Azərbaycanda yağ niyə ucuzlaşmır? - GİZLİ MƏQAM...
Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər? Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir: “Xaricdən idxal olunan yağların ucuzlaşması ölkə daxilindəki qiymətlərin tənzimlənməsində rol oynamalı idi. Amma təəssüf ki, biz bunu görmürük. Burada bir neçə səbəb ola bilər. Xaricdən açıq şəkildə tonlarla yağ idxal olunur. Sonra isə Azərbaycanda qablaşdırılır. Bu qablaşdırma yerli firmaların xarici şirkətlər adı altında bazara çıxarılmasına səbəb olur. İdxal olunan malların qiymətindəki ucuzlaşmanın yerli bazara təsir göstərə bilməməsinin başlıca səbəblərindən biri də məhz budur”. İqtisadçı sözügedən sahədə bu kimi halların qarşısını almaq üçün ciddi addımlar atmaq lazım olduğunu vurğulayıb: “Bütün bu halların qarşısını almaq üçün həmin sahəyə ciddi nəzarət lazımdır. Çünki çox zaman tonlarla alınan yağlar ölkədə qablaşdırılır, lakin xarici şirkətlərin adı altında satışa çıxarılanda baha qiymətə təklif edilir. Sözügedən problemi aradan qaldırmaq üçün həmin məsələyə diqqət edilməli, aidiyyatı qurumlar vacib addımlar atmalıdır”. “Yeni Sabah”