Sülhəddin Əkbər: “İttihamlara reaksiya verməmək nə Samir Şərifovun, nə də Azərbaycan hökumətinin xeyrinə deyil”
Eks sovet kəşfiyyatçısı, hazırda isə ABŞ-ın maliyyə analitiki olan Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifovu “üç qat agent” olmaqda ittiham etməsindən bir aya yaxın vaxt keçir. Bu müddətdə Maliyyə Nazirliyinin mətbuat katibinin bir neçə cümləlik ironik məzmunlu cavabından başqa hələ heç bir ciddi rəsmi reaksiya, təkzib olmayıb. Şvetsin məlum açıqlamasından dərhal sonra ABŞ-a səfərə gedən nazir Samir Şərifov Novruz bayramında Azərbaycana dönüb. Lakin indiyədək barəsində irəli sürülən ağır ittihamla bağlı heç bir fikir bildirməyib.
Baxmayaraq ki, Şvetsin müsahibəsi yayılandan sonra ekspertlər bildirmişdi ki, iddialar əsassızdırsa, maliyyə naziri onu məhkəməyə verməklə bunu sübut etməyə cəhd edə bilər. Lakin hələ bu da baş verməyib.
Maraqlıdır ki, iqtidar mediası da məsələ barədə susur. Hakimiyyət nümayəndələrindən də hələ məsələyə münasibət bildirən olmayıb. Adətən hakimiyyətdə hansısa yüksək post tutan məmur haqqında gündəmi zəbt edəcək səviyyədə neqativ xarakterli iddialar səsləndiriləndə YAP-çı deputatlar və iqtidar KİV-ləri deyilənlərin əsassız olduğunu sübut etmək üçün ard-arda açıqlamalar, bəyanatlar verirlər. Qəribədir ki, Samir Şərifovla bağlı məsələdə bu hala rast gəlinmədi.
Susqunluğun səbəbinin hansı anlamı daşıdığı barədə sualımıza cavabında milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, əsas məsələ odur bu cür ciddi ittihamı sürən şəxs ciddi dəlillər, sübutlar ortaya qoymalıdır. İrəli sürülən ittihamlarda hər hansı dəlil-sübut görünmədi. Bənzər ittihamları o formada istənilən şəxsə qarşı irəli sürmək mümkündür. İttihamda konkretlik yoxdur: “Konkret nə vaxt, harada, hansı xüsusi xidmət orqanı tərəfindən, hansı motivlərlə işə cəlb olunduğu, kod adı, iş nömrəsi və ya bu kimi məsələlər yoxdur. Yəni bu kimi sübutlar olmayınca, şəxsi işi, iş dosyeləri, nömrələri ortada olmadan hər hansı bir şəxsə konkret ittiham irəli sürmək mümkün deyil. Samir Şərifova qarşı irəli sürülən ittiham mənə elə gəlir psixoloji savaşın tərkib hissəsidir. Bunu artıq xüsusi xidmət orqanları araşdırmalıdırlar ki, bunun arxasında kim durur, hansısa dövlətmi, yoxsa hansısa bir qrup dayanır, yoxsa bu, hakimiyyət içindənmi qaynaqlanır. Bu məsələləri araşdırmadan hər hansı bir fikir irəli sürmək, təxminlərlə danışmaq olmaz”.
S.Əkbər sonra qeyd etdi ki, bütün şübhələr aradan qalxsın deyə, ən düzgün yol ilk növbədə həmin ittihamı irəli sürən şəxsin məhkəməyə verilməsidir. Hakimiyyətin bu addımı atmaqdan yayınması ciddi şübhələr yaradır: “Burada susmaq nə Samir Şərifovun, nə də Azərbaycan hökumətinin xeyrinə deyil. Qarşı tərəfin xeyrinədir. Susmaq bir növ irəli sürülmüş ittihamla razılaşmaq deməkdir. Onu da nəzərə almaq lazımdır ki, ittihamı irəli sürən ciddi bir şəxsdir və o, bu ittihamları ABŞ kimi qanunun aliliyinin hökm sürdüyü, müstəqil məhkəmə sisteminin olduğu bir ölkədə irəli sürürsə, deməli, əlində ciddi faktlar var. Onun belə ittihamlar irəli sürməsi, Samir Şərifovun və hökumətin susması daha çox şübhələri bu istiqamətə yönəldir. Susqunluq davam etdikcə, şübhələr getdikcə artacaq”.
Qeyd edək ki, Yuri Şvets müsahibəsində özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə “işləyən” “üçqat agentdən” də bəhs edib və həmin məmurun Azərbaycanın maliyyə naziri Samir Şərifov olduğunu deyib. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Samir Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.
Etibar SEYİDAĞA