“Azərsu”nun məsul əməkdaşı öldürüldü - Kafedə
Ağdaş rayonunda qətl hadisəsi törədilib. “AzerTaym.az”-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.
Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayevin kafedə birgə yeyib-içdiyi dostu ilə aralarında insident baş verib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.