Bir ayda 56 milyonluq 7 tender qazanan şirkət - Əsl sahibi KİMdir?

Dövlət Məşğulluq Agentliyi Publik Hüquqi Şəxsi Quba Peşə Hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıqlar, proqram təminatları və onların quraşdırılması (sazlanması) işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “B2B” Group MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 959.691,6 AZN olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 19.04.2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabayev (Rəsulzadə qəsəbəsi), ev 9-da yerləşir. 

Hələ 2021-ci ildə mediada gedən məlumatlara əsasən, şirkətin əsl sahibinin 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyində birinci müavin postunu tutmuş general Elçin Əliyev olduğu iddia edilib. 

MMC-nin qanuni təmsilçisi isə Sumqayıt şəhər sakini Ramal Bəşir oğlu Bəşirov göstərilib. 

Bundan əlavə mediada şirkətin daha əvvəldə bir neçə böyük məbləğli tenderlərin qalibi olması barədə məlumat gedib. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, MMC təkcə 2023-cü ildə dövlət qurumları tərəfindən keçirilən 15 böyük məbləğli tenderin qalibi olub. 2023-cü ilin yalnız may ayında şirkət ümumi maliyyə dəyəri 56.811.186 manat olan 7 tenderin qalibi olub. 

Şirkət son iki ildə ümumilikdə 48 tender qazanıb.






Fikirlər