Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti... - Ekspert ŞƏRH edir
Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla yanaşı, həm də Araz çayı üzərində tikilən su elektrik stansiyasına, su anbarına nəzarət etmiş oldu. Maraqlıdır, bu, ölkəmizə hansı səmərə vəd edir? Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Xudafərinin işğaldan azad edilməsinin həm də simvolik əhəmiyyəti var: “Xudafərinin azad edilməsi tariximizin önəmli parçasıdır. 27 il idi ki, düşmən tapdağında idi və artıq azad edilib. Xudafərinin strateji önəmi də çoxdur. Çünki İranla sərhəd məntəqələrinin ən sıx olduğu yerlərdən biridir. İndi öz infrastrukturumuzu quracağıq, Ermənistanin işğalçı ordusunun oradakı narkotik ticarətinin və digər bütün qeyri-qanuni əməllərinin qaarşısı alınacaq. Bundan əlavə, bu yaxınlarda Xudafərində su anbarı tikilmişdi. Azərbaycanın son illər ən böyük problemlərindən biri aqrar sektorda suvarma problemidir. Təbii səbəblərə görə su çatışmazlığı yaşayırdıq. Lakin artıq Azərbaycanın özünün təbii su resurslarına çıxış imkanları genişlənir. Bu həm Suqovuşana, həm Xudafərin bəndinə aiddir. Mən əminəm ki, yaxın gələcəkdə Sərsəng su anbarına da nəzarəti əldə edəcəyik. Bütün bunlar aqrar sektorda olan suvarma problemlərinin həllində kifayət qədər ciddi rol oynaya biləcək bir məsələdir”. Ekspert diqqətə çatdırıb ki, geosiyasi baxımdan da Xudafərinin geri alınması olduqca əhəmiyyətlidir: “İran həmin su anbarını və Xudafərin barajını tikərkən Azərbaycan tərəfindən belə bir tələb var idi ki, bu proses biraz ertələnsin. Çünki bu sahəyə həmin vaxt biz nəzarət edə bilmirdik. Tələbə baxmayaraq İran bu prosesi həyata keçirdi. Bu gün isə Azərbaycan Ordusu həmin bölgələri işğaldan azad edərək artıq Azərbaycan tərəfdən də öhdəliklərin yerinə yetirilməsinə şərait yaratdı, yəni Xudafərin su barajına nəzarət həm də Azərbaycan tərəfdən həyata keçiriləcək. Bu qonşu ölkələrə də pozitiv mesaj oldu ki, Azərbaycan istənilən halda öz strateji hədəflərinə çatmaq gücünə malikdir və o gücü tətbiq edərək öz ərazisində bundan sonra da təmizləmə əməliyyatlarını davam etdirəcək”.