Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - BU NƏDİ BELƏ?!
Son günlər iri tenderlərin əsas qalibləri sırasında “A4 OFİS” MMC-nin adı daha çox hallanır. Bu şirkət dəftərxana ləvazimatlarından tutmuş, inventara qədər bütün işlərdə başda gedir. Tribunainfo.az xəbər verir ki, sözügedən MMC əsasən iri məbləğli tenderlərin qalibi olur. Və məsələ o qədər böyükdür ki, əksər iri dövlət qurumları, habelə ölkə üzrə bütün xəstəxanalar yalnız bu şirkətdən mal və məhsul alırlar.
Məsələn, dünən elan olunan tenderin nəticələrinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “A4 OFİS”lə “Dəftəxana və təsərrüfat malları”nın satın alınması” üzrə müqavilə imzalayıb. Satınalma müqaviləsinin dəyəri isə 235.772,73 manatdır.
Ötən gün sözügedən şirkət daha bir tenderin də qalibi olub. “A4 OFİS” MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına da dəftərxana və təsərrüfat malları satacaq. Bu satınalma müqaviləsinin isə dəyəri 249.119,95 manatdır.
Tribunainfo.az son zamanlar ulduzu parlayan “A4 OFİS” şirkətinin kimə məxsus olması barədə araşdırma aparıb. Bu zaman məlum olub ki, şirkətin belə böyüməsində və tenderlərin qalib olmasında onun rəhbəri Elgiz Səmədovun rolu o qədər böyük olmayıb. Əksinə, ona ən böyük dəstək Azərbaycan Dövlət Dəmiryolları İdarəsindən gəlir.
Öncəliklə qeyd edək ki, “A4 OFİS” 1 noyabr 2019-cu ildə yaradılıb. rəhbəri Elgiz Səmədovdur. Rusiyanın Krasnodar vilayətində dünyaya gəlib. Rusiya vətəndaşı olub, olmadığı məlum deyil. Onun bu posta qardaşı sayəsində gəlib çıxdığı məlumdur. Bəs, bu bacarıqlı qardaş kimdir və harada işləyir?
Elgiz Səmədov
Tribunainfo.az-ın araşdırması nəticəsində məlum olub ki, Elgiz Səmədovu bu imkanlara sahib edən qardaşı Məmmədbəyli Səmədovdur. Sözügedən şəxs Azərbaycan Dövlət Dəmiryolları İdarəsində Elektrik işləri üzrə Baş mühəndis vəzifəsində çalışır. Daha doğrusu, dəmiryollarının elektrik işlərinə məsul olan şəxsdir.
Məmmədbəyli Səmədov əvvəllər İMA Energy QSC-də, daha sonra ATEF Group of Companies-də və AZENCO JSC-də çalışıb.
Sözügedən şəxsin Dövlət Dəmiryolları İdarəsinin rəhbəri Rövşən Rüstəmovla münasibətləri isə hələ xeyli əvvəl yaranıb. Söhbət AZENCO dönəminə qədər uzanır. Belə ki, Rüstəmov hələ “Azərpoçt”da çalışan zaman Məmmədbəyli Səmədovla yaxın münasibət qurur və oradan da yoldaşlıqları başlayıb. ADDYİ-yə rəhbər təyin edilən kimi Rüstəmov Səmədovu dəmiryollarının elektrik işlərinin başına keçirir.
Məmmədbəyli Səmədov
Lakin Səmədov təkcə, işlədiyi qurumda elektrik işlərinə baxmır. O, həm də qardaşı Elgiz Səmədov və daha bir neçə yaxın adamı ilə birlikdə ADDYİ-nin keçirdiyi tenderlərin də hesab-kitabına nəzarət edir.
Araşdırmalar zamanı o da məlum olub ki, “A4 OFİS” şirkətinin “uğur” qazanması da elə Rüstəmov-Səmədov dostluğunun nəticəsidir. Hətta iddialar var ki, Rövşən Rüstəmovun sözügedən şirkətdə payı da var.
Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin və qurumun mövqeyini dərc etməyə hazırıq.