Azərbaycan bu şəxsləri terrorçu siyahısına saldı - ADLAR

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstək verdiklərinə görə barələrində beynəlxalq sanksiya tətbiq olunan şəxslərin siyahısını yeniləyib.

 Modern.az-ın görə, Maliyyə Monitorinqi Xidməti Turki Məhəmməd Abdullah Əhməd Əl-Binəli (Bəhreyn), Faysan Əhməd bin Əli Əl-Zaxrani (Səudiyyə Ərəbistanı), Tuax Febrivansyax, Məhəmməd Şolex İbrahim (İndoneziya) və Hüseyn Juayfinin (Fələstin) adlarını siyahıya daxil edib.

 Bundan əlavə, Əlcəzair vətəndaşı Fərid Ayder və Almaniya vətəndaşı Daniel Martin Şnayderin adları siyahıdan çıxarılıb.

Siyahının yenilənməsi BMT Təhlükəsizlik Şurasının qərarı və regional təşkilatlardan daxil olan məlumatlar əsasında həyata keçirilib.

 Nazirlər Kabinetinin qərarına uyğun olaraq, beynəlxalq siyahı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkənin Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumat əsasında təsdiq edilir və yenilənir.

 “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

 






Fikirlər