Baş redaktora qarşı qəsdin araşdırılması nazirin nəzarətində - "...təfsilatı ilə danışa bilmərəm"

Baş redaktora qarşı qəsdin araşdırılması nazirin nəzarətində
Xəbər verildiyi kimi, martın 14-də, gecə saat 02:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilinə bir qrup şəxs basqın edib mənzilə benzin tökərək yandırıblar. Lakin tam təsadüf nəticəsində həmin vaxt yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, sonra Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınmışdır. Jurnalistin və yanğının ilk şahidi olan qonşunun ilkin ifadəsi alındıqdan sonra fakt üzrə elə həmin gün Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsində cinayət işi başlanılmış, cinayət işi Xətai rayon Prokurorluğunun nəzarətinə verilmişdir. Lakin bir gün sonra hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq daxili işlər naziri Ramil Usubovun göstərişi ilə cinayət işinin materialları Xətai RPİ-nin istintaq şöbəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə verilmişdir. Hazırda istintaq materialları Bakı şəhər Baş Polis İdarəsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilovun icraatındadır. 
Bəs hadisə baş verəndən bəri ötən müddətdə istintaqın gedişində hansı yeniliklər var? Asif Mərzili Azadlıq.info-nun əməkdaşının bu sualına belə cavab verib:
-Bilirsiniz ki, hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq istintaq işi Xətai rayon Polis İdarəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə verilib… Artıq xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilovun dəvəti ilə yenidən ifadə vermişəm və sonrakı dövrdə isə əlavə maddi sübutları və istintaq üçün zəruri olan məlumatları müstəntiqə çatdırmışam. Həmçinin qəsdən törədilmiş yanğın hadisəsinin ilk şahidi olan qonşum Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə dəvət olunub, o da geniş ifadə verib, həmin vaxt hadisəni törədənlərin hərəkət trayektoriyası və s. əlamətləri barədə məlumatlarını ifadəsində əks etdirib… Artıq müvafiq əməliyyat-istintaq hərəkətləri aparılıb, bəzi istiqamətlərdə davam etdirilir. Ən vacibi, hadisəni törədənlərin və bu qəsdi sifarişçisinin kimliyi barədə müəyyən məlumatlar əldə edilib və s. Sadəcə, istintaq sirri olduğundan təfsilatı ilə danışa bilmərəm… Onu da əlavə edim ki, bu cinayət işinin istintaqının gedişində cənab daxili işlər naziri Ramil Usubovun xüsusi nəzarətini hiss edirəm… Sizlər də başda olmaqla, həmkarlarıma təşəkkür edirəm ki, əvvəldən informasiya dəstəyini əsirgəməyiblər… Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov neçə dəfədir şəxsən özü mənimlə telefon əlaqəsi saxlayıb və istintaqın gedişi ilə maraqlanıb, Mətbuat Şurasının lazımi kömək və dəstək verməsini təklif edib… Bir daha deyirəm, bu qəsd hadisəsi təkcə mənə qarşı deyil, müstəqil tənqidi mövqeyi olan istənilən jurnalistə qarşı törədilə bilən hadisədir. Ona görə də hesab edirəm ki, bütövlükdə jurnalistikamıza qarşı yönəlmiş bu cinayət hadisəsinin üstünün tezliklə açılması təmin ediləcəkdir… Hətta onu da deyim ki, mənzil qərargahı Avropada yerləşən Beynəlxalq jurnalist təşkilatlarından məlum cinayət hadisəsi baş verən gün mənə zənglər edilib və baş verən cinayət hadisəsinin istintaqının gedişi barədə suallar veriblər, nə kimi köməyə və dəstəyə ehtiyac olduğunu təklif ediblər... Bildirmişəm ki, hələki istintaqın gedişindən narazılığım yoxdur, əksinə, hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları bütövlükdə jurnalistin peşə fəaliyyətinə, söz azadlığına qarşı yönəlmiş bu qəsdin sifarişçisinin tezliklə üzə çıxarılıb ifşa edilməsində maraqlıdır, inanıram ki, bu, tezliklə belə də olacaq…
 






Fikirlər