12.03.2014. - Rusiya kəşfiyyatçısı olmuş Azərbaycan diplomatından təhlükəli Qarabağ proqnozu
Krımda Rusiyaya birləşmək referendumu postsovet məkanında sərhədlərin dəyişdirilməsinə səbəb olacaqmı?
Virtualaz.org saytı xəbər verir ki, pravda.ru bu suala Azərbaycanın BMT-dəki keçmiş daimi nümayəndəsi, Rusiya Xarici Kəşfiyyat Xidmətinin kadr zabiti olmuş Eldar Quliyevdən cavab almağa çalışıb. Həmin müsahibəni təqdim edirik:
-Krımdakı situasiya Stalin sərhədlərinə, Yalta razılaşmasına yenidən baxılması məsələsini gündəmə gətirib. Siz MDB-də bu cür daha hansı potensial problemlər görürsünüz?
-Əlbəttə, referendum Krımın Ukraynadan ayrılması ilə nəticələnəcəksə, bu, müəyyən münaqişə oyada bilər. Bu, Dnestryanı bölgəyə və Dağlıq Qarabağa onların keçmiş iddialarını xatırladacaq. Doğrudur, bu, birmənalı deyil, lakin müəyyən qüvvələr belə hərəkət edə bilərlər. Və bu, Avropada hazırda mövcud olan münaqişələri oyadan və sərhədlərə yenidən baxılmasına gətirib çıxaran amil olacaq.
Presedent elə ola bilər ki, sərhədlərin toxunulmazlığı barədə Yaltada yaradılmış, daha sonra Helsinkidə formalaşmış “qaya” yerindən tərpənsin. Ərazi bütövlüyü və ya suverenlik barədə dialoq dayanmır. Krım amili bəzi prinsiplərə yenidən baxmağa məcbur edə bilər. Ona görə də hesab edirəm ki, hər şeyi bir daha diqqətlə ölçüb-biçmək lazımdır və yalnız bundan sonra məsələnin yekun həllinə getmək olar.
-Məsələn, əgər Qarabağ müstəqillik elan etsə və Ermənistana birləşmək haqda referendum keçirsə, Dnestryanı bölgə Rusiyaya birləşdiyini elan etsə, situasiya gərginləşəcəkmi?
-Əlbəttə, gərginlik hökmən olacaq və bu, ağlasığmaz nəticələrə aparıb çıxaran amilə çevriləcək. Buna hərbi həll variantını istisna etmədən çoxdan hazırlaşırlar. Ona görə də belə addımlar hərbi nöqteyi-nəzərdən ciddi gərginlik ocağı yaradacaq qığılcım olardı.
-Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ukraynadakı vəziyyəti MDB və Gömrük İttifaqı çərçivəsində müzakirə etməyi təklif edib. O, nə müzakirə etməyi planlaşdırır və ya nəyi nəzərdə tutur?
-Hesab edirəm ki, o, təklifi çox düzgün və vaxtında irəli sürüb. Çünki Nazarbayev başa düşür ki, bu münaqişədən çıxış yolunu müzakirələrlə tapmaq olar və belə olsa, bütün tərəflər üçün itki az olardı. Onun təşəbbüsü çox düzgündür, müzakirə yolu ilə elə həll yolu tapmaq olar ki, MDB-nin hər üzvü üçün daha az ziyan vursun.
Virtualaz.org saytının qeydi: Eldar Quliyev 1994-2001-ci illərdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi olub. Daha sonra o, Rusiyadakı Azərbaycan diaspor təşkilatının rəhbərliyində yer alıb.
E.Quliyevin adı ABŞ-da Rusiya kəşfiyyatçısı, bu ölkənin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri statusu altında işləmiş Sergey Tretyakovla bağlı qalmaqallı kitabın nəşrindən sonra gündəmə gəldi. ABŞ-da Rusiya kəşfiyyat şəbəkəsinin rəhbəri olmuş S.Tretyakov 90-cı illərin ortalarından etibarən bu ölkənin xüsusi xidmət orqanlarına işləyib. 2000-ci ildə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) ondan şübhələnəndə S.Tretyakov iki uşağı ilə birgə Amerika xüsusi xidmət orqanlarına sığınıb.
“The Washington Post” qəzeti yazırdı ki, S.Tretyakov Rusiya kəşfiyyatı agentlərinin adlarını Amerika tərəfinə ötürüb. Onlardan biri də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Eldar Quliyevdir. S.Tretyakov Eldar Quliyevin “SBR-in diplomat adı altında çox möhkəm pərdələnmiş kadr zabiti olduğunu” deyib. Onun dediyinə görə, E.Quliyev keçmiş dövlət katibi Madlen Olbraytla, o cümlədən köməkçisi Stroub Telbotla tez-tez görüşürmüş. Bu görüşlər haqda məlumatlar da SBR-ə ötürülüb.