20.03.2014. - Qarabağda Krım bayramı və Sərkisyanın Putinə zəngi
Bu konsert Dağlıq Qarabağdakı erməni separatizminin baş ideoloqu Zori Balayanın ötən ilin payızında Vladimir Putinə yazdığı açıq məktubu, Vladimir Jirinovskinin bir neçə gün əvvəl verdiyi açıqlamaları və Kremlin Ermənistanı Gömrük İttifaqına girməyə məcbur etməsini yada salıb.
Xankəndində Krımın Rusiyaya birləşdiirlməsi münasibətilə martın 18-də axşam təşkil edilmiş bayram konsertini pisləyən “Parlamentöncəsi” adlı müxalif vətəndaş hərəkatı kəskin bəyanat yayıb. Bəyanatda deyilir ki, Krımın Rusiyaya birləşdirilməsi münasibətilə təşkil edilmiş konsert vassalların öz sahiblərinə vicdansızcasına nümayiş etdirdiyi mütiliyin əlamətidir.
Bəyanatda bildirilir: “Krımda və Qarabağda öz müqəddəratını təyin etmə prosesləri ancaq zahiri görkəminə görə oxşardır. Bu kölələr unudurlar ki, Krımın öz müqəddəratını təyin etməsi Rusiya hərbi maşının himayəsi altında baş verdi, Qarabağda isə əksinə, bu gücün təzyiqi altında oldu”. Bəyanat müəllifləri bildirirlər ki, Krımın Rusiyaya birləşdirilməsi Kremlin imperiya ambisiyaları ilə bağlıdır və bu ambisiyaların hədəfində Dağlıq Qarabağla birlikdə Ermənistan da var.
Ermənistanın keçmiş xarici işlər naziri (Levon Ter-Petrosyan hakimiyyəti) Aleksandr Arzumanyan isə bildirib ki, Dağlıq Qarabağda təşkil edilmiş bayram konsertinin arxasında Rusiyanın dayandığına heç bir şübhə yeri yoxdur. Arzumanyan həmin konsertdə qondarma “DQR prezidenti” Bako Saakyanın və digər rəsmilərin də iştirak etdiyini xatırladıb.
Qeyd edək ki, Bako Saakyan keçmiş KQB agentidir və son illərə qədər Rusiya xüsusi xidmət orqanlarında işləyib. Qarabağda onu “KQB tulası” adlandırılar.
“Elə təntənə var idi ki, elə situasiya yaradılmışdı ki, sanki Dağlıq Qarabağı BMT-yə qəbul etmişdilər. Bu, olduqca təəcüblüdür. Axı Kosovo albanları öz müstəqilliklərini elan edəndə bizim Qarabağdakı qardaş-bacılarımızın heç səsləri də çıxmırdı” deyə Arzumanyan bildirib. Keçmiş xarici işlər naziri deyir ki, bu nüans konsertin Rusiyanın göstərişi ilə təşkil edildiyini deməyə tam əsas verir. Arzumanyan Krımda baş verənləri xalqın azad şəkildə öz müqəddəratını təyin etməsi yox, anneksiya adlandırıb. Deyib ki, bu hadisə ilə Qarabağ arasında paralellər aparmaq təhlükəlidir.
Krımdan sonra Dnestryanı bölgədə də Rusiyaya birləşmək çağırışlarının eşidildiyini, yazıçı Zori Balayanın ötən il Putinə yazdığı açıq məktubu xatırladan Arzumanyan bildirib ki, bunlar təhlükəli hallardır. “Əlbətdə, mən bunu təhlükəli sayıram. Niyə də olmasın, bir halda ki, belə planlar var, o zaman bizim başımıza da bu cür öz müqəddəratını təyin etmə ideyası yerləşdirə bilərlər. Yəni Rusiya özünütəyinetməsi” deyə keçmiş nazir bildirib.
Keçmiş sovet dissidenti, “Milli özünütəyin” hərəkatının lideri Paryur Ayrikyan isə deyib ki, Dağlıq Qarabağda təşkil edilmiş bayram və Qarabağ rəhbərliyinin Krımın Rusiyaya birləşdirilməsini dəstəkləməsi ermənilərin mübarizəsini tamamilə dəyərdən saldı. “Əgər Rusiya Cənubi Osetiya və Abxaziyanı tanıyıbsa və Dağlıq Qarabağa gələndə bunu etmirsə o zaman istənilən erməni başa düşməlidir ki, Rusiya bunu öz maraqları üçün edir. İndi Rusiya qardaş ukrayna xalqına qarşı belə addım atır və birdən Qarabağda bunu böyük həvəslə alqışlayırlar. Bilirsiniz, mən bu təzahürlə yaxşı tanışam.Buna bədbəxt erməni təfəkkürü deyirlər. Qarabağ ermənilərində bu hisslər olmalı deyildi. Lakin görünür Zori Balayanın rus çarına yazdığı məktub öz işini görüb. Onlar bu hərəkətləri ilə öz mübarizələrini tamamilə gözdən saldılar” deyə Ayrikyan bildirib.
Qarabağda keçirilən Krım bayramını bu gün Ermənistanın müstəqil KİV-lərinin və ictimai xadimlərinin əksəriyyəti pisləyir. Maraqlıdır ki, həmin konsertin ertəsi günü Ermənistan prezidenti Serj Sərkisyan rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Ermənistan prezidentinin mətbuat xidməti həmin telefon danışığı barədə məlumatında bildirir ki, hər iki prezident Krımda keçirilən referendumun nəticələrini “xalqların iradələrini azad şəkildə ifadə edərək öz müqəddəratını təyin etməsinin növbəti nümunəsi” adlandırıblar. Ermənistan prezidentinin Krımın Rusiyaya birləşdirilməsini dəstəkləməsi rəsmi Kiyevin və ABŞ-ın İrəvandakı səfirinin etirazına səbəb olub.
Bu arada Minsk Qrupunun amerikalı həmsədri Ermənistan və Azərbaycan prezidentlərinin yaxın günlərdə Haaqada görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə edəcəyini açıqlayıb. Hərçənd ki, nə rəsmi İrəvan, nə Bakı prezidentlərin görüşünün razılaşdırıldığını təsdiq etmir. Bir-iki gün əvvələdək prezidentlərin tezliklə görüşəcəyini göstərən heç bir əlamət yox idi və həmsədrlər ancaq xarici işlər nazirlərinin Haaqadakı nüvə təhlükəsizliyi sammitində görüşünü razılaşdırmışdılar. Krımın Rusiyaya birləşdirildiyi və Dağlıq Qarabağ ermənilərinin bu hadisəni bayram etdiyi , Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni situasiyanın yaranmaqda olduğu bir vaxtda prezidentlərin görüşməyə razılıq verməsi olduqca maraqlı görünür.
F.Məmmədov