16.08.2014- “Əsas hədəf Azərbaycandır” -“Stratfor”dan şok Qarabağ proqnozu

16.08.2014- “Əsas hədəf Azərbaycandır” -“Stratfor”dan şok Qarabağ proqnozu  ABŞ-ın nüfuzlu beyin mərkəzi “Stratfor” avqustun 10-da baş tutan Soçi görüşü və Rusiyanın Qafqaz üzərindəki oyunları ilə bağlı maraqlı məqalə yayımlayıb.

Stratfor” hazırda Rusiyanın əsas hədəfinin Azərbaycan üzərində təsir imkanlarının saxlamaq olduğunu yazır.
Moskvanın Azərbaycan və Ermənistan üzərindəki dominant mövqeyini saxlamaq üçün separatçı Dağlıq Qarabağ bölgəsindən istifadə etdiyi aşkardır.

Ukraynada Rusiyanın təsirinə etiraz davam etdiyi vaxtda keçmiş sovet sərhədlərində Rusiya və Qərbin rəqabətində Moskva Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən yararlanır. Həmçinin Bakı və İrəvan Moskva ilə münasibətlərdə risklərə getməkdən də çəkinir.

Rusiya Azərbaycanı ələ almaq üçün səylərini genişləndirib

Ukrayna böhranına qədər Rusiya sovetlərin süqutundan sonra Qafqazda çox yaxşı mövqelərə malik idi. Ermənistanda 5000 rus qoşunu var və bu ölkə onun sadiq müttəfiqidir.

Gürcüstan nominal olaraq Qərbyönümlü idi, xüsusilə NATO-ya inteqrasiya səyləri var. Çünki Rusiya hökumətə təzyiq edir, eləcə də Abxaziya və Cənubi Osetiya ərazilərində Moskvanın hərbi müdaxiləsi baş verib.
Azərbaycan Rusiyanın heç bir hərbi qüvvəsi olmayan yeganə Qafqaz ölkəsidir. Lakin Bakı getdikdə enerji və regional xarici siyasətində Moskvanın maraqlarını nəzərə almağa başladı.

İndi 6 aydır Ukrayna böhranı davam edir və bu müddətdə Qafqazda vəziyyət xeyli dəyişib.

Ermənistan Avrasiya İttifaqına daxil olmaq qərarı verib, lakin Rusiyaya nə qədər sadiq olsa da, rəsmi İrəvan Avropaya sövq edir. Düzdür, onun NATO ilə bağlantıları hələ də məhduddur.

Ukrayna böhranından sonra isə Azərbaycanın enerjisinin əhəmiyyəti artıb. Məhz buna görə, Rusiya Azərbaycanı ələ almaq və Qərbə meyillənmək addımlarının qarşısını almaq istiqamətində səylərini genişləndirib.

Birincisi, Rusiyanın neft nəhəngi Rosneftlə ARDNŞ arasında yeni müqavilələrlə Azərbaycanın enerji sektorunda əlaqələrini gücləndirib. İkincisi, Bakıya silah satışını artırıb. O cümlədən, təhlükəsizlik məsələləri üzrə böyük əməkdaşlıq variantları araşdırılır.

Nəhayət, Rusiya 1988-1994-cü ildə baş verən separatçı müharibə ilə itirilən Dağlıq Qarabağ və ətraf rayonların bir neçəsini Azərbaycana qaytarmaq istiqamətində diplomatik fəaliyyətə başlayıb. Ərazilərini bərpası Azərbaycan üçün əsas strategiya olaraq qalır və bu, Moskva təsirini onun üzərində artırır.

“Ukraynada zəiflik Rusiyanı Dağlıq Qarabağda təşəbbüsü ələ almağa sövq etdi”

Ermənistan və Azərbaycan təmas xəttində 20 ildə aşağı intensivli toqquşmalar baş verirdi. Lakin avqustun əvvəlindən başlayaraq davam edən genişmiqyaslı əməliyyatlar Ukrayna böhranı fonunda təsadüfi ola bilməzdi. Burdan görünürdü ki, ya Rusiya Azərbaycana dəstəyi artırır, yaxud da münaqişənin qızışmasında maraqlıdır. Beləliklə, Rusiya regionda sülhün qoruyucusu obrazında çıxış etdi. Çünki Ukraynada zəiflik Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almağa sövq edirdi. Putin ayın 10-da bu məqsədlə prezidentlərlə Soçidə görüşdü. Liderlər arasında görüş standart bəyanatlarla müşahidə olundu.

Onlar münaqişənin sülh yolu ilə həllini istəyir və gələcəkdə danışıqların davam etdirilməsini vəd edirdilər. Qeyd etmək lazımdır ki, hər iki lider cəbhədəki gərginliyə görə bir-birini ittiham da etdilər. Həmçinin görüşün aurasından çıxan nəticəyə görə, regionda istənilən münaqişə Rusiyanın müdaxiləsi ilə həll oluna bilər. Bu da Rusiyanın təsir gücünü xarakterizə edir.

Bakı və İrəvana eyni diqqət: Moskva nəyə çalışır?

Rusiyanın Ural silah zavodu bəyan edib ki, 2011-ci ildə əldə olunmuş razılaşmaya görə, Bakıya yeni hərbi texnika partiyası göndəriləcək. Bu, TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının partiyasıdır.

Lakin Rusiyanın diqqəti təkcə Azərbaycana deyil, Ermənistana da yönəlib. Belə ki, təxminən eyni vaxtda Ermənistan enerji naziri bəyan edib ki, Rusiya Ermənistanda 4,9 milyard hesabına inşa ediləcək atom elektrik stansiyasının 35 faizini maliyyələşdirə bilər. Həmçinin, Dağlıq Qarabağla bağlı görüşdən sonra Sərkisyan bildirib ki, Ermənistan bu il imzalanacaq sazişlə Avrasiya İqtisadi Birliyinə qoşulacaq. Bu, Azərbaycana silah satışının fonunda diqqət çəkəndir.

Bu addımlar göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində əvəzolunmaz hakim statusunu qorumaqla hər iki tərəflə sıx əlaqələrini saxlamayaraq vəziyyəti idarə etmək niyyətindədir.

Putin müharibə istəyirmi, yoxsa...?

Nəticə etibarilə, Rusiyanın marağı Qafqazda Qərbin nüfuz dairəsini çərçivədə saxlamaqdır. Bu mövqe şübhəsiz ki, Ukraynadakı məğlubiyyətlə bağlıdır. Moskva eyni prosesin Qafqazda yaşanmasının qarşısını almaqla regionu əldə saxlamaq istəyir və bu istiqamətdə iş aparır. Beləliklə, Rusiya irimiqyaslı müharibədən çəkinir. Ona Dağlıq Qarabağda qaynar münaqişənin qalması sərf edir. Buna əsasən də hər iki tərəflə iqtisadi və təhlükəsizlik əlaqələrini saxlayaraq Azərbaycan və Ermənistan arasındakı gərginlikdən istifadə edir.






Fikirlər