"Sülhəddin Əkbər bütün agentura sistemilə BAŞDAN AYAGA tanış olmaq istəsəydi..."

Hörmətli Aslan İsmayılovun "Moderator.az" saytında 1993-cü ilin 4 iyun hadisələriylə bağlı gedən müsahibəsi kifayət dərəcədə maraqlı olduğu qədər, ictimaiyyətə indiyədək məlum olmayan faktların açıqlanmasıyla da yadda qalan oldu.

Bir az əvvəl saytda kitabımdan verilən parçalarda həmin tarixi günlərə münasibətimizdə əsasən fikirlərimizin üst-üstə düşdüyünü də müşahidə etdim. Aslan müəllimin AXC hakimiyyəti dövründə bəzi vəzifəli şəxslərin DTK-ya işlədiyi, əməkdaşlıq etdiyi, həmin dövrdə MTN-in birinci müavini işləmiş Sülhəddin Əkbərin həmin adamlar haqqında məlumatlı olduğunu və indiyədək onları ifşa etmədiyinə təəccübü barədə dediklərini də   oxudum.

Ümumiyyətlə, Aslan müəllim agentura şəbəkəsini açmaqla kimin kim olduğunun cəmiyyətə bəlli olmasını istəyir, xüsusilə Milli Azadlıq Hərəkatının liderlərinin DTK ilə əməkdaşlıq etdiyini, DTK-nın adamları olduğunu müsahibəsinin sonunda  xüsusi vurğulamaqla onların ifşasının zəruri olduğunu söyləyir. Bu məsələyə münasibətimi bildirməzdən əvvəl Minsk məktəbində bizə öyrədilən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Müəllimimiz deyirdi ki, əməliyyat yolu vasitəsilə əldə edə bilmədiyiniz məlumatı dəqiqləşdirmək istəyəndə rəsmi qaydada adamı çağırıb söhbət edin. Söhbət zamanı qarşınıza iri bir qovluq qoyun və qovluğun səhifələrini vərəqləyib onun avtobioqrafik məlumatlarını söyləyin. Hər dəfə bir neçə vərəqi çevirdikcə onda elə təsəvvür yaranacaq ki, bütün qovluq onun barəsindədir və uşaqlığından bu günə qədər nə varsa qovluqda toplanıb. Həmin situasiyadan yararlanıb istədiyiniz məlumatı  dəqiqləşdirmək istədiyinizi ondan soruşanda, mütləq danışacaq. NKVD-DTK haqqında romantik təsəvvürlər həmişə olub və bu təsəvvürlər reallığa uyğun olmasa da onun dağılmasına heç vaxt cəhd edilməyib.                                             
MTN-in birinci müavini kimi Sülhəddin Əkbər bütün agentura sistemilə başdan ayağa tanış olmaq istəsəydi, gərək başqa işlə məşğul olmayaydı, çünki zamanı belə çatmazdı. O agentura şəbəkəsində olan, konkret olaraq hansısa şəxslər barəsində məlumat ala bilərdi və bu mümkün idi..Amma bütün şəbəkəni bilmək və ya tam siyahını əldə etmək də  mümkün deyil. Hansısa bir rayonda, kənddə kimin agent olması maraq doğurmur. Sülhəddin bəyin guya hərəkatda olan şəxslərin işlərini itirməsi haqqında deyilənlər də doğru deyil. Nə Sülhəddin Əkbər bunu etməzdi, nə də qanun buna yol vermir. Əgər Aslan müəllimin dediyi kimi Sülhəddin Əkbər və ya hansısa keçmiş kadr ona məlum olan sirləri, o cümlədən agentura şəbəkəsindən bircə nəfərin belə adını  açıqlasa, ifşa etsə qanunla məsuliyyət daşıyar. Ona görə də Sülhəddin Əkbər ona məlum olan heç bir agentin-istər AXC hakimiyyətində vəzifə tutan olsun, istər sıravi olsun - adını açıqlayası deyil. Ümumiyyətlə, bütün əməkdaşlar xidməti fəaliyyətinə son verdikdə iltizam verir ki, xidməti dövrdə ona məlum olan məxfi qrifli sirrləri heç vaxt açıqlamayacaq, əks halda qanunvericiliklə məsuliyyət daşıyır. Agentura şəbəkəsini açmaq fərdin işi deyil, belə bir addımın atılması yalnız dövlət tərəfindən qanun qəbul olduqda mümkün sayıla bilər.                                                                          
Aslan müəllim deyir ki, hərəkatda olan bəziləri bir-birlərini "bax açaram ha" deyə qorxudurlar. Bu mümkün deyil. Cəlbetmə ciddi konsperasiya şəraitində həyata keçirilir və başqa mülki şəxsin iştirakı istisnadı. Bu cür "açaram ha" təhdidlərinin də əsası yoxdu. Xüsusi xidmət orqanı kiminsə agent olub-olmaması barədə arayış - məlumat vermir. Ona görə də belə hədələr, hətta  həqiqət olsa belə, heç vaxt təsdiqini tapmayacaq.                                                           
Sonda qeyd etmək istəyirəm ki, AXC hakimiyyətinin məğlubiyyətinin səbəbi onun hansısa fiqurlarının DTK-ya "işləməsi" deyil. AXC hakimiyyətinin bir illik fəaliyyətini təftiş edib bütün çatışmazlıqları, minusları üzə çıxarsaq DTK-nın bu işdə rolunun heç bir faiz də olmadığını aşkar edərik. Ölkənin rəhbərliyi vardı, MTN kimi vacib strukturu mövcud idi və xarici - daxili təsirləri aradan qaldıra biləcək güc strukturları fəaliyyət göstərirdi. Sadəcə olaraq ölkə rəhbərliyi bu qurumları istiqamətləndirib, qarşısında ciddi vəzifələr, tələb qoya bilmədi, bəlkə də istəmədi. Məğlubiyyətin səbəblərini orda axtarmaq lazımdı".
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, yüksək çinli keçmiş MTN zabiti






Fikirlər