23.09.2014 - “Qarabağ savaşı başlasa, Moskva İrəvanı müdafiə etməyəcək” -Rus politoloq
Axar.az Echo.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Vitali Arkov çıxış edib. O, Türkiyə ilə Rusiyanın Cənubi Qafqazın qarantı olduğunu bildirib:
“Azərbaycan Rusiya üçün həqiqətən də regionda strateji partnyordur. Moskva Bakının Cənubi Qafqazda lider olmasını tanımaq məcburiyyətindədir və ona görə də siyasətini onun maraqları üzərində qurmaldır. Məncə, münasibətlərin genişlənməsi Azərbaycanın Rusiyadan inciməsinə səbəb olur. Buna da səbəb Ermənistana himayədarlıqdır. Rusiya Xarici İşlər Nazirliyində güclü erməni lobbisi var. Digər tərəfdən isə Rusiya Azərbaycanı Moskvanın opponentləri ilə çoxyönlü münasibətlər qurduğuna görə qısqanır. Reallıq isə budur ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öhdəliyinə baxmayaraq, Ermənistanı müdafiə edib Azərbaycana qarşı savaşmayacaq. Ermənistan isə çox zəifdir və Qarabağı itirəcək. Bakı üçün də müharibəni başlamaq sərfəli deyil. Çünki beynəlxalq aləmdə o, erməni aqressiyasının qurbanı kimi tanınır. Əgər müharibə başlasa, o özü aqressora dönəcək. Bu olsa həm siyasi, həm iqtisadi hücumlara məruz qalacaq. Çətin ki, Azərbaycan hakimiyyəti beynəlxalq embarqolara dözsün. Bu mənada Azərbaycan üçün ən sərfəlisi Ermənistanı müharibəyə təhrik edib onu yenidən aqressor kimi göstərməkdir”.