“ÜÇQAT AGENT” adlandırılan nazir ətrafında məsələ böyüyür – sensasiyalı gəlişmələr

“Üçqat agent” adlandırılan nazir ətrafında məsələ böyüyür – sensasiyalı gəlişmələr

 Samir Şərifovun hədəfə alınması ilə bağlı düyünlər açılır; İttihamlarda “Rusiya izi” açıq görünür; Lavrovun da hədəf olması iz azdırır; Maliyyə Nazirliyindən açıqlama gəldi: “Bəs Mossad?”...; haqqında kompromatlar yayılan nazir isə ABŞ-a yollandı – iqtidar daxilindəki güc mərkəzləri Rasi-zadənin... 

 

 
 
Eks-sovet kəşfiyyatçısı, hazırda Amerikada maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Azərbaycanın iki hökumət üzvü, xüsusilə də maliyyə naziri Samir Şərifovla bağlı dedikləri ölkə gündəmini silkələyib. Ukraynanın “Qordon” nəşrinə geniş müsahibəsində Putinin tələbə yoldaşının Şərifovu açıq şəkildə üçqat agent olmaqda ittiham etməsi, gözlənildiyi kimi, geniş müzakirələrə yol açıb.
 
Ekspertlərin Şvetsin iddialarına münasibətləri birmənalı deyil. Əksəriyyət bu müsahibənin Azərbaycanda çoxdandır gözlənilən baş nazir postu ilə bağlı ortaya çıxdığı qənaətindədir. Məhz bu səbəbdən müsahibənin indiyə təsadüf etməsində rus hakim dairələrinin əlaqələrinin olduğu iddia edilir. Yəni hər vəchlə Rusiya tərəfinin Şərifovu baş nazir postunda görmək istəmədiyi qeyd olunur. 
Sual doğuran məsələlərdən biri də Şvetslə bağlıdır. Onun Amerikada çalışdığı məlumdur. Ekspertlər izi azdırmaq üçün Rusiyanın bu şəxsi ələ aldığını, ondan istifadə etdiyini, onun dili ilə hətta xarici işlər naziri Sergey Lavrovu da hədəf nöqtəsinə çıxardığını iddia edirlər. Amma görünən odur ki, əksəriyyət Azərbaycanda olası baş nazir dəyişikliyi ehtimalının üzərində daha çox dayanır. 
Mövzunu şərh edən sabiq DTK zabiti İlham İsmayıl iri dövlətlərin ölkəmizdə baş nazirin kim olması ilə bağlı mübarizəyə başladıqlarını bildirib: “Amerika və Türkiyə mətbuat vasitəsilə heç vaxt belə addım atmaz. Ortalıqda Rusiyaya sərf edən adamın gəlməsi faktı var. Mümkündür ki, indiki vəziyyətdə Şərifova qarşı kontur-material kimi bu addım atılıb. İnformasiya artıq yayıldı və baş nazirlik uğrunda savaşa kənar dövlətlərin də qatıldığı göründü... İndiki ərəfədə bu məsələnin gündəmə gətirilməsi bəzi şübhələrə yol açır... Ona görə baş verənlərə ”ay aman, Samir Şərifov agentdir" deyə ajiotajlı yanaşma yox, ayıq yanaşma lazımdır".
1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin 1-ci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbər də düşünür ki, Yuri Şvetsin müsahibəsində bir neçə yerdə baş nazirlik uğrunda savaşın getməsi barədə fikirlər səslənib və buna adi yanaşmaq olmaz. 
 
Müsahibədə səslənən “1992-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə gizli şəkildə xəbər verib ki, amerikalılar Azərbaycanın Beynəlxalq Valyuta Fonduna üzvlüyü ilə bağlı danışıqlarda Şərifovun da iştirakında israrlıdır” fikirlərinə gəldikdə, S.Əkbər deyir ki, o, bu barədə məlumatlı olmayıb: “Bu hadisənin 1992-ci ilin hansı ayında olmasını dəqiqləşdirmək lazımdır. Məncə, bu, AXC hakimiyyətə gəlməzdən əvvəl olub. Çünki bizim vaxtımızda Rusiya dövləti və xüsusi xidmət orqanları ilə münasibətlər bəlli idi. 
Müsahibədə tarixi rəqəmlərlə bağlı bəzi qeyri-dəqiqliklər var, amma 1990-cı illərin əvvəlləri ilə bağlı deyilənlərin AXC hakimiyyətinə aidiyyəti yoxdur. Azərbaycanda baş nazir məsələsi gündəmdədir, geopolitik tərəflərin maraqları toqquşduğundan bir-birinə açıq zərbələr vururlar. Müsahibədə Şərifovun baş nazirlik postuna gətiriləcəyi ehtimalı iki dəfə qeyd edilib”.
 
Politoloq Ərəstun Oruclu isə hesab edir ki, keçmiş sovet casusu indi rus casusu da ola bilər: “Şvetsin Samir Şərifov və Xələf Xələfovla bağlı dedikləri konkret Rusiyanın sifarişidir. Rusiya açıq və kobud şəkildə daxili siyasətimizə müdaxilə etmək istəyir. Bunu edir də. Bu məlumatın yayılmasına təkan verir. Şvetsi çox şişirdirlər, o, çox uğursuz kəşfiyyatçı olub. Uğurlu kəşfiyyatçı başqa ölkənin kəşfiyyatına satılmazdı. O, konkret olaraq Amerikada işləyib. Öz ölkəsinin kəşfiyyatını yazdığı kitabda ifşa edib. Onun birdən-birə bu səviyyəyə düşməsi, ona dəxli olmayan, kiçik bir ölkənin bir maliyyə naziri haqqında bu cür iddialar səsləndirməsi sifariş yerinə yetirdiyinin göstəricisidir. Müsahibədəki faktlar onu sübut edir ki, məlumatlar Rusiyadan ötürülüb. Oradakı iddiaların doğruluğuna isə şübhə edirəm.
Azərbaycanın maliyyə naziri Samir Şərifov olmasın, digərləri olsun, heç vaxt belə çirkli oyunlara girməzlər... Rusiya hiss edib ki - bəlkə də yanlış təsəvvürdür - Samir Şərifov baş nazir ola bilər. Ona görə də müdaxilə edir. Demək istəyirlər, ”Azərbaycanda oyunlar bizim şərtlər daxilində gedəcək". Müsahibənin mahiyyəti budur. Şvetsin dediklərinin əksəriyyəti primitiv iddialardır. Məsələn, Şərifovun gəncliy ilə bağlı iddialardakı məkan - Cənubi Yəmən faktiki olaraq, SSRİ-nin ərəb dünyasında hərbi bazası olub. Orada oyuncaq hökumət mövcud idi. Tam olaraq SSRİ-nin nəzarətində idi. Təsəvvür edin ki, sovet agenti orada Türkiyə ilə əməkdaşlığa cəlb olunub? Bundan absurd şey düşünmək olmaz. Belə müdaxilələrin qarşısı dərhal alınardı. Lavrovun haqqında Şvetsin dedikləri diqqəti yayındırmaq üçündür. Bununla özünü obyektiv göstərmək istəyir. Burada hədəfdə təkcə Şərifov deyil, həm də Xələf Xələfovdur. Xələfov kifayət qədər səviyyəli, ölkəsinə bağlı diplomatdır. Belə xəbərləri ciddi qəbul etmək, bunun ictimai rəyə təsirinə imkan vermək Rusiyanın əlinə oynamaqdır. Azərbaycan cəmiyyətinə təsir etmək, ictimai rəyi çaşdırmaq, xalqa xidmət edən məmurları, müxalifətçiləri, tanınmış simaları gözdən salma kampaniyasi Eldar Mahmudov həbs olunana qədər davam edəcək. Bütün bu məlumatlar onların vaxtilə Rusiyaya ötürdükləri informasiyaların əsasında hazırlanır. Sonda isə ölkəmizə qarşı istifadə olunur. Əmin edirəm ki, Eldar Mahmudov həbs olunsa, bütün bunlar baş verməyəcək".
Ölkə müxalifətinin təmsilçilərinin də məsələyə münasibətini öyrəndik. Ümid Partiyasının sədri İqbal Ağazadə hakimiyyətin mövqeyini gözlədiklərini qeyd etdi: “İqtidar mövqeyini bildirməyənədək dediklərimizin hamısı öz düşüncələrimiz olacaq. Çünki məlumatın və oradakı iddiaların nə qədər doğru olub-olmamasını bilə bilmərik. Yalnız hakimiyyətin mövqeyindən sonra təhlil və düşüncələrimizi ortaya qoyacağıq. Hökumətin yuxarı postlarında əyləşənlər, Samir Şərifovun özü məsələyə münasibət bildirməlidir. Ya təkzib, ya da təsdiq etməlidirlər. Təbii ki, bu barədə gəldiyimiz qənaətlər var. Amma rəsmi mövqe olmadan şərh etmək doğru olmazdı. Azərbaycan müxalifəti və mətbuatının əsas vəzifəsi bu məsələyə münasibət bildirmək deyil, hakimiyyətdən mövqe öyrənməkdir”.
 
Qeyd edək ki, Maliyyə Nazirliyi Şvetsin iddialarına münasibət bildirib. Qurumun mətbuat katibi Mais Piriyev APA-ya açıqlamasında bunları deyib: “Ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyilik. Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”
Maraqlısı həm də odur ki, Samir Şərifov barəsində yayılan kompromatların ardından  - martın 10-da ABŞ-a səfər edib. Nazirliyin mətbuat xidmətinin səfərlə bağlı yaydığı məlumatlardan aydın olur ki, Şərifovun rəhbərlik etdiyi Cənub Qaz Dəhlizi Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.
Redaksiyanın əlavəsi: Bu skandalda iki mühüm amilin rol aldığı danılmazdır. Bunun biri daxili amildir. Belə görünür, iqtidardaxili güc mərkəzlərində ölkənin ən mühüm dövlət vəzifələrindən birinin - baş nazirin dəyişəcəyi məlumatı var. Son aylarda bu posta iddia edən və edə biləcək hər kəs bir-birini vurur. Bəzi müxalifətçilərin də iddia etdiyi kimi, “içəridə amansız döyüş gedir”... Bu “döyüşün” qalibi heç şübhəsiz, sonda prezident Əliyev olacaq; lakin onun nəzərindəki əsas adam da Şvetsin ictimailəşdirdiyi “qara piar” sayəsində bəlli oldu... 
 
 
Skandalı törədən ikinci amilsə geopolitik amildir. Regiondakı “böyük oyunçular” çalışır ki, Azərbaycan kimi mühüm dövlətin ikinci postuna özünə yaxın adam gətirilsin. Azərbaycanın çox yaşlı baş naziri var və o, çalışma limitini bitirməkdədir. Təbii ki, bu il olmasa da, 2018-ci ilə qədər Azərbaycanda baş naziri dəyişmək zərurəti var. Samir Şərifov Qərb paytaxtlarının bu iqtidarda simpatiya bəslədiyi əsas fiqurdur. Onu sıradan çıxarmaq Rusiya və onun çevrəsindəki geopolitik güclər üçün mühümdür. Əks halda, post əldən gedəcək!
Prezident İlham Əliyevin baş naziri bu müddətdə niyə dəyişməməsinin arxasındakı sirr pərdəsi isə bir daha açılır. Artur müəllimin bu postda saxlanması ən müdrik qərar imiş...
 
Ciddi ekspertlərin qənaətincə, Şvetsə, Amerikada yaşamasına baxmayaraq, məlumat, heç şübhəsiz, Rusiya tərəfindən ötürülüb.  Məlumatın məhz Amerikaya sığınan rus kəşfiyyatçısının əli ilə ictimailəşdirilməsi isə xüsusi texnologiyadır. Təbii ki, bunu etməyin müxtəlif yolları var; para üçün vətənini satan Şvetsə pul da verə bilərlər, ya da özünün inandığı bir mənbə vasitəsilə məlumatların ötürülməsi də mümkündür... 
 
Şvetsin iddiaları həm də Rusiyanın xarici işlər naziri Lavrova qarşıdır. Bir çox ekspertləri, məsələyə səthi yanaşan obıvatelləri də çaşdıran bu detaldır. Lakin məsələdən xəbəri olanlar bilir ki, Rusiya prezidenti Putin öz naziri Lavrova qəzəblidir. Çünki o, bir neçə ay bundan öncə istefa ərizəsini prezidentə təqdim edib, ölkə və Putin üçün ən kritik məqamda “Gəmi”ni tərk etmək təşəbbüsü göstərib. Lakin prezident onu buraxmayıb; indi isə bu cür kiçildir və anlatmağa çalışır ki, "Gəmi" tərk edilərsə, onu açıq dənizlər, rahat limanlar gözləmir...
Şvetsin iddialarında Rusiya izinin başqa bariz nümunəsi isə Şərifovla bağlı “verbovka” iddialarında anti-Türkiyə aksentinin xüsusi olmasıdır...
İstənilən halda, bunu kimin, hansı paytaxtın etməsindən asılı olmayaraq, ortaya bir gerçəklik çıxır. Böyük güclər Azərbaycanı qarışdırmağa başlayıblar. 
Ona görə də diqqətli olmaqda fayda var.

AzerTaym.az






Fikirlər