06.06.2014.- Minalar təmizlənir, torpqaqlar qaytarılır - Ekspertdən ilginc AÇIQLAMA

06.06.2014.- Minalar təmizlənir, torpqaqlar qaytarılır - Ekspertdən ilginc AÇIQLAMA  Rusiyanın dövlət rəsmilərinin Azərbaycana səfərləri davam edir.
Regional inkişaf naziri İqor Slyunyayev, Xarici İşlər Nazirliyinin departament rəhbəri Aleksey Pavlovskinin başçılıq etdiyi nümayəndə heyətindən sonra iki ölkənin hökumətlərarası komissiyasının sədri Dmitri Roqozinin də ölkəmizə səfəri gözlənilir.

İyunun 22-25-də Qəbələdə keçiriləcək Rusiya-Azərbaycan Regional Forumunda iştirak etmək üçün xarici işlər naziri Sergey Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti də ölkəmizə səfər edəcəklər. Qeyd olunur ki, səfərlərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərini strateji səviyyəyə yüksəltmək və Avrasiya İqtisadi İttifaqının sıralarını genişləndirməkdir.

Rusiya rəsmilərinin artan səfərlərini şərh edən politoloq Qabil Hüseynli Teleqraf.com-a açıqlamasında bildirib ki, iki ölkə arasında əlaqələrin güclənməsi Ermənistanı narahat etməyə başlayıb: "Ermənistan həyəcan içərisindədir, hətta mən deyərdim ki, vəlvələyə düşüblər. Ermənistan prezidentinin keçmiş müşaviri Şahnazaryan müsahibəsində bildirib ki, Qarabağ artıq satılıb. Düzdür, Ermənistan Qarabağla bağlı məsələləri şişirdir, özlərini uduzmuş, təzyiqlərə məruz qalmış kimi aparırlar.
Amma ermənilərin narahatlığı əbəs deyil. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qalxa bilər. Azərbaycanın xarici siyasətinin əsas qayəsində Qarabağ dayanır. Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi müzakirə mövzusudur. Əgər Azərbaycan Rusiyaya 18 milyard dollarlıq sərmayə yatırırsa, Rusiya da bizə son model silahlar satırsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirsiz qala bilməz. Rusiya münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verə bilər. Azərbaycan da onun geosiyasi kursuna dəstək verəcək. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların bir hissəsinin qaytarılmasına razı olublar, amma bunu açıq şəkildə xalqa demək istəmirlər. Plan var ki, lokal müharibə olsun, torpaqlar Azərbaycan ordusu tərəfindən alınsın. Məndə olan məlumata görə, ermənilər işğal altındakı rayonlarda minaları təmizləməyə başlayıblar".

Ekspert bildirir ki, bu arada Qərbin Rusiya ilə bağlı bəyanatları sərtləşməkdədir: "ABŞ prezidenti Barak Obamanın Ukraynanın ərazi bütövlüyünün təmin olunması üçün Rusiyaya qarşı hədələri heç nəyi dəyişməyəcək. Krım məsələsi bitib. Ukraynanın yeni hökuməti yarımadanı geri almaq gücündə deyil. Qərbin Avrasiya İqtisadi İttifaqı ilə bağlı narahatlığı da anlaşılmazdır. Bu, iqtisadi layihədir. Qərb bu günə qədər Azərbaycandan neft alırdı, indi də qaz almağa hazırlaşır. Azərbaycan Qərblə münasibətlərini pisləşdirməyəcək. Amma Azərbaycan xarici siyasi kursunu müstəqil şəkildə müəyyənləşidir. Qərbin Azərbaycanda onsuz da enerji maraqları təmin olunur. Amma əvəzində ölkəmizə siyasi dəstək vermirlər. Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində gərəkən addımları atmadı. Azərbaycanın haqqı var ki, dövlət maraqlarını qorumaq üçün özünə yararlı olan xarici siyasət xəttini seçsin. Azərbaycan bu kimi vasitələrdən yararlanmalıdır. Rusiya ilə münasibətlər üçüncü dövlətə qarşı yönəlməyib".






Fikirlər