Dövlətin diqqət və qayğısının nəticəsi - müharibə əlillərinə birdəfəlik ödəmələrə reaksiyalar

Elnur Abbasov :“Əlilliyi müəyyən olunan heç bir şəxs ödənişlərindən kənarda qalmayacaq”

Rey Kərimoğlu: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərir”

 Emin Həsənli: “Dövlət sağlamlığını itirmiş şəxslərə diqqət və qayğı bundan sonra da davam etdiriləcək"

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Ötən gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında açıqlamasında deyib ki, bu günə qədər birdəfəlik ödəmələrlə bağlı 11 minədək Birinci Qarabağ müharibəsi əlillərinin hesabına 67 milyon manata yaxın vəsait köçürülüb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb. Vaxtilə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.

Nazir Sahil Babayevin yeni müavinlərinin DOSYESİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də birdəfəlik ödəmələrlə bağlı açıqlama verib: “Sabah (bu gün) vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq. Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək”.  

Nazirlik rəsmisi: Uzunömürlülük 12 ildən artıq pensiya alanların sayını artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov Musavat.com-a açıqlamasında bildirdi ki, 1991-ci ilin oktyabrından başlayaraq 1997-ci ilin 2 avqust tarixinədək dövrdə birinci Qarabağ Müharibəsi dövründə əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və daxili işlər orqanlarının əməkdaşlarına birdəfəlik ödəmə nəzərdə tutulur: “Yalnız onlara bu ödənişlər edilməmişdi. Dövlət başçısının humanist qərarı nəticəsində bu ödənişin verilməsi barədə qərar qəbul edildi. Bu ödəniş də bitdikdən sonra 1991-ci ildən 2022-ci il də daxil olmaqla heç bir hərbi qulluqçumuz, əlilliyi müəyyən olunan heç bir şəxs qalmayacaq ki, bu sığorta ödənişlərindən kənarda qalsın. 

Bir daha qeyd edim ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir. Eyni zamanda birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər. Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər”.

Rey Kərimoğlu: Müharibə iştirakçılarının intihar hallarının səbəbləri araşdırılıb hüquqi qiymət verilməlidir

Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu da qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin növbəti humanist addımıdır: “Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən şəhid ailələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmələr verilmişd. Həmin fərmanın ardınca isə Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən ilin dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalamışdı. Bu fərmana qədər Birinci Qarabağ müharibəsi əlilləri qanunvericiliyin yaratdığı problemlərə görə birdəfəlik ödəmələri ala bilmirdilər. Ancaq cənab Prezident həmişə olduğu kimi, bu dəfə də məsələyə humanist yanaşdı. Bu çox ciddi məsələ və böyük işdir. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə görə Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərir. Bu işi həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün başlanılan proses də bu diqqət və qayğının nəticəsidir".

"Ordumuzun peşəkarlığı son təlimlərdə özünü bir daha göstərdi"

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli mediaya açıqlamasında bildirib ki, I və ya II Qarabağ müharibəsində iştirak etməsindən asılı olmayaraq, müharibə iştirakçıları arasında heç bir fərq qoyulmur: “Prezident İlham Əliyev hər zaman şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərib. O cümlədən 20 Yanvar faciəsi zamanı xəsarət alanlar, Çernobıl hadisəsinin iştirakçıları, II Dünya müharibəsi veteranları, bir sözlə hamısı bərabər şəkildə dövlət qayğısı ilə əhatə olunur. Azərbaycan dövləti onları mənzil və avtomobillərlə təmin edir. I Qarabağ müharibəsinin şəhid ailələri də birdəfəlik ödəmə alıblar. İndi də 1997-ci ilin avqustun 2-nə qədər döyüş tapşırığını yerinə yetirərkən xəsarət almış şəxslər, o cümlədən vəfat etmiş şəxslərin vərəsələri I, II və III qrup üzrə müvafiq ödəmələr alacaqlar. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin növbəti diqqət və qayğısının göstəricisidir. Əlillərin ən müasir protezlərlə təmin edilməsi, sağlamlıqlarının bərpası istiqamətində də xeyli addımlar atılır. Həmin şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən qarşılanır. Azərbaycan dövlətinin onun uğrunda canını vermiş, sağlamlığını itirmiş şəxslərə diqqət və qayğı bundan sonra da davam etdiriləcək".

Qeyd edək ki, baş nazir Əli Əsədov ötən gün "1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər onlardır: 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər; müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər; yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

 






Fikirlər