Rus politoloq bizi niyə təriflədi?

Rus politoloq bizi niyə təriflədi?Son vaxtlar Rusiyanın yüksək vəzifəli şəxsləri, siyasətçiləri və ictimai xadimləri Azərbaycana işgüzar səfərlər edirlər. Bunu Qərb-Rusiya münasibətlərinin gərginləşməsi fonunda rəsmi Moskvanın Bakı ilə əlaqələrin genişlənməsinə yönəldilmiş yeni xarici siyasət konsepsiyasının tərkib hissəsi kimi də başa düşmək olar.

ANS-in məlumatına görə, Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov son illərdə Rusiya-Azərbaycan münasibətlərinin ciddi, gözəçarpacaq şəkildə yaxşılaşdığını deyib: "Biz Bakıda Rusiyanın böyük dövlət xadimlərinin səfərlərini görürük. Serqey Şoyqunun son səfəri zamanı Xəzərdə birgə hərbi təlimlər haqqında qərar qəbul edildi. Moskva meri Serqey Sobyabinin, xarici işlər naziri Serqey Lavrovun səfərlərini də misal çəkmək olar."

O, bu ilin oktyabrında Bakı Beynəlxalq Humanitar Forumda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakını, Bakı Forumunun Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradıldığını xatırladıb: "İndi Azərbaycan bu ənənəni Rusiyanın aktiv iştirakı ilə davam etdirir."

S.Markov son zamanlar Rusiya-Azərbaycan əlaqələrinin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb, Bakının günbəgün dəyişdiyini, arxitekturanın müasir muzeyinə çevrildiyini söyləyib.

Dövlət Dumasının deputatı Əhmət Erkenov isə Azərbaycanın Rusiyanın müxtəlif regionları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb: "Müasir dünyada əməkdaşlıq münasibətlərin səmərəliliyinə, praqmatikliyə və iqtisadi məqsədəuyğunluğa əsaslanır. Azərbaycan haqqında danışarkən bizi, ilk növbədə, dostluq münasibətləri, iqtisadi münasibətlər birləşdirir. Azərbaycan və Rusiya prezidentləri, siyasi rəhbərliyi müstəqilliyin dövlətlərimiz üçün çox vacib olduğunu dəfələrlə bildiriblər."






Fikirlər