NAZİR CAHANGİR HACIYEVİ CİNAYƏTDƏ İTTİHAM ETDİ! – “Təminat olmadan riskli layihələrə imza atıb”
Millət vəkilinin sualına cavab olaraq S. Şərifov deyib ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib: “Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün Fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur”. Samir Şərifovun açıq şəkildə Cahangir Hacıyevi “vurması” maraqlıdır. Bu, bir tərəfdən Cahangir Hacıyevin həbsinə hazırlıq getdiyi barədə məlumatların nə qədər ciddi olduğunu göstərir. Son vaxtlar bu səpgili inormasiyalar daha da intensivləşib. Samir Şərifovun faktiki olaraq, C.Hacıyevi cinayətdə ittiham etməsi belə bir perspektivin real olduğunu düşünməyə əsas verir. Lakin maraqlıdır ki, Cahangir Hacıyevin yol verdiyi qanunsuzluqlarda elə Samir Şərifovun da məsuliyyət payından danışmaq olar. Məsələ ondadır ki, ABB səhmlərinin 51,07%-i dövlət adından çıxış edən Maliyyə Nazirliyinə məxsusdur. Maliyyə nazirinin müavini Azər Bayramov isə Müşahidə Şurasının sədridir. Bu baxımdan bankda baş verənlərdən Samir Şərifovun xəbərsiz olması mümkün deyildi. O isə vaxtında tədbir görmək, Prezidenti məlumatlandırmaq əvəzinə Hacıyevin daha dərin “bataqlığa” düşməsinə şərait yaradıb. NİYƏ? MƏQSƏD NƏ OLUB? Bəzi məlumatlara görə, zamanında Cahangir Hacıyevlə Samir Şərifovun münasibətləri çox pis olub. Hətta deyilənə görə, hələ 2 il əvvəl Cahangir Hacıyevlə Samir Şərifovun münasibətləri açıq qarşıdurma səviyyəsinədək pisləşsə də, maliyyə nazirinin rəqibini məhv etməyə gücü çatmayıb. Yəni C.Hacıyevin vaxtilə “riskli layihələrə” imza atmasından S.Şərifov xəbərsiz ola bilməzdi. Elə isə sual yaranır ki, hörmətli maliyyə naziri vaxtında niyə tədbir görməyib? Gücü çatmayıb, yoxsa C.Hacıyevin dövlətin milyardlarını sağa-sola səpələməsinə qəsdən göz yumub? Yeri gəlmişkən, Cahangir Hacıyev baş nazirlik uğrunda yarışda Samir Şərifovun əsas rəqiblərindən biri olub… Murad MƏMMƏDOV
“Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verənlər ölkə iqtisadiyyatına mənfi təsir edir”.
“APA-Economics”in xəbərinə görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifova sual ünvanlayıb: “Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verib? Halbuki, sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.
AzPolitika.info