Polisə sağ gedən niyə SALAMAT qayıtmır?
İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov mayın 12-də saat 13 radələrində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində ölüb. Bir müddət əvvəl isə onun mağazasında oğurluq hadisəsi baş verib. Zərərçəkən ailənin iddiasına görə, Zaur bölmə əməkdaşlarinin zor tətbiq etməsi nəticəsində dünyasını dəyişib: "Bölmədə onun ağzı-burnu qan içində olduğunu görüblər". “Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin polisdə baş verən ölüm halları ilə bağlı material hazırlayıb. Yazıda bildirilir ki, Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumata görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunan qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb. Baş Prokurorluğun verdiyi açıqlamaya görə, Z.Sultanovun Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində dünyasını dəyişməsinə səbəb onun inzibati binanın həyətyanı sahəsində oturacaqdan yıxılması olub. Analoji hadisələrdən biri ötən ilin avqust ayında Mingəçevirdə olub. Şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib. Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev deyir ki, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb. Polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar. D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb. "Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir", - deyə D.Hacıyev bildirib. Vəkil Adəm Məmmədov "Bizim Yol"a bildirib ki, polis bölmələrində baş vermiş ölüm hadisələrinin əksəriyyətinə səbəb polisin səhlənkarlığıdır: "Oxşar hadisələrdən biri ötən ilin avqust ayında Mingəçevirdə baş verdi. Polis şöbəsinə çağırılan vətəndaş özünü üçüncü mərtəbədən atdı və bu hadisədə təqsirli bilinən iki polis əməkdaşı həbs olundu. Polis orqanlarının əksər əməkdaşları çalışır ki, sübutları zor gücünə toplansın. Cinayətə aidiyyatı olmayan şəxslərin üzərinə cinayətin sənədləşdirilməsi üçün təzyiq və təsir edirlər ki, nəticədə vətəndaş polisin binasından cansız bədənlə çıxır. Bu hadisələrin baş verməsi qeyri-peşəkarlıqdan irəli gəlir. Hüququn keşiyində dayanan şəxslərin peşəkar və savadlı olması, həmçinin əməliyyat şəraitini qurmaq bacarığı lazımdır. Belə olan halda sübutları toplamaq mümkün olur. Bu cür müsbət xüsusiyyətləri olmayan polis sübutları zor tətbiq etməklə əldə etdiyi etiraflarda görür". Vəkilin sözlərinə görə, Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən irad olmasın, cinayət işi açıq qalmasın deyə cinayəti təqsiri olmayan şəxsin üzərinə sənədləşdirirlər: "Məsələn, yiyəsi və vəkili olmayan bir şəxs oğurluq edirsə, Bakı şəhərində baş verən və açılmamış oğurluq hadisələrinin hamısını onun adına rəsmiləşdirirlər. Bunu heç kim dana bilməz. Xüsusən spirtli içkilərdən asılı olan oğurluq edən şəxs tapılanda Bakının bütün polis bölmələri bayram edir. Açılmayan cinayət işlərini onun adına sənədləşdirirlər. Bir-iki sübutla da işi möhkəmləndirirlər, məhkəmə də fakt qarşısında qalıb məcburən ittiham hökmü çıxarır. Polis bunu niyə edir? Cinayət işi açıq qalmasın deyə plan xatirinə aidiyyatı olmayan şəxsi cinayətdə təqsirli göstərirlər. Şəxsi təcrübəmdən onu da deyə bilərəm ki, polis tərəfindən təzyiq və işgəncələrə məruz qalan şəxslər başına gələn hadisələri ictimailəşdirəndə polis zərərçəkmişə və şahidlərə təzyiq göstərir. Hətta hakimləri şantaj edirlər. Ona görə ki, onların əleyhinə hər hansı bir məlumat ictimailəşdirilməsin". Vəkil problemin həlli yolunu göstərdi A.Məmmədov bildirib ki, nə vaxta kimi Azərbaycanda İstintaq Komitəsi yaradılmayacaq, istintaq təşkilatlarında ölüm və işgəncə faktları yenə baş verəcək: "Rusiyada, hətta Ermənistanda belə hər hansı bir dövlət qurumundan asılı olmayan İstintaq Komitəsi var. Bütün istintaq işləri bu təşkilatda aparılır. Azərbaycanda isə demək olar ki, hər bir nazirliyin istintaq idarəsi var. Vergilər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin və başqa təşkilatların istintaq təşkilatları var. Az qalıb ki, baytarlığa da istintaq aparması üçün səlahiyyət verilsin. İstintağı oyun-oyuncaq eləmək olmaz. İstintaq məhkəmə kimi ciddi bir təşkilatdır. Düzdür, bəzən məhkəmə bəraət verir. Amma bu da yaxşı hal deyil. Burdan görünür ki, istintaq idarələri nə vəziyyətdədir. Əməliyyatçı ilə müstəntiq eyni binadadır, dostdurlar, əlbəttə ki, bir-birinə sözünü keçirə bilib, işi saxtalaşdıra bilirlər. Vəkil İradə Cavadova: "Ölüm hadisələri dövlətin imicinə zərər vurur" Vəkil İradə Cavadova "Bizim Yol"a bildirib ki, polis bölməsində ölən hər hansı şəxslə bağlı icraatında iş olmayıb: "Ancaq bu barədə mediadan məlumat almışam. Hesab edirəm ki, bu faktların olması ciddi hadisədir. Polis bölməsində ölən şəxslərin əksəriyyəti işgəncələrə məruz qalmış şəxslərdir ki, bu da dövlətin imicinə zərər vurur. Odur ki, idarənin əməkdaşından rəhbərliyinə qədər polis əməkdaşı məsuliyyətə cəlb edilməlidir". "Lazım bilərsə, işi prokurorluğa göndərə bilər" Elmi-praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi, Mahmud Hacıyev bildirib ki, polis bölməsində ölüm hadisəsi müxtəlif səbəbdən baş verə bilər: "Belə hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparıb, müəyyən cəzalar tətbiq edə bilər. Əgər ölüm faktı ilə bağlı polisin təqsiri varsa, Baş İstintaq və Təhqiqat İdarəsi lazım bilərsə, bu işiDaxili İşlər Nazirliyinin daxili təlimatına uyğun olaraq prokurorluq orqanlarına göndərə bilər". "Mənəvi sarsıntı keçirirəm" Vəkil Müzəffər Baxış bildirib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən zorakı ölüm hadisəsi baş verəndə dərhal cinayət işi açılmalıdır: "Azərbaycanda digər sahələrdə problemlər olduğu kimi hüquq-mühafizə orqanlarında da müəyyən problemlər var. Məsələn, daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət edən prokurorluğun nüfuzu Daxili İşlər Nazirliyinin rəhbərliyinin nüfuzundan yüksək deyil. Bunun da fəaliyyətə təsiri var. Cəmiyyətdə fikirlər səslənir ki, hüquq-mühafizə orqanlarında vətəndaşlara işgəncə verilir və bu işgəncələr nəticəsində onlar ölürlər. Amma istintaqın rəsmi nəticəsinə görə, bu ittihamlar öz təsdiqini tapmır. Son zamanlar mən cinayət işlərini icraatıma götürmürəm. Çünki cinayət işində ədaləti bərpa etmək çox çətindir, əksər hallarda isə mümkünsüzdür. Ədalət qələbə qazanmadığı üçün əsəblərim korlanır, mənəvi sarsıntı keçirirəm". AzerTaym.az
Hesab edirəm ki, İstintaq Komitəsi yaradılsa, sübutlar saxtalaşdırılmaz. İstintaq Komitəsi birbaşa dövlət başçısına tabe olur, rəisi və müavinləri onun tərəfindən təyin olunur".