Defolt, milyonlarla işsiz, resessiya – Dünya yeni düzənə hazırlaşır...
Hazırda dünya gündəmini zəbt edən əsas məsələlərdən biri də ABŞ-də gözlənilən defolt və hökumətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyi ilə bağlı məsələlərdir. Belə ki, ABŞ konqresinin borc tavanı ilə bağlı qərarı hazırda bütün dünyanın diqqətindədir. Mövcud vəziyyətin dünya iqtisadiyyatına təsirlərini “Ölkə.Az”a şərh edən iqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, borc tavanı ABŞ hökumətinin maksimum borcalana biləcəyi həddir və həmin həddə vaxtaşırı olaraq konqres tərəfindən yenidən baxılır: “Borc tavanı 1960-cı ildən bu yana 78 dəfə artırılıb və artım davamlı olaraq baş verir. Çünki inflyasiya və əlavə pul kütləsinin buraxılması halları nəzərə alınır. Hazırkı borc tavanı 31,4 trilyon dollardır və bu həddə 2023-cü ilin yanvarın 19-da çatılmışdı. Federal hökumət isə iyun ayına qədər borc tavanını keçmədən özünü təmin edə biləcəyini bildirmişdi. Lakin daha sonra ödəmələrini ödəyə və borclarına xidmət edə bilməyəcəyini (istiqrazlar üzrə faizlər, mərkəzi hökumət və pentaqonun xərcləri) açıqladı”.
8 milyona yaxın iş yeri itirilə bilər Ekspertin sözlərinə görə, defolta 2 cür yanaşma var: “Bəziləri bunun texniki problem olduğunu deyir. Lakin bu halda, federal hökumətin və hərbinin maaşları ödənməyə bilər. İkinci məsələ defoltun investorlarda hansı panikaya səbəb olacağıdır. Üçüncüsü isə bunun dünyada necə bir çaxnaşma yaradacağıdır. Çünki burada böyük bir yoluxma riski olacaq ki, ABŞ-in borclarını ödəməməsi, digər dövlətlərə də güclü zərbədir. Məsələn, Yaponiya ABŞ-nin 1 trilyon dollarlıq istiqrazlarına sahibdir. Çinin isə ABŞ-nin yalnız federal istiqrazlarında 855 milyard dolları var. Təxmini hesablamalara görə, defolt olarsa, yumşaq və ya sərt resessiya olacaq. Yumşaq resessiya variantında ilkin mərhələdə 500 minə yaxın iş yeri itirilə bilər. Lakin sərt resessiya olarsa, ABŞ-də 8 milyona yaxın iş yerinin itiriləcəyi gözlənilir. Bu, çox böyük həddir”.
Defolt məsələsi ilə bağlı böyük gərginlik yaradılır E. Sadıqovun fikrincə, önəmli məsələlərdən biri ABŞ-nin defoltla bağlı böyük gərginlik yaratmasıdır: “Çünki öncəki illərdə defolt kəliməsi bu qədər işlənməmiş, borc tavanı artırılmışdı. İndi isə respublikaçılar demokratların həddən artıq pul xərclədiklərini, büdcəyə qənaət edilmədiyindən kəsrin artdığını deyilər. Hakimiyyətin iki böyük qolu bu məsələdə toqquşurlar. Onlardan biri yaşıl enerjiyə vəsait xərclənməsini dəstəkləyir, FED-ə pul çapının davam etdirilməsi ilə bağlı təzyiqlər edirlər. Digəri isə FED-in pul çapında ehtiyatlı mövqe tutmasının tərəfdarıdır ki, inflyasiya onlar üçün prioritet məsələlərdən biridir. Onlar inflyasiyanı təkcə faizlə tənzimləyə bilmədiklərini deyir, “bir tərəfdən pul çap etmək, digər tərəfdən faizləri artıraraq inflyasiyanı boğmaq doğru deyil” deyə düşünürlər. Borclanma özü də inflyasiya təzyiqini artırır”. Vəziyyət nəzarətdən çıxa, müəyyən dövlətlər ciddi iqtisadi zərbə ala bilər Bazarların hazırkı vəziyyətinə gəlincə ekspert bildirib ki, hazırda birjalarda spekulyativ hərəkət olur, bir çox şirkətlər qısa mövqe açırlar. ABŞ-nin Mərkəzi Maliyyə Nəzarət Xidməti güclü spekulyativ fəaliyyətlərin və bazara ciddi təsirlərin olmaması üçün ciddi nəzarətə başlayıb: “Lakin ABŞ-də bu şəkildə defolt indiyə qədər olmayıb və bu hal ilk dəfə yaşandığı üçün heç kəs hadisələrin necə inkişaf edəcəyini deyə bilmir. Müəyyən dövlətlərin vəsaitlərinin batacağı ilə bağlı fikirlər qeyri-müəyyən vəziyyət yaradır. Doğrudur, ABŞ inflyasiyanı faiz qaldırmadan endirmək istəyir ki, bu zaman müəyyən spekulyativ hərəkətlərə yol verilir. Defolt isə risk ediləcək məsələ deyil və vəziyyət nəzarətdən çıxa bilər. ABŞ kimi dövlətin bununla risk edəcəyini düşünmürəm. Ən pis ssenaridə borc tavanı ilə bağlı iyunun 1-nə qədər razılığa gəlməmək, iyunun 1 və 2-i tarixlərində bazarların nəbzini yoxlayaraq hər hansı vəziyyət pisləşməsi zamanı borc tavanını artırmaq olar. Borc tavanının artırılmaması müəyyən dövlətlərə ciddi iqtisadi zərbə deməkdir. Lakin bu vəziyyətdən digər dövlətlər qısamüddətli təsirlənəcəyi halda, ABŞ uzunmüddətli təsir ala bilər”.
Dünyada yeni düzən formalaşdırılır. Böyük spekulyasiyalar, ajiotajlar olacaq “Hazırda dünyada yeni düzən formalaşdırılır və bununla bağlı ciddi planlar var. BMT-nin baş katibi A.Quterreş çıxışında maliyyə sisteminin köhnəldiyini, Bretton Vuds sisteminə yenidən baxılmalı olduğunu dedi. Bu sistem 1944-cü ildə dolları dünya valyutasına çevirmişdi. 2 il əvvəl dünyada pandemiyanın mövcud olması, tədarük zəncirinin bərpa olunmaması, enerji sektorunda təlatüm səbəbindən maliyyə sektoruna dəyilməyəcəyini demişdim. Artıq maliyyə sektoru ilə bağlı ciddi siqnallar var. Lakin ABŞ-nin defolt elan etməsi və heç bir tədbir görməməsi, dünyada böyük bir fəlakət yarada bilər. Ümumilikdə, iyunun 1-nə qədər hər yerdə böyük spekulyasiyalar, ajiotajlar olacaq ki, bura da da ən pis variant borc tavanını iyunun 1-ə qədər artırmamaqdır. ABŞ-nin isə buna gedəcəyini düşünmürəm, çünki ABŞ öz imicini korlamaq və dolları öz taxtından endirmək istəməz. Belə ki, sözügedən ajiotajlar fonunda dolların dəyəri qalxa, digər valyutalarda ciddi problemlər yarana bilər. Məsələ artıq dolların uzunmüddətli imici ilə bağlıdır”, - E. Sadıqov əlavə edib.