VERGİ ödəyicilərinə XƏBƏRDARLIQ
Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinin işçilərilə müşavirə keçirilib. Tədbirdə vergilər nazirlinin makroiqtisadi və iqtisadi məsələlər üzrə müşaviri Xaqani Abdullayev vergi sistemində aparılan islahatların əsas məqamlarının xülasəsini verib. Müşavir bildirib ki, vergi ödəyicilərinin qarşısında bir sıra tələblər qoyulub: “Bura vergilərin vaxtında və tam ödənilməsi, vergi öhdəliklərinin şəffaflaşdırılması, uçotun dürüst aparılması daxildir”. X.Abdullayev qeyd edib ki, sənədləşmələr qaydasında olmadığı təqdirdə, vergi orqanları tərəfindən sanksiyalar təbiq ediləcək: “Müəyyən çətinliklər nəzərə alınaraq, bütün vergi ödəyicilərinə ilin sonunadək vaxt verilir. 1 yanvar 2019-cu ildən etibarən vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək”. Nazirin müşaviri yeni dönəmdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri nəzərə çatdırıb: “Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların da vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək”. Onun sözlərinə görə, vergi orqanlarının səlahiyyət və məsuliyyət diarəsi dəqiqləşdiriləcək: “Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”. AzerTaym.az