Əhali qazandığı pulu çoxunu ərzağa xərcləyir - STATİSTİKA...

Əhali qazandığı pulu çoxunu ərzağa xərcləyir - Statistika

“Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17,0 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

“Göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır. Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın ¼-i ərzaq məhsullarının alınmasına yönəldilir.

Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır”.






Fikirlər