“AZƏRBAYCANDA DEVALVASİYA QƏDƏR TƏHLÜKƏLİ PROSES GEDİR” - "Maaş və təqaüdlərlə paralel qiymət artımının şahidi oluruq"

Azərbaycanda qiymətlər durmadan artır. Avtomobillər üçün yanacağın qiymətinin bahalaşması, bunun ardınca xidmət sahələrindəki artım artıq ərzaq bazarına da sirayət edib. Hökumət dövlət rüsumlarını da artırmaq qərarı verib. Bir çox ekspertlər bütün istiqamətlərdə qiymət artımını pandemiya və qlobal iqtisadi proseslərlə əlaqələndirir. Bəzi mütəxəssislər isə qiymət artımının kəskin inflyasiya və hətta devalvasiyaya gətirib çıxaracağını bildirir.

"AzPolitika.info" mövzunu iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, elektrik enerjisinin, təbii qazın və yanacağın qiymətində artım qeydə alındıqdan sonra, qida və xidmət sahələrində bahalaşma müşahidə edilir, eləcə də hökumət dövlət rüsumlarının qiymətində artımı gedir. Bahalaşamanın təbii və dünyada gedən iqtisadi proseslərdən doğduğunu bildirən bəzi mütəxəssislər deyirlər ki, 1970-ci ildən sonra dünyada indiki qədər qiymət artımı müşahidə edilməyib. Sizin bahalaşma ilə bağlı izahınınız nədən ibarətdir?

- Əslində son 1,5 il ərzində dünya ərzaq indeksi 10 faizdən çox bahalaşıb və bu son 40 ilin ən yüksək bahalaşması hesab olunur. Bu da istər-istəməz Azərbaycana təsir edir, çünki biz bir çox sahələrdə - ərzaqda və daha çox qeyri-ərzaq məhsullarına görə asılı ölkəyik. Təəssüflər olsun ki, bir çox hallarda idxaldan asılı olmağımız və xaricdən gələn məhsullarda bahalaşmanın olması daxili bazarda da bahalaşmanı tətikləyir. Yəni bu obyektiv səbəbdir, dünyada gedən proseslərdən gəlir. Amma təəssüflər olsun ki, Azərbaycanın spesifik xüsusiyyətlərindən doğan məsələlər də var ki, bahalaşmada bu xüsusiyyətlər az rol oynamır. Yəni bahalaşmanı müstəsna hal kimi dünyada baş verən qiymət artımı ilə əlaqələndirmək olar, amma burada spesifik xüsusiyyətlər də öz sözünü deyir.

- Siz, konkret olaraq hansı spesifik halları nəzərdə tutursunuz?

- Məsələn, rəqabətsizlik mühitini. Uzun illərdir ki, bizdə rəqabətsizlik mühiti mövcuddur. Bu əsas səbəbdir. Rəqabət Məcəlləsini parlament hələ də qəbul etməyib. 2008-ci ildən bu yana Rəqabət Məcəlləsi bir neçə dəfə gündəmə gəlib. Hətta məcəllə parlamentdə birinci oxunuşdan da keçdi. Amma hələ də qəbul edilməyib ki, ölkədə rəqabətli mühitin əsasları qoyulsun. Dünyada rəqabətli mühit tənzimləmədə mühüm element olub. Azərbaycanda da belə olmalıdır.

İkincisi, əsasən iri holdinqlərin idxalda hegemonluğu hələ də davam edir. Pərakəndə satışda daha çox oyunçular və daha çox rəqabət var. Amma topdan satışda hələlik br qrup holdinq və iri şirkətlərin hegemonluğu mövcddur ki, bu da qiymətlərin diktə edilməsində, rəqabətsiz mühitdə mühüm rol oynayır.

Üçüncüsü, Azərbaycanda vergi və gömrük siyasətinin doğru qurulmadığını düşünürəm. Məsələn, Azərbaycanda istehsalı olmayan ərzaq məhsulları olsun, sosial təyinatlı məhsullar - dərman preparatları, uşaq yeməkləri və digər malların gömrük rüsumu maksimal dərəcədə hesablanmamalıdır. Bildiyim qədər həmin məhsullar bu gün də maksimum - 15 faizlə hesablanır. Bu doğru deyil. Üstəlik, bizdə vergi yükü yüksəkdir. Vergi yükünün azaldılması üçün addımlar atılmalıdır. Bu iki sahə ilə bağlı müəyyən dəyişikliklərin olması gözlənilir. Ən azından yeni Vergi Məcəlləsinin hazırlanması haqda fikirlər var. Ümid edirik ki, burada vergi yükünün azaldılması haqda qərarlar olcaq.

İnhisarçılıqla bağlı problemlərin qalması, rəqabətsizlik mühiti, məmur biznesi, bax bütün bunlar Azərbaycanda qiymətlərin artımına təsir edən yan amillərdir. Başqa sözlə, bahalaşmaya dünyada gedən proseslər də təsir edir, ölkə içindən qaynaqlanan problemlər də var.

- Dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni layihə parlamentə daxil olub. Sizcə, rüsumlarda artım faizləri real vəziyyətə nə dərəcədə adekvatdır?

- Əslində rüsumların artımını hökumət orqanları, daha doğrusunu desəm, maliyyə nazirinin müavini indeksləşmə ilə əlaqələndirdi. Dedi ki, uzun zamandır rüsumlar indeksləşmirdi, bu səbəbdən də rüsumların artırılması ilə bağlı qərar verildi. Məncə, burada bir uyğunsuzluq var. Eksklüziv xdmət göstərən dövlət orqanları məsələyə kommersiya bucağından baxmamalıdır. Məsələn, biz vətəndaş olaraq xarici pasportumuzu başqa yerdən ala bilmərik, eləcə də sürücülük vəsiqəsini və ya evimizin çıxarış sənədini başqa yerdən ala bilmərik. Bu xidməti ancaq dövlət göstərir. Dövlət də göstərdiyi xidmətlərə kommersiya məntiqi ilə yanaşmamalıdır. Yəni bu işlərə pul qazanmaq niyyəti ilə yanaşmamalı, dövlət ən yaxşı halda göstərdiyi xidmətin maya dəyərini hesablayaraq elan etməlidir. Və maya dəyərinə uyğun olaraq rüsumların müəyyənləşdirilməsi praktikasına keçmək lazımdır. Yəni rəsmən elan olunur ki, xarici pasportun maya dəyəri, məsələn, 30 manatdır, amma biz bunu vergilər və digər xərclər daxil olmaqla 35 manata satırıq. Bu başqa məsələ. Amma indi maya dəyəri ilə bağlı heç bir informasiya yoxdur, amma birdən-birə xarici pasportun rüsumu 40 manatdan 60 manata qaldırılır. Eləcə də avtomobillərin texniki sənədi 35 manatdan 40 manata qaldırılır. Və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi 20 manatdan 40 manata qaldırılır. Bütün bunlar əslində maya dəyəri konsepsiyasına ziddir. Yəni dövlətin göstərdiyi xidmət, kommersiya müəssisələrinin göstərdiyi xidmətlə eyni məntiqli ola bilməz. Dövlət ən yaxşı halda maya dəyərinin üzərinə əlavə xərcləri nəzərə almaqla, 3-4 manat qoyaraq xidməti göstərməlidir. Diqqət edin, mənzil çıxarışı dediyimiz sənədin özü 50 faiz bahalaşır. Burada maya dəyərinə təsir göstərən axı nə var? Adi bir kağızdır, kompüterdən və rəngli printerdən çıxarılan sənəddir, üzərinə möhür vurulur və sizə verilir. Bunun maya dəyərində nə yüksəliş olub ki, indeksləşməyə ehtiyac qalsın və 50 faiz bahalaşdırılsın? Bu nöqteyi-nəzərədən sadəcə dövlətin xidmət göstərə biləcəyi sahədə rüsumların formalaşması kommersiya düşüncəsi ilə ölçülməməlidir.

- Qiymət bahalaşması ilə paralel olaraq müxtəlif növ müavinətlərin, maaş və təqaüdlərin artırılması haqda qərarlar verilib. Əmək haqlarının artımı ilə bahalaşma nə dərəcədə balans yaradacaq?

- Deyilənlərə görə, ən yaxşı halda 20-40 faiz arası müəyyən indeksləşmələr olacaq. Minimum əmək haqqında bu 20 faiz oldu. Yəni minimum əmək haqqı 250 manatdan 300 manata qaldırıldı. İndi digər sahələrdə buna bənzər artımların olması gözləniləndir. Sözsüz ki, artımların olması müsbət haldır və alqışlanmalıdır. Lakin burada da bir əhəmiyyətli məsələ var. Əgər maaşlar, təqaüdlər və ya müavinətlər artırsa və bununla paralel bazarda təklif artmırsa, yəni məhsul və ya ərzaq bolluğu olmursa, bu, inflyasiya proseslərini daha da sürətləndirir. Azərbaycan reallığında “maaş və təqaüdlər artacaq” xəbərinin özü belə qiymət bahalaşmasına səbəb olur. Hələ maaşlarda artım baş verməyib, lakin bazarda qiymətlərdə bahalaşmanı müşahidə edirik. Bu anlamda hökumətin əsas vəzifəsi təkcə maaş, təqaüd və ya sosial müavinətlərın artrılması olmamalıdır. Əlbəttə, bu vacib məsələdir və mütləq həyata keçirilməlidir. Lakin paralel olaraq bazarda bolluğun yaradılması üçün işlər görülməlidir ki, qiymətlərin sürətlə bahalaşmasının qarşısını alan faktora çevrilsin. Təəssüflər olsun ki, bizdə axsayan məsələ budur. Yəni maaş və təqaüdlərlə paralel qiymət artımının şahidi oluruq. Bu ciddi problemdir və məncə, indiki dövrdə maaş və təqaüdlər artacaqsa, bu qiymət artımına təkan verən faktora çevrilə bilər.

- İqtisadiyyat Nazirliyinin tərkibində anti-inhisar idarəsi var, hər dəfə qiymət bahalaşanda bu qurum bəyan edir ki, süni qiymət artımının qarşısını almaq, möhtəkirləri cəzalandırmaq üçün monitorinqlər keçirir. Amma nəticə olaraq süni qiymət artımı da baş verir. Hökumətin əlində hansısa real inzibati mexanizmlər varmı ki, effektiv şəkildə süni qiymət artımının qarşısını ala bilsin?

- Əslində, dövlət nə zaman ki, inzibati qaydada qiyməti formalaşdırmağa çalışır, bu daha çox problemlə qarşılaşır. Bizim sovet keçmişimiz də var. O zaman qiymətləri dövlət müəyyən edirdi, amma piştaxtalarda heç nə yox idi. Hər şey əslində altdan satılırdı. Yəni dövlətin birbaşa müdaxiləsi olmamalıdır. Ümumiyyətlə, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı mümkün deyil. Onda bizdə ya bazar iqtisadiyyatı yoxdur ki, süni qiymət artımı var, ya da süni qiymət artımını ancaq inhisarçılıq yolu ilə edirlər ki, bu da iri holdinqlərə məxsusdur. Belə halda onlarla anti-inhisar qanunları çərçivəsində mübarizə apara bilərlər. Amma hər dəfə gedib kiçik dükanda Məhəmməd dayını süni qiymət artımına görə cərimə etmək, zənnimcə, doğru deyil. Ümumiyyətlə, yanaşma doğru deyil. Dövlətin əlində kifayət qədər iqtisadi mexanizmlər var ki, süni qiymət artımının, möhtəkirliyin qarşısını ala bilər. Bayaq dediyim kimi, bu da vergi və gömrük rüsumlarıdır. Dövlət tənzimləyici orqan kimi vergi və gömrük rüsumlarından istifadə etməklə, bazarda qiymətləri tənzimləyə bilər. Nəticədə, qiymət artımının qarşısı alına bilər. Hesab edirəm ki, nəzarət mexanizmi ilə heç nəyə nail olmaq mümkün deyil. Əksinə, belə müdaxilələr olanda bazarda qiymətlər daha sürətlə qalxır. Dediklərimin ən bariz örnəyi bu ilin qış aylarında Rusiyada qarabaşaq və şəkərin qiymətində özünü göstərdi. Bu məhsulların qiyməti artırdı və Nazirlər Kabinetinin qərarı ilə qarabaşaq və şəkərin maksimum satış qiyməti müəyyən edildi. Yəni sahibkar bu məhsulları müəyyən olunan qiymətdən baha sata bilməzdi. Amma iki aydan sonra bu məhsullar bütün mağazalardan yoxa çıxdı. Gördülər ki, daha pis nəticələr yaranır, dərhal qərarı ləğv etdilər. Əgər bazar iqtisadiyyatı şəraitində yaşamaq və ölkəni buna uyğunlaşdırmaq istəyiriksə, inzibati qiymət qoymaq mexanizmindəndirsə, bazara təsir edəcək alətlərlə hökumət müdaxilə etməlidir. Qənaətimcə, bu zaman daha effektiv və qalıcı qiymətin şahidi ola bilərik. 

- Covid-19 qiymət artımında hansı rol oynayır?

- Şübhəsiz ki, pandemiya dünyada qiymət artımında rol oynayır. Qiymət artımı və ərzaq indeksinin bahalaşması birbaşa pandemiya ilə bağlıdır. Çünki birbaşa lojistik zəncirlər qırılıb, yükdaşıma bahalaşıb, ölkələr daha çox daxili bazarı qorumağa, ixracat rüsumlarını azaltmağa çalışır. Bunların hamısı pandemiya ilə əlaqəlidir. Yəni pandemiyanın bu məsələdə birbaşa rolu var.

- Neft məhsulları, elektrik enerjisi, qida, dövlət rüsumları, yükdaşımalar bahalaşıb. Bu iqtisadi məntiqlə gedən proses sonda devalvasiya ilə nəticələnə bilərmi?

- Devalvasiya məsələsi belədir ki, bizdə məzənnəni dövlət müəyyən edir. Yəni Mərkəzi Bank bu prosesi inzibati qaydada müəyyənləşdirir. Bazarda gedən proseslərlə, dünya birjalarındakı durumla bunun birbaşa əlaqəsi yoxdur. Çünki məzənnəni müəyyən edən birja alətləri bizim ölkəmizdə yoxdur. Amma bizdə devalvasiya qədər təhlükəli proses gedir. Bu da manatın alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bu ən azı devalvasiya qədər təhlükəlidir. Təəssüflər olsun ki, hökumət və Mərkəzi Bank bütün diqqətini devalvasiyanın olmamasına, manatın məzənnəsini sabit saxlamağa yönəldib, amma manatın alıcılıq qabiliyyətinin sürətlə düşməsi ilə əlaqədar adekvat addımlar atılmır. Hələlik məzənnəyə onsuz da ciddi təhlükə yoxdur. Çünki dünya bazarında neft nə qədər bahadırsa, manat da neftin kağız formasıdır. Yəni mən Azərbaycan manatına birbaşa kəskin təsir edəcək prosesləri gözləmirəm. Neftin qiyməti ucuzlaşanda təhlükə başlayacaq. Amma manatın alıcılıq qabiliyyətinin, dəyərinin aşağı düşməsi çox ciddi prosesdir və təhlükələr yol aça bilər. 






Fikirlər