Azərbaycandan pomidor və findıq ixracı azalıb - SƏBƏB

Azərbaycandan pomidor və findıq ixracı azalıb - SƏBƏB

Hökumətin son 5 ildə ən çox PR qurmağa çalışdığı sahələrdən biri aqrar sektordur. Hər dəfə rəsmi tədbirlərdə kənd təsərrüfatının analoqu olmayan inkişafından, qeyri-neft sektorunun aparıcı sahəsi olduğundan, ixracat potensialımızın artmasından danışıblar. Bu sahədə önə çıxan iki sahə haqqında isə daha çox danışılıb - pomidor və findıq ixracı”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert rəqəmlərin vəziyyətin tam əksini göstərdiyini deyib:

“Bu ilin mart ayında cəmi 7,1 mln. dollar dəyərində pomidor ixrac edilib, keçən ilin mart ayında isə bu rəqəm 19,2 mln. dollar idi, yəni 2,7 dəfə azalma var. Bu, tək mart ayı üçün olan vəziyyət deyil, 2021-ci ilin yanvar-mart aylarında cəmi 21,3 mln. dollar dəyərində pomidor ixracı olub, 2020-ci ilin eyni dövründə isə 44 mln. dollara yaxın ixrac edilib, azalma 2,1 dəfədən çoxdur. Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 9,7 mln. dollar dəyərində fındıq ixrac edib. Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,4 mln ABŞ dolları və ya 31,2 faiz azdır. Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 28,5 mln dollar dəyərində fındıq ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 7,8 mln dollar, yəni 21,5 faiz azdır”.

“Hökumət rəqəmlərdə belə kəskin azalma olmasını analiz edibmi? Səbəblər araşdırılıbmı? Heç inanmıram, indi qalstuklu müəllimlərdən biri çıxıb deyəcək ki, Rusiya bəzi əngəllər yaratdı, pomidor ixracı azaldı, amma izah edə bilməyəcək ki, nədən Azərbaycan bir bazardan bu qədər asılıdır?! Niyə yeni bazarları çıxış imkanları təşviq edilmir?! Niyə, məsələn, Şəmkir fermerləri vəziyyətlə bağlı qan ağlayanda, hayqıranda hökumətdən heç kim onlara dəstək olmadı?! Niyə pomidor sahəsini belə inhisara almaq cəhdlərinin qarşısı alınmadı?! Suallar çox, hesabatlı hökumət isə yox”,-deyə iqtisadçı əlavə edib.






Fikirlər