Xüsusi xidmət orqanlarının AGENTURA şəbəkəsi barədə şok bilgilər

Xüsusi xidmət orqanlarının agentura şəbəkəsi barədə şok bilgilər

Ən ciddi və bahalı agentlər atom bombası, kütləvi qırğın silahları, elmi hesablamalarla işləyənlərdir; ən aşağı kateqoriya agentlər isə fahişələrdi... 

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb. 
Baş prokuror Zakir Qaralov tərəfindən təsdiqlənən ittiham aktında A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 179.3.1 (Mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. O, büdcədən təxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə götürərək mənimsəyib.
Akif Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etmədiyini bildirib. Deyib ki, pullar həqiqətən də agentlərə ödənib. Lakin A.Çovdarov agentlərin kimliyini istintaqa açıqlamaqdan imtina edib.
Bu isə Azərbaycanda hər zaman “sirli sual”, “üstü açılmamış həqiqətlər”in yenidən müzakirəyə çıxarılmasına səbəb olub. Agentlər, onların iş prinsipi, cəlb olunma mexanizmi və daha nələr nələr... 
“Yeni Müsavat” mövzunu araşdırarkən həm yerli, həm də xarici mənbələrdən istifadə edib. Amma bununla paralel eks milli təhlükəsizlik zabitlərindən də sualların cavabını ala bilib. Onlardan bir neçəsi ilə söhbət zamanı Milli Təhlükəsizlik Nazirliyindəki agentura şəbəkəsinin iş fəaliyyəti barədə detallı bilgilər əldə etdik. 
Agentlərin hamısına pul verilmir - vətənpərvərlik üçün çalışan da var, ideya üçün özünü fəda edən də
Öncə ondan başlayaq ki, sırf agentura şəbəkəsi üçün Milli Təhlükəsizlik Nazirliyinə büdcədən pul ayrılırmı? Belə bir yönləndirmə mümkündürmü? 
Bu mövzuda adının çəkilməməsi şərti ilə fikrini aldığımız təhlükəsizlik eksperti deyir ki, hər bir xüsusi xidmət orqanı, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyi üçün müəyyən büdcə var, olub: “Bu büdcə açıq şəkildə göstərilir. Orda qeyd olunur ki, bu il büdcədən hüquq mühafizə orqanlarına hansısa məbləğdə vəsait ayrılıb, onun müəyyən qədər hissəsi də milli təhlükəsizlik sisteminə sərf olunub. Tutaq ki, bu il MTN üçün 1 milyon manat vəsait nəzərdə tutulub. Bu 1 milyonun öz təyinatları var. Maaş üçün, tikinti üçün və sair. Həmin büdcənin içində xüsusi ayırmalar var və bu, əməliyyatlar üçün istifadə edilir. SSRİ vaxtında buna 9-cu maddə deyildiyi halda, indi 18-ci maddə adlandırılır”. 
Əməliyyat şəraitində hər hansı bir işi həyata keçirmək üçün mənbələrə verilən xüsusi mükafatlar A.Çovdarovun haqqında danışdığı vəsaitdir. Bu, agentlər üçün ayrılan puldur. Amma mövzunu bizə şərh edən ekspert hesab edir ki, agentura şəbəkəsinin heç də hər bir üzvünə pul ayrılmır: “Belə ki, bəziləri vətənpərvərlik, bəziləri isə ideya əsasında işləyirlər. Bundan başqa, ”birdəfəlik agentlər" var ki, onlardan da cəmi bir dəfə istifadə olunur".
Müsahibimiz deyir ki, A.Çovdarovun 1 milyon manat iddiasına şübhə ilə yanaşır. Onun fikrincə, agentura və xüsusi xərclər üçün nəzərdə tutulmuş o vəsait öz istiqaməti üçün xərclənməyib: “Ayrılan vəsait başqa tərəfə yönəlib. Əvəzində yazıblar ki, bu pullar agentə getdi. 1 milyon manat böyük vəsaitdir. Agentə bu qədər pul verilmir. Əməliyyat var ki, onun həcmindən asılı olaraq, agentə 200 manat da verilə bilər, 5000 manat da. Amma 1 milyon manat ciddi məbləğdir. Məlumatın qiymətindən, agentin kimliyindən çox şey asılıdır. Bunu heç kim bilə bilməz - hər bölmənin, qurumun öz işi var. Birdən-birə Çovdarova agentura şəbəkəsi qurması üçün 1 milyon manat verilməsi mümkün deyil”. 
Büdcədən agentura üçün ayrılan pullarla Eldar Mahmudov və ailəsi səyahət edib
Sabiq təhlükəsizlik xidməti zabiti iddia edir ki, burda 1 milyon manat vəsaitin yuyulmasından söhbət gedir: “Hətta ola bilsin bu vəsait Eldar Mahnudov və ailəsinin təyyarə biletlərinə, səyahət xərclərinə sərf olunub. Yəni pullar ola bilsin ki, boş-boş şeylərə sərf olunub. Ya agentə deyiblər ki, filan sənədə qol çək, amma pul verməyiblər. Ya da yüksək məbləğdə pula qol çəkdirib, cüzi məbləğ veriblər”.
Müsahibimiz deyir ki, agentlərin seçilməsi də bir elmdir: “İşin miqyasından, marağından asılı olaraq agentlər seçilir. İdeya ilə, patriotizmlə işləyən agentlər var. Bunları seçmək üçün əməliyyatçının təcrübəsi olmalıdır. Hər istiqamət üzrə seçilən agentlərə də vəsait ayrılır”. Amma söhbət etdiyimiz ekspert agentlərə ödənilən məbləğ barədə konkret rəqəm açıqlamadı. Dedi ki, ümumiyyətlə, bəlli bir preyskurant yoxdur: “Çünki onların əməliyyata cəlb olunmasından əvvəl o raportla çox yüksək səviyyədə MTN rəhbərinə məruzə olunur ki, filan agent üçün filan qədər məbləğ ayrılsın. Rəhbərliyin göstərişi olmadan pul ayrılması mümkün deyil”. 
Əsl əməliyyat işçisi agentlərinin adını özü ilə qəbrə aparır 
Həmsöhbətimiz deyir ki, agent sayı əməliyyatdan asılı olaraq dəyişir: “Elə əməliyyat var ki, orda heç agentə ehtiyac yoxdur. Agentlə işləmək ciddi təcrübə və enerji tələb edir. Agentlə elə-belə görüşlər keçirilmir. Onunla konspirativ görüşlər keçirilir, bunlar ayrıca mənzildə baş tutur. Əməliyyat işçisinin ən müqəddəs qüvvəsi agentlərdir. Ona görə də bu barədə tez-tez açıqlama vermək doğru deyil. Heç kim bu günə qədər agenturanı açıqlamayıb. Əsl əməliyyat işçisi bunu özü ilə qəbrə aparır. SSRİ dönəmində də milyonlarla vəsait xərcləyirdilər ki, bir dövlətin agenti digər dövlətin agentini ələ alsın. Bu, kəşfiyyatda da belə olur. Hər insanın həyat tərzinə uyğun olaraq əməliyyat qurulur, agent seçilir. Bəzən əri arvada, arvadı ərə qarşı qoyurlar”. 
Agentlərin əməliyyata cəlb edilməsində ideya və puldan başqa kompromat da var. Ekspert bu haqda da maraqlı bilgilər verir: “Tutaq, elə kateqoriya cinayətkarlar var ki, onlara qarşı istifadə olunan agentləri kompromat qarşılığında işlətmək mümkündür. İnsanın boş yerləri, zəif bəndi var. Bəzisinin zəif bəndi ailəsidir və ona qarşı bundan istifadə olunur. 
Əməliyyatçılar agent seçəndə hər şeyi nəzərə almalıdır. Hətta onun çevrəsində hansısa əməliyyatçı varsa, onu seçmək olmaz. Çünki agentlə görüşmək də şərtdir. İnternet, kompüter - bunlar ünsiyyət üçün təhlükəli vasitələr sayılır. Üzbəüz görüşəndə də detallar o qədər dəqiqliklə incələnməlidir ki, üçüncü şəxs o görüşdən xəbər tutmasın, görməsin". 
Müsahibimiz deyir ki, agent vəd etdiyini həyata keçirməyə də bilər: “Cəlb olunandan sonra əməliyyatçı ilə agentin bir-biri ilə münasibəti haqda, onları bərkidən bir sənəd olmalıdır. Ya videoçəkiliş, ya da bir yazılı sənəd. Ya da axırda tapşırıq yerinə yetiriləndə sakitcə ayrılırlar. Ayrılmaları da rəsmi şəkildə sənədləşdirilir”. 
Taksi sürücüləri, göyərti satanlar, fahişələr - onlar agent deyil, etibarlı şəxs sayılır
İşin daha bir incə nüansı. Agentə edilən ödəniş əldən-ələ də ola bilər, bank köçürməsi ilə də. SSRİ vaxtında əlbələ verilirdi. Amma indi bankla da mümkündür. İz itirmək şərti ilə təbii. Ekspertimiz deyir ki, ən bahalı agentlər böyük kütləvi qırğınların, məsələn, təyyarədə planlaşdırılan terror aktının qarşısını alanlardır: “Atomla, ekoloji məsələlərlə bağlı çalışan agentlər dünya miqyasında da böyük pullar alırlar”.
Azərbaycanlılarda belə təəssürat var ki, ən güclü agentlər taksi sürücüləri, göyərti satanlar, dayanacaqda işləyənlərdir. Halbuki sistemdə onların adına agent yox, etibarlı şəxs deyirlər. Onlar şəbəkəyə daxil olsa da, agent kimi qeydiyyata alınmrlar. 
Hansısa bir arayışla etibarlı şəxs kimi istifadə oluna bilərlər. Özünü büruzə verirsə, bu, əməliyyat işçisinin qüsurudur, buraxdığı boşluqdur. Fahişələrə, həyat qadınlarına gəlincə, onları agentura şəbəkəsinin axırıncı təbəqəsi hesab edirlər: “Onlar çox məclislərə gedir, çox söhbətlər eşidirlər. Eyni zamanda kişilər əsasən intim münasibətdən sonra məlumat verirlər, özlərini unudurlar. Amma onlar elə güclü kateqoriyalı agentlər deyil. Atom bombası, kütləvi qırğın silahları, elmi hesablamalarla işləyən agentura hara, fahişələr hara? Bu, axırıncı kateqoriyalı variantlardan biri kimi istifadə olunub. Son vaxtlar çox adam danışır ki, guya gizli kamera görüntüləri ilə şantaj ediblər. Şikayətçilərin heç də hamısı dürüst deyil. Texnika qoymaq bahalı işdir. Hər adama görə texnika qoymaq, hərəyə bir fahişə göndərmək... bunlar bahalı iş sayılır. Əsl əməliyyatçılar danışmağı, yazmağı sevmirlər. Gördükləri işin xeyrini götürəndə sakitcə durub gülümsünürlər. Əsl əməliyyatçının villası, bahalı maşını yoxdur. Agentlər də lüks həyat yaşamır. Onlara güclü mükafat verilmir. Bu, ancaq filmlərdə ola bilər”.
Amma seçilən agentləri şəbəkə rəhbərləri mütəmadi olaraq yoxlayır ki, artıq hərəkət etməsinlər. Yəni yalançı məlumatlardan istifadə etməsinlər, həyat tərzlərini dəyişməsinlər. 
A.Çovdarovun agentlərinə gəlincə, ekspert düşünür ki, o, heç 10 agentin adını çəkə bilməz. Çünki MTN polkovniki agentura işində olmayıb: “Onun rəhbərliyində 3-5 agent ola bilər. Amma görülən bu boyda cinayətlərin, qanunsuzluqların içində onun agentura şəbəkəsindən məlumatı olması mümkün deyil. Ümumi məlumatı ola bilər. O, energetika və nəqliyyat sahəsində baş idarənin rəisi olub. Orda əsas məsələ narkotiklə bağlı olub. Onun əldə etdiyi nəticələr əsasən texniki vasitələrlə əldə edilib, agenturaya ehtiyacı olmayıb. O, ömründə normal agentlə işləyən, əməliyyatçılarla iş quran, əməliyyat planlaşdıran biri olmayıb. Çünki onun məqsədi, məramı hər zaman çirkli olub. Onlar agentura şəbəkəsindən istifadə edə bilməyib. Həbs olunanların siyahısına baxın. Monitorinq Mərkəzinin rəhbəri, texniki işlərə baxan şəxslər. Agentlərlə işləmək daha çətindir, nəinki texniki vasitələrlə işləmək”. 






Fikirlər