki, Azərbaycan parlamentində ona loyal çoxluq olsun. Rusiya bunda həmişə maraqlı olub. Rusiya bu status-kvonun saxlanmasında maraqlıdır. Rusiyanın Azərbaycanda geniş dəstəkçi şəbəkəsi var. Rusiya o şəbəkənin üzdə olmasında, ölkədəki ictimai ab-havaya təsirində çox maraqlıdır. Ona görə ki, Moskva təbii ki, reputasiyasını müəyyən qədər ağartmağa çağırır. Ona görə də parlament seçkilərində son dərəcədə maraqlıdır. Mən istisna etmirəm ki, Rusiyanın parlament seçkiləri ilə bağlı açıq fəaliyyətindən başqa, onun hələ gizli fəaliyyəti də var. Bizdə olan məlumata görə, parlament seçkiləri ilə əlaqədar hal-hazırda Rusiyadan müxtəlif şəxsi kanallarla müəyyən maliyyə vəsaitləri də Azərbaycana daxil olmaqdadır”.
İddialardan biri də budur ki, Moskva Azərbaycan parlamentində özünə “kvota” istəyir. Hesab olunur ki, Qərb özünə yaxın dairələrin Milli Məclisdə təmsilçiliyinə nail olmaq üçün fəallığını artırdığı və hakimiyyətlə danışıqlar apardığı bir vaxtda şimal qonşumuz seyrçi qalmaq istəməyib və özünün baş diplomatını Bakıya göndərib. Hər halda qarşıdakı günlərdə səslənən iddiaların nə dərəcədə doğru olduğunu görəcəyik. Gözləyək… 
 






Fikirlər